İnsanlara hürriyət, millətlərə istiqlal!

Musiqimizə əl uzadanlar - indi də Gürcüstan...

Erməni hiyləsi, yoxsa... Faiq Sucəddinov: “Azərbaycan musiqisi həddindən artıq zəngindir və hər dövlətə, xalqa məxsus olmayan musiqidir, ona görə də...”

Azərbaycanın Əqli Mülkiyyət Agentliyi Gürcüstanın SAKPATENTİ Əqli Mülkiyyət üzrə Milli Mərkəzinin rəhbərliyinə məktub göndərib. Məktubda bu ölkənin 1TV.GE, “İMEDİ” və “Rustavi” telekanallarında Azərbaycan rəqsi “Basqalı”nın “erməni şalaxosu” kimi təqdim olunması ilə bağlı səbəblərin araşdırılması və müvafiq tədbirlərin görülməsi xahiş olunur.

Agentlik həmçinin “Bu qala, daşlı qala” Azərbaycan xalq mahnısından istifadə edilərkən onun mənsubiyyətinin göstərilməməsinə diqqət yönəldib. Məktubda görülən tədbirlər barədə Azərbaycanın Əqli Mülkiyyət Agentliyinə məlumat verilməsi, gələcəkdə belə halların təkrarlanmaması üçün məsələnin nəzarətdə saxlanılması xahişi də yer alır. Hüquq pozuntularını təsdiqləyən müvafiq materiallar SAKPATENTİ-yə təqdim olunub.

Qeyd olunub ki, ötən il noyabrın 3-də Gürcüstanın 1TV.GE telekanalında yayımlanmış “Natalia & Datuna” şou proqramında Azərbaycan Respublikasının xalq artisti Aftandil İsrafilovun müəllifi və ifaçısı olduğu məşhur “Basqalı” rəqsi ilə müşayiət olunan mahnı “Somxuri şalaxo” - “erməni şalaxosu” kompozisiyası kimi təqdim olunub. Bu il sentyabr ayının 14-də isə Gürcüstanın digər televiziya kanalı İMEDİ-də yayımlanan “Çveni şou” proqramında da “Basqalı” Azərbaycan rəqsinə (musiqisinə) yazılmış və Dodona Namoradzenin ifa etdiyi mahnı yenə “erməni şaloxosu” adı altında təqdim olunub.

Bildirilib ki, bu faktlar Gürcüstanın müxtəlif televiziya kanalları vasitəsilə Azərbaycanın mədəni irs nümunələrinə, o cümlədən Azərbaycan musiqisinə münasibətdə növbəti erməni oğurluğunun nümayişi təsəvvürü yaradır və ciddi narahatlıq doğurur: “Bu ilin 24 may tarixində ”Rustavi" telekanalında yayımlanan “Paatas da Nikas şou” proqramında isə “Bu qala, daşlı qala” adlı Azərbaycan xalq mahnısı “Sənə sevgi söz verirəm” adı altında gürcü dilində təqdim olunub. Amma mahnının Azərbaycan xalq mahnısı olduğu qeyd edilməyib. “Bayatı-Şiraz” muğamı əsasında yaradılmış bu mahnı bütün Yaxın Şərqdə məşhurdur və çox geniş yayılıb, hətta Türkiyədə əhalinin əksəriyyəti şənliklərdə bu mahnını çalıb-oxuyur və onu Azərbaycan xalq mahnısı kimi ifa edirlər".

Vurğulanıb ki, “Rustavi” telekanalında “Bu qala, daşlı qala” adlı Azərbaycan xalq mahnısı “Sənə sevgi söz verirəm” adı altında gürcü dilində təqdim olunarkən Azərbaycanın və Gürcüstanın üzv olduqları ÜƏMT-nin “Ədəbi və bədii əsərlərin qorunması haqqında” Bern Konvensiyasının 15-ci maddəsinin 4-cü hissəsinin tələbləri nəzərə alınmayıb.

Bəs Gürcüstanın müvafiq qurumu tədbir görəcəkmi? Bu, nədən ibarət olacaq? Telekanallar təkzib verəcəklərmi? Verməsə, ardınca hansı hüquqi addımlar atılacaq? Ümumiyyətlə, niyə vaxtaşırı bu cür haqsızlıqlarla üzləşirik? Son olayda da “erməni izi” var?

Məsələ ilə bağlı Azərbaycanın Əqli Mülkiyyət Agentliyinin açıqlamasını almağa çalışdıq. Qurumdan bildirildi ki, son vəziyyət ilə bağlı tezliklə açıqlama veriləcək.

BAKU ART

Faiq Sücəddinov

Agentliyin eksperti, Xalq artisti, bəstəkar Faiq Sücəddinov “Yeni Müsavat”a danışıb:

“Biz tez-tez yığışıb, Gürcüstanda, Ermənistanda, Rusiyada, İsraildə və digər ölkələrdə konsertlərdə Azərbaycan musiqisinin, rəqslərinin erməni musiqisi adı altında təqdim edilməsi ilə bağlı müzakirələr aparırıq. Dəfələrlə bizim xalq, bəstəkar mahnılarımız bu cür haqsızlığa uğrayıb. Azərbaycan mahnılarını öz adlarına çıxarır və təbii ki, sözlərini də dəyişdirirlər.

“Basqalı” rəqsini vaxtilə rəhmətlik Aftandil İsrafilov ifa edib. İndi ermənilər öz adlarına çıxarır, özlərinin musiqisi kimi tanıtmağa çalışırlar. Baxmayaraq ki, “Youtube” platformasında bu rəqsin əsl müəllifi haqda məlumat var.

Agentliyin üzvü kimi biz dəfələrlə bu haqda müraciətimizi etmişik, sözümüzü demişik, amma  ermənilər xislətlərindən əl çəkmirlər.

Ermənilərin Azərbaycan musiqisini oğurlaması, öz adına çıxması təkcə indiki dövrdə baş vermir. Hələ ötən əsrin əvvəllərində Üzeyir Hacıbəyovun məşhur “O olmasın, bu olsun”, “Arşın mal alan” operettalarına sahib çıxmağa çalışıblar. 40-cı illərdə bir erməni Amerika ictimaiyyətini inandırmağa çalışmışdı ki, guya “Arşın mal alan” operettası ona məxsusdur. Məsələyə dövlət başçısı səviyyəsində müdaxilə olundu və əsərin Üzeyir bəyə, Azərbaycana məxsus olduğu bildirildi.

Daha sonra  Xaçatruyan 70-ci ildə “Uzundərə” rəqsini “Spartak” əsərinə daxil etmişdi və Azərbaycan Bəstəkarlar İttifaqı buna öz etirazını bildirmişdi.

Bu yaxınlarda isə Rusiyalı müğənni Avraam Russo Soçidə keçirilən “Pesne qoda” adlı gecədə Üzeyir Hacıbəyovun “Çırpınırdı Qara dəniz” əsərini erməni mahnısı kimi təqdim etmişdi.

Həmçinin Fikrət Əmirovun “Qarabağ” süitasını ermənilər özünküləşdirirlər.

Əlbəttə ki, gün gələcək iki dövlət arasında sülh müqaviləsi imzalanacaq və biz Əqli Mülkiyyət Agentliyi olaraq öz iradlarımızı, tələblərimizi bildirəcəyik. Buna görə qanun, cərimə var.

Təkcə ermənilər deyil, mahnılarımız, əsərlərimiz, eləcə də rəqslərimiz yunanlar, gürcülər, eləcə də türklər tərəfindən ya mənimsənilir, ya müəllifi göstərilmir, anonim kimi təqdim olunur, ya da erməni musiqisi olduğu deyilir.

Məsələn, Türkiyənin məşhur “Kral TV” kanalı bu gün də Fikrət Əmirovun “Reyhan” mahnısını anonim kimi yazır.

Azərbaycan musiqisi həddindən artıq çox zəngindir və hər dövlətə, xalqa məxsus olmayan musiqidir. Ona görə də bu gün dünyanın bir çox dövlətlərində, xalqlarına məclislərdə, toylarda Azərbaycan musiqisi, rəqsi ifa olunur. Hətta qaraçı toylarında belə Azərbaycan musiqisi səslənir. Gərəkdir ki, öz musiqimizə sahib çıxaq. Radioda xalq mahnılarımız, əsərlərimiz tez-tez nümayiş olunmalıdır ki, gənlcərimizi musiqilərimizi tanısınlar, bilsinlər".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR