Onlayn ictimai-siyasi qəzet
NATO-nun baş katibi Mark Ruttenin Rusiya prezidenti Vladimir Putinə Polşaya hücum etməməsi üçün xəbərdarlıq etməsi bir az stəkanda fırtına yaratmağa bənzəyir.
Putin və onun komandasındakı “qırğılar” (Medvedyev, Roqozin, bəzi deputatlar və Solovyov kimi şoumen-şərhçilər) vaxtaşırı Polşaya qarşı hədə biçsələr də, Kremldə belə bir niyyətin olmasından xəbər verən hər hansı bir əlamət yoxdur.
“Qırğı”ların funksiyası hədələmək, qorxutmaq, hansısa anti-Rusiya qərarlarının qəbuluna mənfi təsir göstərməkdir və onlar bu işi pis-yaxşı bacarırlar. Onların dilində adları çəkilən dövlətlərin siyasi rəhbərliyi, adətən, bir balaca həsləyir, anti-Rusiya ritorikalarını yumşaldırlar.
Ancaq Polşa o kateqoriyaya daxil deyil. Rusiya Ukraynaya hücum etdiyi gündən bura qədər rəsmi Varşava Ukraynanın müdafiəsi üçün əlindən gələni edib və edir, Rusiyaya qarşı tutduğu sərt mövqedən geri çəkilmir.
O üzdən Kremldə ən sevilməz üç Avropa ölkəsi varsa, biri də Polşadır. Üstəlik, rəsmi Varşava ABŞ-nin nüvə arsenalının Polşada yerləşdirilməsinin fəal təşəbbüskarıdır.
Görünür, vaxtilə rus imperiyasının tərkibində olmuş, istər I, istərsə də II dünya müharibələrində Rusiyadan böyük yamanlıqlar görmüş bu ölkə “müəmmalı”, eyni zamanda “səxavətli rus qəlbi”nin incəliklərinə hamıdan yaxşı bələddir, ona görə qabaqlayıcı tədbirlər görür.
Bununla belə, düşünmək olar ki, Ruttenin bəyanatının arxasında nəsə ciddi informasiyaıar durur. Nə də olmasa, adam hansısa humanitar təşkilatın və ya söz azadlığı uğrunda mübarizə aparan, gücü bəyanat verməkdən başqa bir şeyə çatmayan qurumun rəhbəri deyil, dünyanın ən güclü hərbi bloku olan NATO-nun rəhbəridir və onun sərəncamına 32 dövlətin kəşfiyyat strukturkarının əldə etdiyi hər cür məlumatlar gəlir.
Ancaq yox, Ruttenin bu sözləri Varşavaya səfəri zamanı deməsinə görə bu qənaətə gəlmək olar ki, baş katibin bəyanatı növbətçi xarakter daşıyır. Yəqin ki, o, bu günlərdə Finlandiyada, Latviyada, İsveçdə olsaydı, keçirdiyi brifinqdə Putini məhz həmin ölkələrə hərbi müdaxilədən çəkinməyə çağıracaqdı.
Bəs Ruttenin Polşanın baş naziri Donald Tuskla görüşdən sonra dediyi “Rusiya hücum edərsə, qətiyyətli bir ittifaqın bütün sərtliyini hiss edəcək” sözlərini ciddi qəbul etmək olarmı? Doğrudanmı Riusiya ordusu Polşa sərhədlərini keçsə NATO ləngimədən hərəkətə keçər?
Buna inanmaq çətindir. Düzdür, Rusiya indiki halda belə riskə getməz, amma əgər getsə, böyük ehtimalla NATO rəhbərliyi daha bir sərt bəyanat verər.
Bu qurumun dişsizliyi özünü hələ 2014-cü ildə göstərib. Rusiya Krım yarımadasını və Donbas vilayətlərini işğal edəndə NATO qətiyyətli hərəkət etdimi? Etmədi. Bəyanat verdi. Halbuki məhz həmin zaman “Rusiya bu ittifaqın bütün sərtliyini hiss edə bilərdi”.
2022-ci ildə Putini Ukrayna üzərinə hücuma həvəsləndirən məhz NATO-nun, eləcə də onun dominant ölkələrinin dişsizliyi oldu. Onlar müharibəyə cəlb edilməyin qorxusundan Ukraynanı vaxtında nə Avropa İttifaqına, nə NATO-ya qəbul etmədilər, hətta müharibənin ilk vaxtlarında lazımi qədər hərbi yardım da göstərmədilər. Halbuki 2022-ci ilin mart ayında NATO təcili şəkildə Ukrayna prezidenti Zelenski ilə saziş bağlayaraq, Ukraynanın hava məkanını öz çətiri altına alsaydı, Rusiyanın hərbi aviasiyası ölkənin şəhərlərini darmadağın etməzdi.
Düzdür, sonradan NATO ölkələri Ukraynaya xeyli silah-sursat, təlimçi verdilər, maddi yardım göstərdilər, ancaq bunlar artıq ox yaydan çıxdıqdan sonra baş verdi.
Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən dərhal sonra İsveç və Finlandiyanın tez-tələsik NATO-ya üzv olmaq üçün müraciət etmələrinin səbəbi də bu idi: nə qədər gec deyil, NATO-nun qanadlarının altına girmək.
Polşa da, Baltikyanı ölkələr də çoxdan o qanadların altındadır. Ona görə də xeyli dərəcədə arxayındırlar ki, Rusiya onlara hücum etməz.
Yaranışından bəri 9 dəfə genişlənmiş NATO-nun doqquzuncu genişlənməsi İsveç və Finlandiyanın yox, Ukraynanın hesabına olsaydı, bəlkə də II dünya müharibəsindən sonra Avropada gedən və kütləvi qırğınla müşayiət olunan müharibə baş verməyəcəkdi.
Elə olmadı, 2014-cü ildən başlayaraq Rusiyanın qabağından qaçmaqda olan hərbi alyans, nəhayət, 3 il öncə “Qərbə doğru genişlənmək” istəyən Rusiya ilə üzbəüz qaldı.
Əslində NATO rəhbərliyində yaxşı bilirlər ki, Ukraynada trimpliksinə (önü görmək üçün gözcük) qədər palçığa girmiş rus tankı Polşanın üzərinə yeriyən deyil. Rusiya ordusu 5-6 aya güclə Kursku Ukrayna ordusundan geri ala bildi, son günlərdə isə Belqorodda bir neçə yaşayış məntəqəsindən geri çəkilməyə məcbur olub. Bu halda Rusiyanın, arxasında NATO dayanan Polşa ilə cəngə girməyə gücü yoxdur.
Bunu Polşa prezidenti Donald Tusk da, NATO-nun baş katibi Mark Rutte də bilir. Görünür, Rutte bu cür bəyanatlarla rəhbərlik etdiyi alyansın reputasiyasını və mövcudluğunu qorumağa çalışır. Əks təqdirdə tezliklə “NATO nə işə yarayır” sualı çıxar və Trampın NATO-ya yönəlik məlum mövqeyi ilə səsləşər. Rutte ona görə Avropada müdafiə xərclərinin artırılması planlarını alqışlayır.
Rusiyanın Ukraynada qalib gəldikdən sonra Qərb alyansının həmrəyliyini sınaqdan keçirmək üçün lokal hərbi əməliyyatlar keçirə biləcəyi barədə Polşa və Baltikyanı ölkələrdə olan qorxuya gəlincə, bu, Stalin dönəmindən qalan xofdur. İndilikdə Rusiyaya Ukrayna lazımdır. Müasir Rusiya Şərqi Avropa ölkələrinə tankla yox, böyük pulların gücüylə rəğbət qrupları formalaşdırmaq, ayrı-ayrı siyasi qüvvələrlə işləmək yoluyla sirayət etmək niyyətindədir.
Araz Altaylı, Musavat.com
01 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ