İnsanlara hürriyət, millətlərə istiqlal!

NATO necə bir təşkilatdır - 3 rəy

NATO təhlükəsizlik təşkilatı çox təhlükə saçan, narahatlıq verən təşkilat kimi imic formalaşdırıb. Ukrayna-Rusiya müharibəsində Alyansın tətikləyici rolunun olduğu deyilir. Hazırda dünyada bütün siyasi-hərbi gərginliklərin arxasında NATO-nun genişlənmək istəyi dayanır.

Əslində, Şimal Alyansının bu niyyəti yaxın 10 illiklərdə dünyanı Qərbdən Şərqə doğru işğal etməyə hesablanıb desək, yanılmarıq. O zaman NATO nədən qurtarıcı, xilasedici təşkilat kimi qavranılır, yaxud təbliğ edilir? Bu qurum ABŞ-ın cəza aparatı rolunu oynayır. Hətta onun varlığından, güclənməsindən Avropa Birliyi belə zaman-zaman rahatsız olur.

NATO dünyada təhlükəsizliyinin keşiyini çəkən qurumdur, yoxsa, dünyada siyasi-hərbi təfriqələrin yaranmasının baiskarıdır?

Əhəd Məmmədli: İsrail bütün etdiklərinin bədəlini ödəyəcək - Islam Times

Əhəd Məmmədli: “NATO Türkiyəyə necə münasibət bəsləyirsə, biz də...”

AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli NATO-nu təcavüzkar təşkilat sayır: “NATO Amerika imperializminin qorunub saxlanılması üçün yaradılan bir siyasi qurumdur. ABŞ və onun dostları üçün bir növ müdafiə rolunu oynayır. Onu təsir riçaqı da saymaq olar. NATO həm də Amerikanın düşmənləri üçün təhlükə mənbəyidir. Təcavüzkar bir qurumdur. NATO artıq qurum daxilində yer alan ölkələri belə narahat etməyə başlayıb. Bir dəfə Fransa siyasi olaraq bu qurumu tərk etmişdi. Yunanıstan bir dəfə ümumiyyətlə çıxmışdı. Sonra qayıtdı.

Türkiyənin hazırda ABŞ başda olmaqla NATO-nun bir sıra ölkələri ilə fikir ayrılıqları var. Dünya çox qütblüdür. NATO-nun hər zaman mövcudluğu Amerikanın gücündən asılı olub. Azərbaycan tərəfdən baxsaq, təbii müttəfiqimiz Türkiyə bu qurumun üzvüdür, bu üstünlükdən təbii ki, istifadə etməliyik. II Qarabağ savaşında NATO-nun bizə dəstəyi olmadı, əksinə bir sıra NATO ölkələri bizə qarşı çıxdılar. Eyni zamanda, bəzi NATO dövlətləri qardaş Türkiyə üçün bir sıra problemlər yaradırlar. Başda ABŞ olmaqla bəziləri PKK-nı dəstəkləyirlər. Bu istiqamətdə məsələlərə daha çox Türkiyə aspektindən yanaşmalıyıq. Bir sözlə NATO Türkiyəyə necə münasibət bəsləyirsə, biz də münasibətimizi buna uyğun şəkildə qurmalıyıq".

Əziz Əlibəyli: "Bizim sorğular önəmli rol oynayır"

Əziz Əlibəyli: “NATO-nun gələcək hədəfləri birbaşa Çinə qarşıdır”

Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli NATO-nun gələcək hədəflərindən danışdı: “NATO konkret olaraq, Amerika və Böyük Britaniyanın hərbi maraqlarını müdafiə edən, təhlükəsizlik qayğılarını qarşılayan və onların dünya siyasətində oyunçu olmalarını şərtləndirən gücdür. Bu gücün şübhəsiz ki, soyuq müharibə dövründə meydana çıxması SSRİ-nin dağılmasından sonra aqibətini dəyişdirməli idi və dəyişdirdi də. Qarşıdakı qüvvə balansı qoruya bilmədi. Bununla da dünyada tək güc NATO oldu. O zaman NATO-nun bir güc kimi sıradan çıxma ehtimalları da gündəmə gəlmişdi. Amma güclər vaxt itirmədən hərəkətə keçdilər və beynəlxalq antiterror koalisiyasını formalaşdırdılar. Bir neçə ölkəyə qarşı cəza tədbirləri həyata keçirdilər. Son period kimi ərəb ölkələrindəki məlum inqilablardan sonra həyata keçirilən siyasəti misal göstərə bilərik. Proseslər sonunda hesablaşma ilə nəticələndi. Bütün Avropanı rus xofu ilə qorxutmaq üçün sanki ABŞ Kremllə razılaşıb. Nəticə nə oldu? Avropa ölkələri artıq bu xofun təsiri altında NATO-ya qoşulmağa başlayıblar. Bu gün NATO ciddi şəkildə böyüməyi qarşısına hədəf qoyub. Lend-Lizin yenilənməsi, Ukrayanya 40 milyard dolların verilməsi və bunun əslində gecikdirilməsi, gizli danışıqların ABŞ-Rusiya arasında aparılması barədə iddialar onu göstərir ki, bunların arasında razılaşmalar var. NATO-nun gələcək hədəfləri birbaşa Çinə qarşı yönəlir”.

 

Bayden “Ukraynanın yanında olacağıq" bəyanatına sadiq qalmayacaq-

Züriyə Qarayeva: “NATO kimi təşkilatlar hansısa söz sahibi olan ölkənin monopoliyasına çevriləcək”

Politoloq Züriyə Qarayeva NATO-nu qurbana çevrilmək üzrə olan təşkilat sayır: “NATO üzv dövlətlərin hərbi və siyasi müdafiəsini öhdəlik olaraq qəbul edən beynəlxalq siyasi təsisatdır. Əslində təşkilat ona üzv olan dövlətlərə qarşı təhdidlərə cavab praktikasına malikdir. Koreya savaşı, Kosovo, Bosniya, Yuqoslaviya, Əfqanıstan, Liviyadakı əməliyyatlar buna misaldır. Lakin təşkilat siyasi fikir ayrılıqlarının qurbanına çevrilib. Bir tərəfdə əsas hərəkətverici qüvvə olan ABŞ, digər tərəfdə Almaniya və Fransa. Son illərdə fikir toqquşmalarına səbəb olan ölkələr siyahısına Macarıstan da daxil olub. Artıq dövlətlər öz aralarında ittifaqlaşma prosesinə qoşulub ki, AUKUS, TDT bunun bir nümunəsidir. Digər tərəfdən, istər NATO, istər XX əsrin ortalarında qurulan digər beynəlxalq təşkilatlar artıq əhəmiyyətini itirib. Çünki onların yaranması həmin dövrün reallıqlarına cavab idi. Bu gün həmin dünya nizamı, beynəlxalq münasibətlər sistemi mövcud olmadığı üçün, dünya Yalta-Potsdam sistemindən çox uzaqlaşdığı üçün yeni reallıqlara cavab verə bilən, yeni nizamı özündə əks etdirən sistemə ehtiyac var. Köhnə sistem yeni dünyada davam etdirildiyi müddətcə NATO kimi təşkilatlar hansısa söz sahibi olan ölkənin monopoliyasına çevriləcək, BMT kimi təşkilatlar insan hüquqlarının kobud şəkildə pozulduğu hallara kənarda seyrçi qalacaqlar”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR