İnsanlara hürriyət, millətlərə istiqlal!

Naxçıvan blokadadan çıxarılır: təhlükəsizlik kəməri, Ankaradan edilən Zəngəzur çağırışı və…

Dünən, martın 5-də Azərbaycan və Türkiyə liderləri növbəti tarixi hadisəni rəsmiləşdirdilər: Ankarada, İğdır-Naxçıvan qaz kəmərinin videobağlantı formatında açılış mərasimi keçirildi. Bu, sıradan bir iqtisadi proje deyil, iki dövlət, bir millətin birliyini, qardaşlığını, ortaqlığını, istisini, hərarətini paylaşmasını simvolizə edən, çox böyük əməyin, çalışmaların məntiqi nəticəsi olaraq ərsəyə gətirilən işdir. Naxçıvanımızın yarım milyonluq cəfakeş əhalisinə, hər iki qardaş ölkəyə xeyirli-uğurlu olsun!

Bəli, bir qərinə - 33 il boyunca Naxçıvan bölgəsinin əhalisi çox böyük əziyyətlər çəkdi, Ermənistanın işğalçı siyasəti nəticəsində. Bu illərdə Azərbaycanın bütün bölgəsinin əhalisi kimi, naxçıvanlılar da həm Qarabağ, Şərqi Zəngəzur uğrunda silaha sarıldılar, çoxsaylı şəhidlər verdilər, həm də Naxçıvan Muxtar Respublikasının ilhaqına qarşı dirəniş göstərdilər. Ermənistan Qarabağla kifayətlənmək niyyətində deyildi, alçaq düşmən zənn edirdi ki, ən çətini Qarabağdır, Naxçıvan onun “ovcunun içində”dir və istənilən vaxt blokadada saxladığı bölgəni işğal edə biləcək. Bununla da ötən əsrin 20-ci illərində zəbt etdikləri Turan yolunun mühüm həlqəsinin ardınca, Türkiyə ilə bağlantımızın daha uzun məsafəsini nəzarət altına alacaqlarını, Turan dünyasının varlığına əbədilik zərbə vuracaqlarını zənn edirdilər. Ağızları yandı, həm Qarabağda, həm də Naxçıvanda. Anlamadılar ki, Naxçıvanın arxasında QARS MÜQAVİLƏSİ var, Türkiyə var, Azərbaycan var və cənab İlham Əliyevin də Ankarada dediyi kimi, Heydər Əliyev var! 90-cı illərin o ağır günlərində Naxçıvanı xilas etmək doğrudan da möcüzə idi, amma bunu bacarmaq mümkün oldu. Tam səmimi düşüncəm bundan ibarətdir ki, əgər 90-cı illərin əvvəllərindən böyük dövlət adamı Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının deyil, Azərbaycanın başında olsaydı, ölkəmizə rəhbərlik etsəydi və çox yox, 3 il əvvəl Bakıya, hakimiyyətə dəvət olunsaydı, torpaqlarımız işğal edilməzdi…Bunlar keçdi və şükür, budur, bir qərinə əziyyətlərə qatlaşan Naxçıvan bölgəmizə təqribən bir qərinəlik qaz nəqlini təmir edəcək addım atıldı. Özü də Azərbaycanla Türkiyə arasında diplomatik əlaqələrin bərpasının 33-cü ildönümündə. 1991-ci ilin noyabrın 9-da rəsmi Ankaranın Azərbaycanın müstəqilliyini tanımasından bir neçə ay sonra - 1992-ci il yanvarın 14-də iki qardaş ölkə arasında təqribən 70 il qırılmış diplomatic əlaqələr yenidən bərpa edildi. Avqust ayında Azərbaycanın Türkiyədə səfirliyi açıldı. 1993-cü ilin yanvar ayında isə İstanbul şəhərində, 2004-cü ilin aprelində isə Qars şəhərində Azərbaycanın Baş konsulluqları təsis edildi. Paralel olaraq Türkiyənin Azərbayan paytaxtında səfirliyi, Naxçıvan və Gəncə şəhərlərində Baş Konsulluqları fəaliyyətə başladı. Həmin təməllər nəticəsində, yürüdülən düzgün strateiya sayəsində regionumuzun güc mərkəzləri olaraq Türkiyə və Azərbaycan proseslərdə söz sahiblərinə çevriliblər. Ermənistanın tarixi ərazilərimizi işğal altında saxladığı dövrdə Türkiyə Azərbaycanın ədalətli mövqeyini hər zaman müdafiə edib, 44 günlük Vətən müharibəsi zamanı Azərbaycana qətiyyətli siyasi, hərbi və mənəvi dəstək verib. Türkiyədə baş verən dəhşətli zəlzələ zamanı da ilk haraya yetişən qardaş Azərbaycan oldu, bunu Türkiyə lideri də böyük sayğı ilə dilə gətirdi.

1741234447_17411896222555559478_1200x630.jpg (522 KB)

Bütün bu, tarixin sınaqlarından şərəflə çıxmış əlaqləri xatırladarkən, sevincdə də, kədərdə də ortaq olan qardaşların əməkdaşlığının dərinləşməsini məmnunluqla qeyd edirik. Bu mənada, İğdır-Naxçıvan qaz kəmərinin açılış mərasimindən öncə Ankaradan verilən mesajların çox mühüm tarixi əhəmiyyəti var. Prezident İlham Əliyev də İğdır-Naxçıvan qaz xəttinin açılışını Türkiyə-Azərbaycan dostluq, qardaşlıq tarixində önəmli bir gün olaraq dəyərləndirdi. İl yarım öncə təməli qoyulan qaz xəttinin açılışına həsr edilmiş mərasimdə tarixi həqiqətlərin bir daha xatırlanması, Azərbaycanın dövlət başçısı tərəfindən bəyan edilməsi, zənnimcə, kəmər layihəsinin reallaşması qədər böyük əhəmiyyətə malikdir. İğdırdan çəkilən qaz kəməri Naxçıvanın təhlükəsizliyi üçün daha bir zəmanət sayıla bilər. Eyni zamanda Ankaradan bütün dünyaya duyurulan həqiqətlərin tarixi əhəmiyyəti var. “Naxçıvan qədim Azərbaycan torpağıdır. Ancaq artıq bir əsrdən çoxdur ki, Azərbaycanın əsas hissəsindən ayrılıb”, deyən dövlət başçımız 105 il öncənin həqiqətlərinə işıq saldı və düşmənlərimizin yuxusuna növbəti dəfə haram qatdı. Cənab İlham Əliyev zəruri xatırlatması ilə Naxçıvanın Azərbaycanın əsas hissəsinin ayrılmasının sadə məsələ olmadığını belə izah etdi: “Bunun səbəbi ondan ibarətdir ki, Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ildə süqut edəndən beş ay sonra sovet hakimiyyəti Qərbi Zəngəzuru Azərbaycandan ayırıb Ermənistana birləşdirdi və beləliklə, Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz hissəsi olan Naxçıvanla quru bağlantısı pozulub”. Təsadüfən deyilmədi, xatırlatma edilmədi heç şübhəsiz. İlham Əliyev heç zaman heç nəyi təsadüfən demir, bunu 44 günlük müharibədən sonra artıq düşmən də etiraf edir.

WhatsApp Image 2025-03-06 at 13.37.45.jpeg (37 KB)

Bu, həm də Ermənistana xəbərdarlıqdır ki, “sülh kəsişməsi” adlı xəyali, “2 qəpiyə dəyməyən” iddialarla vaxtımızı alma, Zəngəzur dəhlizindən sərbəst gediş-gəlişə əlaqəni təmin et, yarım milyon insanın blokadasına son qoy, Türkiyə ilə Azərbaycan arasında tarixi quru yolu təmin elə, yoxsa pis olar! Ankaradan edilən çağırışa da ciddi yanaşılmasa… Vaxt var idi Azərbaycan rəhbərliyi bu kimi önəmli, tarixi günlərdə, görüşlərdə, mərasimlərdə Qarabağla bağlı xəbərdarlıqlar edirdi, düşmən və havadarları özlərini karlığa vururdular…Nəticəsi hər kəsə bəllidir. Qərbi Zəngəzura azərbaycanlı əhalinin, bu yerlərin sakinlərinin qayıtması Azərbaycan və Ermənstan arasında sülhün təmin olunması üçün təminat ola bilər. Bu, həm də Zəngəzur dəhlizinin sülh və əməkdaşlıq dəhlizi olaraq işə düşməsini şərtləndirmək üçün vacib razılaşma kimi tarixə düşər.

Naxçıvana qarşə ədalətsizlik sıradan məsələ deyil. Dünya Qarabağ həqiqətlərinə kor olduğu kimi, Naxçıvanın son 33 il ərzində blokada vəziyyətində qalmasına, həmçinin 1920-ci ilin dekabrından Naxçıvanla quru əlaqəmizin kəsilməsinə səbəb olan qərarın zorla qəbul edilməsinə də biganədir. 1920-ci ilin yanvarında Paris Sülh Konfransında 114 min kv.km-lik Azərbaycan Xalq Cümhuryyətinin müstəqilliyi de-fakto tanınsa da, cəmi 3 ay yarım sonra Rusiyanın dövlətimizi işğalına, daha sonra isə Qərbi Zəngəzurun zəbt olunmasına reaksiya verilmədi. Azərbaycana qarşı o zaman edilən haqsızlıqlara beynəlxalq səviyyədə ciddi reaksiyalar verilsə, bu gün Ukrayna ərazisi də hərraca çıxarılmazdı, qonşunun torpağında gözü olan hər kəs öz yerini bilərdi…

d1ae04ebc3b43490a781b0da2e3f68bb (1).jpg (232 KB)

Prezident İlham Əliyev haqlı olaraq vurğuladı ki, bir əsrdən çox davam edən bu ədalətsizlik Naxçıvanda yaşayan bizim soydaşlarımızın həyatına çox mənfi təsir göstərib. “Xüsusilə Birinci Qarabağ savaşı başlayan kimi Ermənistan Qarabağı işğal etdi və eyni zamanda, Naxçıvanı blokadaya aldı. Onların planları Naxçıvanı da işğal etmək idi. Ancaq o zaman mənim atam Heydər Əliyev Naxçıvanın rəhbəri kimi buna imkan vermədi və Naxçıvanı qorumaq üçün bütün naxçıvanlılar səfərbər oldular, öz doğma torpaqlarını qorudular və işğalçını yerində oturtdular”, dövlətimizin başçısı xatırlatma etdi. Azərbaycan Prezidenti məmnuniyyətlə vurğuladı ki, Naxçıvanın 90-cı illərdə işğal altına düşməməsinin səbəblərindən biri də həmin illərdə Naxçıvanı Türkiyə ilə birləşdirən “Ümid” körpüsünün inşa edilməsi idi. Həmçinin Türkiyədən gələn yardımların Naxçıvanın qorunmasına çox önəmli töhfə verib. Bəli, 1992-ci il may ayının 28-də (!) “Ümid” korpüsünün açılışının yüksək səviyyədə keçirilməsi, Araz çayı üzərində uzunluğu 286 metr olan körpünün tikilməsi Naxçıvanın xilasında çox böyük tarixi hadisə oldu. Bu yerdə, bolşevik Rusiyasının işğalından sonra böyük Mustafa Kamal Atatürkün sayəsində Naxçıvan bölgəsi ilə Türkiyənin birbaşa rabitəsini təmin edəcək ərazinin alınmasını da xatırladaraq bu, tarixi hadisəyə imza atmış böyük kişiləri rəhmətlə anırıq. Dilucu keçid məntəqəsindən Naxçıvana keçid olmasaydı, bu halda durum necə olardı, təsəvvür etmək belə, adamı qorxudur…Nə gözəl ki, bizi bizdən ayırmaq istəyənlərin arzuları gözlərində qaldı. Dövlət başçımızın dediyi kimi, bu gün Türkiyə və Azərbaycan - iki qardaş ölkə nəhəng layihələr reallaşdırır. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP kimi neft-qaz boru xətləri layihələri nəinki ölkələrimizi birləşdirdi, eyni zamanda, Avrasiyanın enerji xəritəsini dəyişdirdi. Bu gün Azərbaycandan Türkiyə ərazisindən gedən qaz bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edir. Keçən il Azərbaycanın qaz ixracatı 25 milyard kubmetrə çatıb. Onun təxminən yarısı Türkiyəyə olan ixracatdır və Türkiyədən başqa da 11 ölkə, onlardan 10 Avropa ölkəsi Azərbaycan qazını alaraq öz enerji təhlükəsizliyini gücləndirir.

Və...Ən nəhayət, 5 mart 2025-ci ildə açılışı həyata keçirilən qaz kəməri layihəsi Naxçıvanın enerji təhlükəsizliyini təmin edəcək. Çünki Azərbaycandan gələn qaz Türkiyə ərazisindən svop şəklində Naxçıvana ötürülərək, artıq Naxçıvanı da bu problemdən xilas etmiş olacaq. Davamı da olacaq, bu barədə Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan müjdə çıxışını etdi: “Naxçıvanla enerji sahəsində bağlarımızın güclənməsi ilə əlaqələrimiz daha da intensivləşəcək”.

1741205493_1-copy.jpg (53 KB)

Bizim birgə həyata keçirdiyimiz enerji layihələrimiz, eyni zamanda, nəqliyyat layihələrinin reallaşmasına da imkan verdi. Bu gün Türkiyəni Azərbaycanla birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu çox gözəl üstünlüklər təmin edir, həm ölkələrimiz üçün, həm daha geniş coğrafiya üçün. Xüsusilə Türk dünyasını birləşdirmək üçün bu nəqliyyat bağlantısının çox böyük mənası, çox böyük faydası var və təbii olaraq, Türkiyə ilə Azərbaycan arasındakı birlik, qardaşlıq bütün Türk dünyasına böyük bir töhfədir. Türk dünyasının birləşməsi yolunda əziz Qardaşım, hörmətli Cümhurbaşqanının çox böyük rolu var. Onun liderliyi ilə həm Türkiyədə böyük uğurlar əldə edildi, həm Türk dünyasının daha da sıx birləşməsi üçün yeni imkanlar yarandı. Azərbaycan da hər zaman Türk dünyasının birləşməsinə çox böyük önəm verirdi və öz tərəfindən bu birliyi təmin etmək, bunu əbədi etmək və ortaq maraqlar və ortaq tarix üzərində əlaqələri qurmaq üçün səylərini əsirgəmirdi. Dövlət başçımızın dediyi kimi, İğdır – Naxçıvan qaz kəmərinin reallaşması bir daha Türkiyə-Azərbaycan birliyini, dostluğunu, qardaşlığını göstərir, onun əyani təzahürüdür. Hamılıqla əminik ki, Naxçıvanda yaşayan 500 minə yaxın soydaşımız bu gün gözəl Ramazan ayında bu mərasimi də bayram kimi qeyd edəcək.

Türkiyə lideri məmnunluqla bəyan etdi ki, İğdır-Naxçıvan təbii qaz boru kəməri enerji sahəsində daha əvvəlki strateji təşəbbüslərimizi tamamlayacaq, həmçinin Naxçıvan ilə ortaq taleyimizin bir nişanəsi olacaq. Prezident Ərdoğan deyib ki, BOTAŞ tərəfindən inşa edilən 80 kilometr uzunluğunda, gündəlik 2 milyon kubmetrə qədər nəqletmə qabiliyyətinə malik bu kəmər xüsusilə Naxçıvanın təbii qaz ehtiyacının hamısını ən azı 30 il müddətində təmin edəcək. “Beləliklə, Naxçıvanın enerji təhlükəsizliyini uzun illər təmin edəcək bir layihəni qardaşımla birlikdə ölkələrimizə qazandırmış oluruq”, cənab Ərdoğan bildirib.

WhatsApp Image 2025-03-06 at 13.38.56.jpeg (158 KB)

Bu tarixi mərasimdə bir daha bəyan olundu ki, Türkiyə və Azərbaycan sülhün, sabitliyin, rifahın tərəfindədir. Türkiyə Prezidenti qeyd etdi ki, bölgəmizdə ancaq sülh istəyirik, əməkdaşlıq istəyirik, hamımızın birlikdə inkişaf etməsini istəyirik: “Bu məqsədlə indiyədək bir sıra addımlar atdıq, səmimiyyətimizi göstərdik. İnşallah, bundan sonra regional sülh, rifah və əmin-amanlıqla bağlı hər cür layihəni birlikdə həyata keçirməkdə qətiyyətliyik”.

Bu, islah olunmaq istəməyən, düzəni pozmağa, vaxt qazanıb, yenidən revanşa can atmağa hazırlaşanlara ismarıcdır. Azərbaycan Prezidentinin “Bizim başqa ailəmiz yoxdur, ailəmiz Türk dünyasıdır”, sözləri növbəti dəfə təsdiqini tapdı. Bir çox hallarda ədalətsizliklərin at oynatdığı müasir dünyada və geosiyasi reallıqlar şəraitində Azərbaycan-Türkiyə qardaşlığının və müttəfiqliyinin əhəmiyyəti olduqca böyükdür. Min illərdir davam edən bu qardaşlıq münaisbətləri 20-ci və 21-ci əsrlərdə Qars Müqaviləsi və Şuşa Bəyannaməsi ilə daha da möhkəmələnib. Mavi axına yol açan İğdır-Naxçıvan kəməri də təhlükəsizlik məsələlərində və əməkdaşlığın dərinləşməsində mühüm həlqə olacaq. Qaz xətti Naxçıvanın blokadadan çıxarılması üçün ilkin addımlardandır. Böyük Ailəmizin növbəti xoş günü mübarək olsun! Gün gələcək “Bir müllət, iki dövlət”in liderlərinin iştirakı ilə açılışı gerçəkləşdirilən Zəngəzur dəhlizindən üzü İğdıra və Azərbaycana sarı yol alacağıq. Daha böyük hədəflərə doğru, inşallah! Tanrı Türkü və dostlarını qorusun!

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Mart 2025

BÜTÜN XƏBƏRLƏR