Onlayn ictimai-siyasi qəzet
Bakı sakini Ülviyyə Kazımova Nəsimi rayonu, Azadlıq prospektində yerləşən "Music Gallery" mağazasından 950 manatlıq qaz sobası alıb.
Məhsula görə 26 avqust 2025-ci il tarixində ödəniş edib və 7-8 gün ərzində evinə çatdırılıb. Lakin sobanı quraşdırdıqda məlum olub ki, bir gözü yanmır və mal qüsurludur.
Kazımova dərhal mağaza satıcısı Eynulla bəyə zəng edib, malın ya qüsursuz məhsulla dəyişdirilməsini, ya da pulunun geri qaytarılmasını tələb edib. Servis nümayəndəsi tərəfindən də sobanın qüsurlu olduğu təsdiqlənib. Alıcı araşdırması zamanı öyrənib ki, qaz sobası "Electrolux" brendinə məxsus olsa da, şirkət artıq Azərbaycanda fəaliyyət göstərmir və satılan məhsul mağazada anbarda qalan defektli mallardan olub. Ona görə məhsul üçün ödədiyi məbləği mağazadan geri istəyib.
Musavat.com xəbər verir ki, mağaza əməkdaşları qüsurlu malın geri götürülməsi üçün əlavə 40 manat ödəniş tələb edib. Ü.Kazımova bu ödənişi haqsız hesab edib, lakin malı geri götürmək üçün məcbur qalıb və 40 manatı ödəyib. Səhəri gün mağaza qüsurlu sobanı geri alıb, lakin müştəri əlavə ödənişi haqsız hesab edir və pulunu geri istəyir.
Ülviyyə Kazımova Azad İstehlakçılar Birliyinə müraciət edərək, bu məsələnin işıqlandırılmasını və ictimaiyyətə çatdırılmasını xahiş edib. O, hesab edir ki, belə hallar digər müştərilərin də başına gələ bilər və mağazanın müştəriləri aldatması barədə məlumatın yayımlanması vacibdir.
Mənzər Novruzlu
Musavat.com
18 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ