İnsanlara hürriyət, millətlərə istiqlal!

Narazı müəllimlərin şikayətinə baxılacaq-nəticə dəyişəcəkmi...

“Təəssüf ki, apelyasiya ilə bağlı müraciətlərin araşdırılması yenə də subyektiv faktorlar əsasında olur”- Kamran Əsədov

“Apelyasiya verən müəllimlərdən iki-üç nəfərinin məsələsi müsbət nəticələnə bilər”- Elçin Əfəndi

Müəllimlərin işə qəbulu üzrə müsabiqədən narazı qalanların apelyasiya şikayətinə baxılacağı tarix açıqlanıb. Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, dövlət ümumi təhsil müəssisələrinə müddətsiz müqavilə ilə müəllimlərin işə qəbulu üzrə müsabiqənin əlavə vakansiya seçimində vakant yer tutan şəxslərin appelyasiya müsahibələrinin keçiriləcəyi tarix barədə məlumatlar şəxsi səhifələrinə göndərilib. Apellyasiyaya müraciət etmiş namizədlər üçün müsahibələr yanvarın 27-də "Microsoft Teams” platforması üzərindən onlayn təşkil olunacaq. Müsahibə linki namizədlərin şəxsi səhifələrində qeyd olunan tarixdən bir gün əvvəl elektron poçt ünvanlarına göndəriləcək. Nəticə dəyişəcəkmi?

Qeyd edək ki, müəllimlərin işə qəbulu imtahanları başlayandan böyük narazılıqla qarşılanır. Müəllimlər Elm və Təhsil Nazirliyinin təşkil etdiyi bu imtahanların ədalətli olacağına ümid bəsləsələr də gözləntilər özünü doğrultmadığını deyirlər. Sonuncu MİQ imtahanında da bildirildi ki, 500-ə yaxın müəllimin narazı olduğu bildirilmişdi. Müəllimlər qeyd edirdi ki, daimi işlə təmin olunmurlar, gah vakant yerlər onlardan gizlədilir, gah da başqa əngəllər ortaya çıxır. Narazı müəllimlərin sözlərinə görə, problem onların daimi işə qəbulunun cəmi 1 turdan ibarət olması ilə bağlıdır. Müəllimlərdən biri fikrini belə izah etmişdi: “Yəni birinci turda müəllimlərin işə qəbulu daimiləşəcək. O biri turlarda isə boş olan yerlərə müəllimləri zənglə çağıracaqlar ki, gəl filan məktəbdə müvəqqəti müqavilə ilə işlə. Eyni zamanda, daimiləşmə olmayacaq. Buna isə biz imtahan verən müəllimlər razı deyilik. Daimiləşmə ilə bağlı imtahanın cəmi 1 turdan ibarət olması 70+, 80+ bal yığan müəllimlərə haqsızlıqdır. Keçid balını 40 bal qoyublar. 80 bal yığan müəllim necə işsiz qalsın? Cənab nazir öz çıxışında dedi ki, 70+, 80+ bal yığan müəllimlərlə işləmək istəyərik. Bu söz xatirinə deyilməməlidir, bu deyilənə əməl olunmalıdır. Heç vaxt işləməyən müəllimlərə işləmək üçün şərait yaradılmır. Onu da deyək ki, əvvəlki illərdə müəllimlər işə çağırılırdı və əsasən daimləşirdi, amma indi elə olmayacaq”

Onu da nəzərə çatdıraq ki, ötən il Elm və Təhsil Nazirliyi müəllimlərin işə qəbulu və yerdəyişməsi qaydalarında bir sıra dəyişiklər etdi. Bildirildi ki, müəllimlərin işə qəbul müsabiqəsinin test imtahanı mərhələsində imtahan vaxtı 90 dəqiqədən 120 dəqiqəyə qədər artırılır. Bu mərhələdə 100 ballıq qiymətləndirmə tətbiq ediləcək. Sualların sayı ötən illərdə olduğu kimi 60 olmaqla, ixtisas üzrə 40 sualın hər biri 2 balla, tədris metodikası və təlim strategiyaları üzrə 20 sualın hər biri isə 1 balla dəyərləndiriləcək. 4 səhv cavaba görə 1 düzgün cavab silinəcək. Həmçinin vakant yer seçmək imkanı əvvəlcə MİQ üzrə müsabiqənin minimum tələbini ödəyən şəhid ailəsi üzvlərinə veriləcək.
Müəllimlərin iş yerinin dəyişdirilməsi ilə bağlı yeniliklərdən biri də Sumqayıt şəhəri və Abşeron rayonu üzrə yerdəyişmədə yalnız müəllimlərin işə qəbulu müsabiqəsi vasitəsilə həyata keçirilməsi olacaq. Eləcə də ucqar kənd yerlərində çalışan müəllimlər bu ildən etibarən həmin ərazilərdə 3 ildən çox müddətdə fasiləsiz işləməlidirlər. 3-5 il fasiləsiz işləyən müəllimlərin nəticələrində ballar 1.5 əmsalına, 5 ildən çox işləyən müəllimlərin topladıqları nəticələr isə 1,1 əmsalına vurularaq hesablanacaq.

Təhsil eksperti Kamran Əsədov mövzu “Yeni Müsavat”a dedi ki, 2009-cu ildən orta məktəblərdə işə qəbul mərkəzləşdirilmiş test imtahanı vasitəsilə həyata keçirilir və işə qəbul test və müsahibə mərhələsindən sonra bu prosesdən narazı olanlar üçün qərardan şikayət etmək imkanı yaradırlar: “Amma son iki il ərzində təəssüf ki, Elm və Təhsil Nazirliyinin keçirdiyi müxtəlif imtahanlarda apelyasiya ilə bağlı demək olar ki, imkanlar çox məhduddur. İstər müəllimlərin işə qəbulu, istərsə də direktorların işə qəbulu ilə bağlı demək olar ki, apelyasiya şikayətinə yer verilmir. Apelyasiya şikayəti əsassız olaraq müraciətlərə müsbət cavab vermir. Bu ciddi bir problemdir. Hesab edirəm ki, keçirilən imtahanların ən azı 5-10 günə qədər müddət ərazində apelyasiya etmək imkanı yaratmaq lazımdır. Nəzərə alsaq ki, müəllimlərin işə qəbulu yay aylarında keçirilir. Onun uzun müddətdən sonra apelyasiyasının keçirilməsi yaxşı hal deyil. Çünki tədris ilinin ortasında həm müəllimlərin işə qəbulu həyata keçirilə bilmir. Elm və Təhsil Nazirliyinin kommunikativ fəaliyyəti qənaətbəxş deyil. Yaxşı olar ki, DİM-in burada təcrübəsindən istifadə edilsin. DİM keçirilən bütün növ imtahanlardan qısa müddət sonra ən azı bir həftə ərzində apelyasiya imkanı yaradıb. Amma Elm və Təhsil Nazirliyi bütün növ imtahanlardan sonra apelyasiya üçün çox uzun bir vaxt gözləyir və bəzən bunu ona görə edirlər ki, nazirliyin imtahanın nəticələri ilə bağlı qəbul etdiyi qərarlar əsassız olur. Bir çox hallarda yerli qurumlar əsassız olaraq şikayətlərə baxmırlar. Biz bununla bağlı çox sayda müraciətlər də görürük. Təəssüf ki, apelyasiya ilə bağlı müraciətlərin araşdırılması yenə də subyektiv faktorlar əsasında olur. Hazırda Elm və Təhsil Nazirliyinin apelyasiya komitələrinin fəaliyyətindən narazıyam. Bu, bütün ictimaiyyət tərəfindən də belə qəbul edilir. Təəssüflər olsun ki, həm obyektivlik, həm də həm əlçatanlıq bu prosesdə təmin edilmir”.

Təhsil eksperti Elçin Əfəndi də “Yeni Müsavat”a mövzu ilə bağlı dedi ki, müəllimlərin işə qəbulu ilə bağlı narazı qalanlar hər il say çoxluğu təşkil edir. Eyni zamanda, iştirakçı sayı da çoxluq təşkil edir. Biz ildən-ilə bu istiqamət üzrə müraciət edənlərin sayının artdığını görürük. Təsadüfi deyil ki, 40 min, 50 min nəfər müəllimin işə qəbulunda iştirak edən namizəd olur. Onların içərisindən müvafiq olaraq 8-9 min yerə qarşı mübarizə aparanlar müvafiq vakant yerlərin seçimində iştirak edirlər. Bəzən olur ki, bu müsabiqədə ya vakant yerlər həmin namizədlərə topladıqları bala uyğun çıxarılmır. Tutaq ki, kimsə müsabiqədə yüksək bal toplayıb, amma o istədiyi ərazi üzrə, yaxud da hər hansı bir dərs saatı daha çox olan vakant yeri seçimlər zamanı görə bilmir, ya da onun qarşısına çıxmır. Həmin yer ümumiyyətlə vakansiyaya çıxarılmırsa, təbii ki, bununla bağlı apelyasiyaya müraciət edirlər. Ötən qəbulda riyaziyyat fənni ilə bağlı suallardan narazılıqlar var idi. Daha sonra müsahibənin daha şəffaf keçirilməsini istəyirdilər. İndi bununla bağlı üpelyasiya veriblər. Yanvarın 27-də b u məsələlərə aydınlıq gətiriləcək. Fikrimcə, tam nəticə ola bilər hansısa namizəddə olsun. Amma hər kəs üçün apelyasiya müsbət qərar verəcək anlamına gəlmir. Çünki bura qədərki dövr ərzində vakant yerləri digər şəxslər tərəfindən tutulub. Eyni zamanda, onların müraciətləri əsasında onlara izah olunacaq. Neçə vakant yer çıxarılıb. Hansı ixtisaslar üzrə çıxarılıb. Onlar barədə məlumat veriləcək. Ola bilər yenidən 20 nəfər apelyasiya şikayəti verib və onların içərisindən 2-3 nəfərin məsələsi müsbət nəticələnə bilər, digərlərində isə bunu açığı gözləmirəm. Amma ümumi apelyasiyanın keçirilməsi, yenə də onlara müvafiq izahların verilməsi və bu istiqamət üzrə onlarda müəyyən fikrin formalaşmasını müsbət addım kimi qiymətləndirmək olar. Növbəti imtahanlarda namizədlər artıq prosesin necə təşkil olunduğu barədə müfəssəl məlumata sahib olacaqlar”.
Yada salaq ki, MİQ imtahanı ilk dəfə 2009-cu ildə Bakı şəhəri üzrə keçirilib və ilk dəfə keçirilən imtahanda iştirak etmək üçün 365 vakant yerə 2 147 müəllim elektron ərizə vermişdi. 2011-ci ildən etibarən MİQ imtahanı bütün ölkə ərazisində həyata keçirilməyə başlayıb.

 

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR