Onlayn ictimai-siyasi qəzet
Dünyanın qlobal savaşa maksimum səviyyədə yaxınlaşdığı artıq kifayət qədər inandırıcı görünür. Hər halda, bunu təsdiqləyən olduqca ciddi əlamətlər artıq mövcuddur. Xüsusilə də, Ukrayna savaşı ətrafında yaranmış situasiyanın qəlizləşməsi belə ehtimalları daha da gücləndirir. Və bu, indi əsasən, Qərb hərbi-siyasi dairələrinin qlobal savaşa səbəb ola biləcək addımlardan qaynaqlanır.
Məsələ ondadır ki, ABŞ və Qərb Ukrayna savaşının başlanmasından üzü bəri ilk dəfə rəsmi Kiyevə NATO silahları ilə Rusiyanın dərinliklərinə zərbə endirmək üçün icazə verib. Kremlin bu radikal addımlara adekvat reaksiya verəcəyi isə qətiyyən şübhə doğurmur. Və Kreml bəyan edir ki, Avropa Birliyi ölkələri Rusiyanın cavab zərbəsi üçün legitim hədəfə çevriləcək.
Digər tərəfdən, Fransa başda olmaqla, bəzi Qərb ölkələri Ukraynaya hərbi kontingent göndərilməsi ilə bağlı mövzunu ciddi şəkildə müzakirə etməyə başlayıblar. Hətta bu mövzunun NATO qoşunlarının Ukraynaya yeridilməsinə ehtiyac yarana biləcəyinə bağlı iddialara inkişaf etdirildiyi də diqqətdən yayınmır. Və bu, o deməkdir ki, Qərbdə NATO-nun dolayısı, yaxud da elə birbaşa Ukrayna savaşına bulaşdırılmasına yönəlik müəyyən cəhdlər mövcuddur.
Halbuki, son dövrlərə qədər NATO-nun siyasi rəhbərliyi bu hərbi-siyasi alyansın Ukrayna savaşına müdaxilə etməyəcəyini, Rusiya ilə müharibəyə səbəb olacaq addımlar atmayacağını birmənalı şəkildə vurğulayırdı. Əsas arqument isə ondan ibarət idi ki, Rusiya və NATO arasında müharibə qlobal savaşa yol aça bilər. Və bu halda, növbəti mərhələdə nüvə müharibəsi qaçılmaz xarakter daşıyar.
Göründüyü kimi, qlobal savaş təhlükəsi kifayət qədər ciddidir. Xüsusilə də, Ukraynanın NATO silahları ilə Rusiyanın dərinliklərinə zərbə icazəsi alması bu təhlükəni böhranlı həddə çatdırıb. Üstəlik, Qərb mətbuatında NATO və Rusiya arasında hərbi toqquşmaların baş verə biləcəyi vaxt barədə də müəyyən iddialar yer almağa başlayıb. Və bu iddiaların əsas qaynağı isə ilk növbədə Qərb hərbi dairələrində hazırlanmış məxfi hesabatlardır.
Dünyaca nüfuzlu "Bild" nəşri Almaniya Müdafiə Nazirliyinin məxfi hesabatının bəzi müddəalarını ələ keçirtməyə nail olub. Həmin sənədə görə, Rusiya 2025-ci ilin yay aylarında Avropaya genişmiqyaslı hücuma keçməyə tam hazır ola bilər. Almaniya Müdafiə Nazirliyi daxilində istifadə üçün nəzərdə tutulan sənəddə Rusiya ilə müharibə və NATO-nun hərbi münaqişəyə cəlb edilmə ehtimalı detallı şəkildə təhlil olunub. Və "Bild" həmin sənədə istinadən yaxın bir il ərzində Rusiya ilə genişmiqyaslı müharibənin qaçılmaz olacağını iddia edir.
Ən önəmli və Qərbdə narahatlıq doğuran məqam ondan ibarətdir ki, Almaniya Müdafiə Nazirliyi Rusiyanın 2024-cü ilin sonlarına doğru ümumi səfərbərlik elan edəcəyinə, orduya daha bir neçə yüz min nəfər cəlb olunacağına və bundan sonra Ukrayna silahlı qüvvələrinin böyük sürətlə qərbə doğru geri çəkilmək məcburiyyətində qalacağına əmindir. Və məhz bundan sonra Ukraynanın Rusiyaya hərbi məğlubiyyətinin qaçılmaz ola biləcəyi ehtimal olunur.
Belə anlaşılır ki, yaxın bir ərzində dünyanı qlobal savaş ehtimalından qaynaqlanan dəhşətli fəlakət gözləyir. İndi əksər Avropa ölkələri məhz bu fəlakətə hazırlaşmaq məcburiyyətində qalıblar. Ona görə də, Avropa Birliyi ölkələri hərbi xərcləri artırmaq və "qoca qitə"nin təhlükəsizliyini gücləndirmək barədə düşünürlər. Hətta Avropa Birliyinin ortaq ordusunun yaradılması ideyası da əsas müzakirə mövzuları sırasına daxil edilib. Və bu, yalnız Rusiyadan gözlənilən təhlükə deyil, həm də ABŞ-da baş verən siyasi-iqtisadi proseslərlə birbaşa bağlıdır.
Məsələ ondadır ki, Qərb hərbi-siyasi dairələrində ABŞ-ın NATO üçün hazırda ən ciddi problemlərdən biri olduğu qənaətinə gəliblər. Belə ki, keçmiş prezident Donald Trampın hakimiyyətə gələcəyi təqdirdə, ABŞ-ın NATO-dan çıxma ehtimalı indi daha çox ciddiyə alınır. Hər halda, Ağ Evin keçmiş sahibinin Rusiya ilə yumşaq münasibətlər tərəfdarı olması və NATO-nu zamanı ötmüş hərbi-siyasi alyans hesab etməsi narahatlığın əsas qaynağıdır. Yəni, Tramp administrasiyanın dövründə ABŞ-ın NATO-dan üz çevirə biləcəyi ehtimal olunur. Və Ağ Evin Kremllə də qarşıdurmadan çıxacağı təqdirdə, Rusiyanın daha da güclənəcəyi düşünülür.
Təbii ki, bütün bunlar baş verərsə, Avropa məkanı Rusiyanın hərbi potensialı qarşısında müdafiəsiz və aciz duruma düşən bilər. Ona görə də, indi bir tərəfdən, Avropa Birliyi ölkələrinin hərbi təhlükəsizlik xərcləri artırılır. Digər tərəfdən isə ABŞ-ın NATO-dan qopmasını əngəlləmək üçün Rusiya ilə qlobal savaş mühitinin yaradılmasına cəhd göstərir.
Ancaq bütün bunların "qoca qitə"nin təhlükəsizlik maraqlarını tam təminat altına ala biləcəyi isə hələlik o qədər də inandırıcı görünmür. Çünki hətta Bayden administrasiyası hakimiyyətdə qalsa belə, ABŞ-ın NATO ilə problemlərinin ola biləcəyi qətiyyən istisna deyil. Hər halda, ABŞ-ın maliyyə-iqtisadi vəziyyəti yaxın gələcəkdə Ağ Evin NATO-nu maliyyələşdirmək imkanından da məhrum edə bilər. Və bu təhlükənin o qədər də uzaqda olmadığı bildirilir.
Hər halda, Dünya Bankının keçmiş rəhbəri Devid Malpassın iddiasına görə, gələn il ABŞ-ın milli borcun miqyası ucbatından maliyyə fəlakəti ilə üzləşə biləcəyi qətiyyən istisna deyil. Onun fikrincə, bu, milli borc limiti tətbiq edildikdən sonra qaçılmaz olacaq. Çünki bu halda, dünya nəhənginin xərcləri artacaq və vergi dərəcələri isə yüksələcək. Eyni zamanda, BVF-nin proqnozlarına görə də, ABŞ-ın dövlət borcu 2024-cü ildə ÜDM-in 123 faizini keçəcək və 2029-cu ildə isə demək olar ki, 134 faizinə çatacaq.
Bütün bunları nəzərə aldıqda, ABŞ-ın NATO-nun gələcək taleyinə real təhlükə törətməyə başladığı qətiyyən şübhə doğurmur. Çünki ABŞ-ın maliyyə dəstəyi olmadan bu hərbi-siyasi alyansın mövcudluğunu qoruyub saxlaması real görünmür. NATO olmadan Avropa Birliyinin təhlükəsizlik maraqları isə indiki situasiyada ciddi təhdid altında qala bilər. Və bu, o deməkdir ki, Avropa Birliyi öz mövcudluğu dövründə ilk dəfə Rusiyanın hərbi potensialı qarşısında bu qədər müdafiəsiz qalma ehtimalı ilə üzləşib.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ