Onlayn ictimai-siyasi qəzet
Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu ölkəsinin Naxçıvan Muxtar Respublikası ilə birbaşa əlaqə yaradacaq strateji dəmir yolu layihəsi üçün 2,4 milyard avro məbləğində xarici maliyyə cəlb etdiyini açıqlayıb.
Nazirin sözlərinə görə, bu maliyyə Qars-İğdır-Aralıq-Dilucu dəmir yolu xəttinin inşasını da əhatə edir. Layihənin reallaşması ilə Şərqi Anadolu bölgəsi birbaşa Asiya ilə dəmir yolu vasitəsilə bağlanacaq və bu xətt eyni zamanda Türkiyə ilə Naxçıvanı birləşdirəcək.
Qeyd olunur ki, bu dəmir yolu xətti Zəngəzur dəhlizi ilə paralel və ya tamamlayıcı rol oynayacaq, Azərbaycanın qərb rayonları ilə Türkiyə arasında alternativ quru və dəmir yolu bağlantısı yaradacaq. Layihə həm logistika, həm də geosiyasi inteqrasiya baxımından mühüm əhəmiyyət daşıyır.
Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali Kiprdən qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında Zəngəzur dəhlizinin açılmasının ticarəti canlandıracağını və bu məsələnin konsensus yolu ilə həll edilə biləcəyini bildirib. O qeyd edib ki, Zəngəzur dəhlizi, təkcə Azərbaycan, Ermənistan və Türkiyəyə deyil, bölgədəki digər ölkələrə də fayda verəcək: “Biz bu yola geoiqtisadi ölçülərinə görə həlledici məsələ kimi baxırıq. Bu dəhliz bölgəmizin regiondan kənarındakı əraziləri də birləşdirəcək və ticarəti canlandıracaq. Bizim əsas gözləntimiz ondan ibarətdir ki, bu yol münaqişə mənbəyinə deyil, konsensusun simvoluna çevrilsin. İnanıram ki, biz region ölkələri olaraq konsensus yolu ilə bu məsələni həll edə bilərik. Azərbaycan Prezidenti İlham Əliyev Zəngəzura böyük önəm verir. O, dəhlizin tez zamanda istifadəyə verilməsinə çalışır. Onun həm Azərbaycan, həm də region üçün istifadə edilməsini istəyir. İnanıram ki, biz bu məsələni birlikdə həll edəcəyik”.
Yeri gəlmişkən, bu günlərdə İspaniyanın “Periodista Digital” portalı mənbələrə istinad edərək bildirmişdi ki, Ermənistan Zəngəzur dəhlizinin yaradılması ilə bağlı ABŞ-ın təklifini qəbul edib. İddiaya görə, Ermənistan ərazisindən keçəcək Zəngəzur dəhlizinin 42 kilometrlik hissəsini ABŞ-ın özəl şirkəti idarə edəcək. Rəsmi İrəvan isə belə bir memorandumla bağlı razılaşmanın olmadığını bildirərək, yayılmış məlumatı təkzib edib. Hökumət həmçinin bu xəbəri “manipulyativ təbliğatın təzahürü” adlandırıb.
Xalid Kərimli
Mövzunu iqtisadçı Xalid Kərimli ilə davam etdirdik. O, “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Zəngəzur dəhlizi layihəsinin işə düşməsinə az qalıb: “Azərbaycan 2020-ci ildən etibarən dəmir yolu xəttinin çəkilişinə başladı. Müəyyən qədər riskli olsa da, Zəngilan və Naxçıvana dəmir yolu xətti bərpa edilir. SSRİ dövründə Naxçıvanla Türkiyəni birləşdirən dəmir yolu xətti olmayıb. Sonrakı dövrdə, Ermənistanın Azərbaycanın Qarabağ bölgəsini işğal etməsi nəticəsində məsələ geri plana atıldı. İndi isə ideya yenidən aktuallaşıb. Zəngəzur dəhlizi təkcə Naxçıvan üçün yox, bütün Mərkəzi Asiya, hətta Çin üçün əhəmiyyətlidir. Bu dəhlizin işə düşməsi bir çox dövlət üçün strateji cəhətdən əlverişlidir.
İstənilən halda dəmir yolu xəttinin Naxçıvanla birləşdirilməsi Naxçıvandan yükdaşımaların alternativ elementini formalaşdıracaq. Digər tərəfdən, İranla razılaşdırılmış Araz dəhlizi var. Hesab edirəm ki, layihənin bölgə üçün xüsusi təhlükəsizlik zəmanəti təmin etməsi barədə danışmaq hələ tezdir. Proses gərgin mərhələdədir. Dövlətlər hər hansı formada dəhlizin statusu barədə razılığa gəlsələr belə, bunun xüsusi zəmanət yaradacağı qənaətində deyiləm. Sözsüz ki, layihə Azərbaycan iqtisadiyyatı üçün önəm kəsb edir. O cümlədən Naxçıvanın blokadadan çıxması, Azərbaycan-Türkiyə ticarət əlaqələri, eyni zamanda Türkiyə-Mərkəzi Asiya əlaqələri üçün də dəhlizin işə düşməsi vacibdir.
Dəhlizin üç elementi var idi: enerji, quru yol və dəmir yolu. Görünən odur ki, dövlətlər dəmir yolu xətti ilə bağlı konsensusa yaxınlaşırlar. Digər iki elementlə bağlı hələ ki dəqiq məlumat yoxdur. Yəqin ki, bu, kompleks yanaşma ilə bağlıdır. Türkiyənin Naxçıvan Muxtar Respublikası ilə birbaşa əlaqə yaradacaq strateji dəmir yolu layihəsi üçün 2,4 milyard avro məbləğində xarici maliyyə cəlb etməsi prosesə ciddi şəkildə qoşulduğu göstərir. Bu da Türkiyənin layihənin reallaşacağına dair inamının göstəricidir. Düşünürəm ki, Zəngəzur dəhlizi ilə bağlı müqavilələr imzalandıqdan sonra bölgədə təhlükəsizliyə yaşıl işıq yandırılmış olacaq".
Xatırladaq ki, Ermənistan baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan bir neçə gün öncəki açıqlamasında bildirib ki, Azərbaycanla razılaşma əldə edildiyi təqdirdə Ermənistan Sünik vilayətində (Qərbi Zəngəzur) 42 km uzunluğunda dəmir yolunun tikintisinə başlamağa hazırdır. Sitat: “Azərbaycanla razılaşma olmadan bu dəmir yolu Ermənistanda daxili yük daşımaları üçün belə istifadə edilə bilməz. Bu səbəbdən Azərbaycanla razılaşma əldə edilən kimi dəmir yolunun tikintisinə başlanacaq. Ermənistan qonşuları ilə bütün nəqliyyat yollarının açılmasında maraqlıdır”.
Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”
30 Iyul 2025
29 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ