Onlayn ictimai-siyasi qəzet
Ekspert deyir ki, enerji xərclərinin əhəmiyyətli dərəcədə azalmasına şərait yaranacaq
Yeni tikilən yaşayış binalarının enerji effektivliyi üzrə pasportlaşdırılması məcburi olacaq.
Musavat.com xəbər verir ki, bu barədə məsələ Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bugünkü iclasında müzakirə olunan “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, aşağıdakı bina və tikililər istisna olmaqla yeni tikilən, yenidən qurulan, əsaslı təmir olunan yaşayış və qeyri-yaşayış binalarının enerji effektivliyi üzrə pasportlaşdırılması məcburi olacaq:
“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Qanuna uyğun olaraq dünya, ölkə və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilmiş binalar (tikililər);
yardımçı və müvəqqəti tikililər;
istixanalar və anbar binaları;
istehsalat binaları;
fərdi yaşayış evləri;
Şəhərsalma və Tikinti Məcəlləsinin 81.1-ci və 89.1-ci (89.1.4-cü maddə istisna olmaqla) maddələri ilə müəyyən edilmiş tikinti obyektləri. http://e-qanun.az/framework/46958 Pasportlaşdırma bu qanun qüvvəyə mindikdan sonra yeni tikilən, yenidən qurulan, əsaslı təmir olunan yaşayış və qeyri-yaşayış binaları üçün məcburi olacaq, istismarda olan binalara şamil olunmayacaq. Qeyd edək ki, qanunda binaların enerji effektivliyi üzrə pasportlaşdırılması qaydaları öz əksini tapıb. Həmin qaydalar Nazirlər Kabineti tərəfindən təsdiq ediləcək.
Bəs yeni binalar üçün enerji effektivliyi pasportunun məqsədi nədir? Bu sənədin vətəndaşa, tikinti şirkətinə və dövlətə nə kimi faydaları olacaq? Bu tələbin tətbiqi mənzil qiymətlərinə təsir edə bilərmi? Yeni pasportlaşdırma prosesi vətəndaş üçün əlavə xərclər yaradacaqmı? Ümumiyyətlə, tikinti şirkətləri bu tələblərə hazırdırlarmı?
Azərbaycan Qiymətləndiricilər Palatasının Rəyasət Heyətinin sədr müavini Günay İsmayılqızı mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb: “Enerji effektivliyi pasportunun başlıca məqsədi tikinti sahəsində enerji resurslarının optimal istifadəsini təmin etmək, istismar dövründə enerji itkisini minimuma endirmək və ekoloji davamlı inkişaf prinsiplərinə uyğunluq yaratmaqdır. Bu sənəd binanın enerji sərfiyyatı üzrə əsas texniki-parametrik göstəricilərini sistemləşdirilmiş şəkildə təqdim edir və həm dövlət nəzarət orqanları, həm layihəçi və podratçı təşkilatlar, həm də son istehlakçılar üçün şəffaf informasiya bazası formalaşdırır. Beləliklə, mənzil və ya qeyri-yaşayış sahəsi əldə edən şəxs binanın enerji səmərəliliyi sinfi barədə qabaqcadan məlumat əldə edir ki, bu da onun uzunmüddətli kommunal və istismar xərclərinin proqnozlaşdırılmasına və optimallaşdırılmasına imkan yaradır”.
Ekspert bu sənədin vətəndaşa, tikinti şirkətinə və dövlətə faydalarından danışıb: “Enerji effektivliyi pasportunun tətbiqi mənzil və ya qeyri-yaşayış sahəsinin istismar dövründə enerji xərclərinin əhəmiyyətli dərəcədə azalmasına şərait yaradır. Bu, xüsusilə qış mövsümündə isitmə, yay mövsümündə isə soyutma üçün tələb olunan enerji sərfiyyatının optimallaşdırılması ilə özünü göstərir. Pasport, istehlakçı üçün şəffaflıq təmin edərək, müxtəlif binaların enerji səmərəliliyi siniflərini müqayisə etməyə və daha qənaətcil, uzunmüddətli perspektivdə xərcləri az olan obyektləri seçməyə imkan verir.
O ki qaldı, tikinti şirkətlərinin mənfəətinə, bu tələbin icrası layihə keyfiyyətinin yüksəldilməsinə, müasir enerji səmərəliliyi standartlarına uyğun dizayn həllərinin tətbiqinə və bazarda rəqabət üstünlüyünün əldə edilməsinə xidmət edir. Yüksək enerji səmərəliliyi sertifikatına malik binalar daha sürətlə satılır, bazar dəyərini uzun müddət qoruyur və tikinti şirkətinin reputasiyasını möhkəmləndirir.
Eləcə də, enerji effektivliyi pasportlaşdırması milli enerji resurslarından səmərəli istifadəni təşviq edir, ölkənin enerji balansına və dayanıqlı inkişaf strategiyasına müsbət təsir göstərir. Bu yanaşma həm də ekoloji yükün azaldılmasına, karbon emissiyalarının minimuma endirilməsinə və beynəlxalq enerji səmərəliliyi üzrə öhdəliklərin icrasına töhfə verir”.
Günay İsmayılqızı, “bu tələbin tətbiqi mənzil qiymətlərinə necə təsir edəcək” sualına belə cavab verib: “Qısamüddətli perspektivdə müəyyən qiymət artımı ehtimalı ola bilər, çünki layihələrə əlavə enerji səmərəliliyi həlləri, texniki avadanlıqlar və daha yüksək keyfiyyət standartları inteqrasiya ediləcək. Bununla belə, uzunmüddətli dövrdə bu proses bazarın sağlamlaşmasına, tikinti sektorunda keyfiyyətin artmasına və vətəndaşların daha qənaətcil mənzil seçimləri etməsinə şərait yaradacaq. Enerji istehlakında əldə olunan illik qənaət bir neçə il ərzində ilkin qiymət fərqini kompensasiya edərək ümumi yaşayış xərclərini azaldacaq və investisiyanın geri dönüşünü təmin edəcək”.
“Bəs yeni pasportlaşdırma prosesi vətəndaş üçün əlavə xərclər yaradacaqmı” sualına mütəxəssis deyib ki, enerji effektivliyi pasportunun hazırlanması ilə bağlı xərclər tikinti layihəsinin erkən mərhələlərində, layihələndirmə və smeta tərtibi prosesində nəzərə alınmalı və ümumi layihə-smeta dəyərinə inteqrasiya olunmalıdır: “Bu yanaşma xərclərin optimallaşdırılmasına, resursların rasional bölüşdürülməsinə və pasportlaşdırma prosesinin tikinti dövrünün ayrılmaz tərkib hissəsinə çevrilməsinə şərait yaradır. Beləliklə, enerji pasportunun hazırlanması ilə bağlı məsrəflər alıcı üçün ayrıca maliyyə yükü kimi çıxış etmir və mənzil qiymətinə əlavə, süni artım şəklində təsir göstərməməlidir.
Bunun əksinə olaraq, belə bir mexanizmin tətbiqi vətəndaşa bir sıra strateji üstünlüklər qazandırır. Alıcı enerji səmərəliliyi sinfi üzrə standartlaşdırılmış məlumat əldə etməklə mənzil seçimini daha rasional qərar əsasında həyata keçirir. Yüksək enerji səmərəliliyi göstəricilərinə malik binalar istismar dövründə daha az enerji sərf edir ki, bu da kommunal xərclərin azalması, mənzil büdcəsinin optimallaşdırılması və uzunmüddətli perspektivdə ümumi yaşayış xərclərinin aşağı düşməsi ilə nəticələnir.
Nəticə etibarilə, enerji pasportunun tətbiqi yalnız tikinti şirkətləri üçün hüquqi öhdəlik deyil, həm də bazar iqtisadiyyatı baxımından əlavə dəyər yaradan, istehlakçının rifahını və ölkənin enerji təhlükəsizliyini gücləndirən mühüm mexanizmdir. Bu, həm də dövlətin dayanıqlı inkişaf strategiyasına uyğun olaraq karbon emissiyalarının azaldılması və milli enerji resurslarından səmərəli istifadənin təşviqi baxımından əhəmiyyətli alət rolunu oynayır”.
Mütəxəssis tikinti şirkətlərinin bu tələblərə hazır olub-olmamasına da cavab verib: “Hazırkı mərhələdə iri tikinti şirkətləri beynəlxalq tikinti normaları və enerji səmərəliliyi standartlarına uyğun layihələrin işlənib hazırlanması istiqamətində sistemli addımlar atır və bu tələblərə mərhələli şəkildə inteqrasiya olunma prosesini həyata keçirir. Kiçik və orta həcmli tikinti subyektləri üçün isə institusional hazırlığın gücləndirilməsi, maarifləndirmə və peşəkar təlim proqramlarının təşkil edilməsi zəruridir. Bu məqsədlə dövlət qurumlarının, sahə üzrə peşəkar assosiasiyaların və akademik qurumların birgə fəaliyyət göstərməsi, metodoloji tövsiyələr və normativ-metodik sənədlərlə təminat mexanizmlərinin formalaşdırılması keçid prosesinin daha sürətli və səmərəli həyata keçirilməsinə şərait yaradacaq”.
Afaq MİRAYİQ,
Musavat.com
18 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ