Onlayn ictimai-siyasi qəzet
“Rusiyada ictimai yerlərdə hicab və niqabın geyilməsinə qadağa qoyulmalıdır. Niqab geyən miqrant ailələri isə ölkədən çıxarılmalı və geri qayıtmalarına icazə verilməməlidir”.
Musavat.com xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsinin sədr müavini Aleksandr Boroday NEWS.ru-ya açıqlamasında bildirib.
Deputat vurğulayıb ki, bu tədbir vətəndaşlar arasında narahatlıq və qorxu səviyyəsini azaltmaq üçün zəruridir:
“Qanunvericilik baxımından ölkəmizdə müsəlman geyimlərini geyinmək qadağan edilməyib. Ancaq niqablara tam qadağa çoxdan tətbiq olunmalı idi. Vətəndaşların əksəriyyəti radikal islam terrorizmi obrazı qarşısında daxili gərginlik yaşayır və bu hiss hicab və niqab geyinmiş qadınlarla bağlıdır. Belə geyimlər əhalinin çoxunda qorxu və aqressiya doğura bilər ki, bu da tamamilə təbiidir”.
Boroday əlavə edib ki, niqablı qadın obrazı terror yolu ilə öz baxışlarını diktə etməyə çalışanlarla assosiasiya olunur və bu, xüsusilə pravoslav və rus xalqı arasında narahatlıq yaradır. Yəni insanlar özlərini potensial təhlükə altında hiss edirlər.
“Əgər belə geyimlər geyinmək istəyirlərsə, qoy evdə otursunlar. Yeni gəlmiş miqrant ailələri isə sadəcə ölkədən çıxarılmalı və geri dönmələrinə icazə verilməməlidir”, - deputat deyib.
Musavat.com
18 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ