İnsanlara hürriyət, millətlərə istiqlal!

NATO-dan Rusiyanı qəzəbləndirən addım - Gürcüstan xüsusi status aldı

Ekspert: “2008-ci il müharibəsindən nəticə çıxaran Gürcüstan NATO-ya üzvlükdə israrlı olmağın daha acı nəticələrinin baş verəcəyinə əmindir”

NATO Gürcüstana Aralıq dənizində təhlükəsizlik üzrə əməliyyatlarda tərəfdaş statusu verib.

Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin sərhəd polisinin rəisi, general-mayor Nikoloz Şaradze Potidə Sahil Mühafizəsi Xidmətinin yaradılmasının 24-cü ildönümü münasibətilə keçirilən tədbirdə bildirib.

Şaradzenin sözlərinə görə, bu qərar alyans tərəfindən Gürcüstan sahil mühafizəsinin taktiki bölmələri NATO-nun 4 illik qiymətləndirmə proqramını uğurla keçdikdən sonra qəbul edilib.

Bəs belə bir status Rusiyanı qıcıqlandıra bilərmi, nəzərə alsaq ki, Moskva Baltikyanı ölkələr xaric, postsovet ölkələrini hələ də özünün “arxa bağçası” sayır.

Ramil Məmmədli: 'Serj Sarkisyan yenə aprel döyüşlərindən danışaraq özünü  rüsvay etdi'

Ramil Məmmədli

“Xəzər” Müdafiə Tədqiqatları Mərkəzinin rəhbəri, hərbi-siyasi şərhçi Ramil Məmmədli “Yeni Müsavat”a deyib ki, Gürcüstanda “qızılgül”ün (2003-cü ilin oktyabrında Gürcüstanda baş vermiş qızılgül inqilabı nəzərdə tutulur) ləçəkləri qurumaqda olduğu bir vaxtda NATO-nun bu qərarı diqqətçəkəndir: “Şimal soyuğunun şaxtası ”qızılgül"ə daha çox təsir etməyə başladığı bir vaxtda belə bir addım atılıb. Gürcüstanda 2004-cü ildən formalaşan hərbi-siyasi xətdə də sınmalar var. Bölgədəki son hərbi-strateji dəyişikliklər də bu prosesi sürətləndirməyə başlayıb.

2004-cü ildən başlayaraq, Gürcüstan Şimali Atlantika Müqaviləsi Təşkilatı - NATO ilə müxtəlif səviyyələrdə sürətli inteqrasiya prosesinə başladı. Qısa müddətdə bu ölkənin silahlı qüvvələrində NATO-nun islahatları vüsət almağa başladı. Ordu birləşmələrinin bəzilərinin rəhbərliyi belə amerikalı hərbçilərə verildi, bir neçə qoşun növü ləğv edilərək, idarəçilik mərkəziləşdirildi. Dolayısı ilə qısa zamanda Gürcüstan Ordusu ABŞ Silahlı Qüvvələrinin qoşun birləşmələrindən birinə çevrildi. Rusiya ilə 2008-ci ilin avqustunda baş verən qısamüddətli müharibədəki uğursuzluq belə ABŞ-ın Gürcüstan ordusundakı təsir imkanlarını zəiflətmədi, əksinə, daha da artırdı. Bir müddət sonra isə Gürcüstanın NATO-ya üzvlük məsələsi gündəmə gətirildi. Hətta Gürcüstan hökuməti bu prosesin icrası üçün dövlət komissiyası da yaratdı. Rəsmi Tiflis NATO-ya inteqrasiya prosesindən bir an belə yayınmayaraq, Şimali Atlantika Müqaviləsi Təşkilatının üzvü olmaq üçün bütün mümkün ola biləcək təhdidlərdən qorxmadığını bəyan etdi".

Ekspert deyir ki, Gürcüstan hazırda susqunluq nümayiş etdirir. Ramil Məmmədli bunun səbəbini bilmək üçün 2022-ci il fevralın 24-dən əvvəl və sonrakı proseslərə diqqət yetirmək vacib olduğunu vurğulayıb: “Ukrayna müharibəsi başlamamışdan 1 ay əvvəl NATO baş katibi Yens Stoltenberq bəlkə də Rusiyanın Ukraynaya hücumunun səbəblərindən biri olmuş bəyanatla çıxış etdi. O bildirdi ki, NATO Ukrayna və Gürcüstanın alyansa üzv olması ilə bağlı qərar verib. Əlbəttə, Gürcüstanda NATO-ya üzvlük prosesinin tərəfdarları üçün bundan sevindirici xəbər ola bilməzdi. Amma Stoltenberqin ”muştuluğu" bir ay çəkdi. Yəni bir ay sonra rəsmi Tiflis susmaq barədə qərar qəbul etdi. Açıq söyləmək lazımdır ki, bu gün Gürcüstanda NATO məsələsi ilə bağlı ölüm-dirim mübarizəsi gedir. Şimali Atlantika Müqaviləsi Təşkilatına üzvlük məsələsinin qatı tərəfdarları, ordunu amerikalılara hədiyyə edən gürcü hərbçilər belə bölgədə yaranmış vəziyyətin gərginliyini, Gürcüstana yönələcək “şimal ayısının pəncəsinin ləpirləri”ni hiss etməyə başlayıblar. Ölkədə həm NATO-ya üzvlük, həm də anti-Rusiya kampaniyalarına qeyri-rəsmi qadağa tətbiq olunub. Maksimum şəkildə rəsmi tribunalardan açıq şüarların səsləndirilməsi məhdudlaşdırılır. Təbii ki, səbəblər bəllidir". 

Ekspert deyib ki, Rusiya Ukraynaya hücum etməklə postsovet məkanında NATO-ya üzvlük sevdalılarının arzusunun üzərindən bir xətt çəkdi: “Hələ uzun illər bu qeyri-rəsmi qadağa qüvvədə qalacaq və NATO ilə yalnız siyasi müstəvidə olan əlaqələrə üstünlük veriləcək. Mövcud vəziyyətdə Gürcüstan bu xətti davam etdirmək məcbudiyyətindədir. Məsələnin, Gürcüstanın Mixail Saakaşvili dövründən qoyulan siyasi xətti, yəni Qərbə hərbi və siyasi inteqrasiyası üçün təhlükəli məqamı isə daha başqadır. Bəllidir ki, hazırda ölkənin idarəetmə mexanizmini əlində cəmləşdirmiş ”Gürcü arzusu" - Demokratik Gürcüstan Partiyasının lideri Bdzina İvanaşvilinin Rusiya ilə isti münasibətləri mövcuddur. Lakin illərdir İvanaşvili 2004-cü ildən bünövrəsi qoyulan hərbi-siyasi xətti dəyişmək iqtidarında deyildi. Daha doğrusu, bunu etməklə ölkədə növbəti inqilab dalğasına rəvac vermək istəmirdi. Bu gün isə İvanaşvilinin şimal qonşusunu Gürcüstana “gətirmək”, NATO-nun ölkədəki rıçaqlarını zəiflətmək şansı yaranıb. Gözləntilər odur ki, Ukraynada NATO-nun iflasa uğraması, daha dəqiqi, ukraynalılar üçün NATO mifinin darmadağın olması gürcüləri də düşünməyə vadar edib. Artıq 2008-ci il müharibəsindən nəticə çıxaran Gürcüstan NATO-ya üzvlükdə israrlı olmağın daha acı nəticələrinin baş verəcəyinə əmindir. Onsuz da son illərdə NATO-ya inteqrasiya prosesində fəallığın olmaması müşahidə olunur. Ukraynanın başına gətirilənlər isə Gürcüstan-NATO əlaqələrində soyuma və ya qopma prosesinə start verə bilər. Bunun qarşısını ala biləcək yeganə çıxış yolu isə Rusiyanın Ukraynada tam iflasa uğraması və şimal qonşumuzun daxili siyasi parçalanma mərhələsində olması ola bilər. Hələ ki mövcud vəziyyət bunun əksini göstərir. Gürcüstan ya NATO, dolayısı ilə ABŞ-la hərbi əlaqələrinə yenidən baxmalı, yaxud da bu münasibətlərin təbliğinin sayını azaltmalıdır. Yəni Rusiya faktorunu nəzərə alaraq, rəsmi Moskvada qıcıq yaradacaq addımlardan çəkinməlidir. Əlbəttə, Gürcüstan dövlətini idarə edən şəxslərin nə düşündüyünü və ya nə qərar verdiyi haqda mülahizə söyləmək fikrim yoxdur. Ancaq bəlli olan odur ki, Gürcüstan son 18 ildə formalaşdırdığı hərbi-siyasi xəttinə yenidən baxmaq məcburiyyətində qalacaq. Dövlətin bütün strukturlarına buraxılmış ABŞ-ın gözlənilən təzyiqləri qarşısında gürcülərin buna nə qədər nail olacağı isə zamanın sualıdır. Gürcüstan neytral ölkə kimi mövcudluğunu saxlamalı, daha çox siyasi və iqtisadi müstəvilərdə qərblə əməkdaşlığı davam etdirməlidir. Əks halda, Rusiya ilə qarşıdurmalara hazır olmalıdır".

Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR