Onlayn ictimai-siyasi qəzet
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, İşsizlikdən Sığorta Fondunun 2024-cü il üçün büdcə layihəsi “Büdcə sistemi haqqında” Qanuna və digər qanunvericilik sənədlərinə uyğun hazırlanıb.
Musavat.com xəbər verir ki, komitə sədri bunları qeyd edib:
“Büdcə layihəsi növbəti il üçün ölkənin iqtisadi və sosial inkişafı, məşğulluq imkanları, demoqrafik vəziyyət və əmək ehtiyatları proqnozlarına əsaslanaraq tərtib edilib. 2024-cü ildə Fondun gəlirləri və xərcləri bərabər olmaqla, 238 milyon manat nəzərdə tutulur ki, bu da cari ildəkindən 20,3 milyon manat, yaxud 9,3% çoxdur. İşsizlikdən Sığorta Fondunun gəlirlərinin 179,98 milyon manatı, yaxud 75,6%-i işsizlikdən sığorta haqları üzrə yığımın, 57,95 milyon manatı, yaxud 24,4%-i isə cari ilin sonuna qədər istifadə olunmamış vəsait hesabına formalaşacaq”.
Komitə sədri bildirib ki, sığorta haqları üzrə yığımın 74,8%-i qeyri-büdcə sektorunun payına düşəcək:
“Gələn ildə İşsizlikdən Sığorta Fondunun xərcləri 13 istiqaməti əhatə edəcək. Xərclərin 30,7%-i özünüməşğulluq tədbirlərinin, 23,1%-i məşğulluq xidməti orqanının saxlanmasının, 18,9%-i sosial sahədə xidmətlərin əmək haqqının müştərək ödənilməsinin, 14,7%-i peşə hazırlığı və əlavə təhsilin təşkili xərclərinin maliyyələşməsinə yönəldiləcək. Gələn il işsizliyə görə sığorta ödənişi almaq hüququ olan şəxslərin dairəsinin genişlənməsi, o cümlədən, torpaq payı olan vətəndaşlar üçün belə hüququn yaradılması, sığorta stajı barədə tələbin yumşaldılması, yeni xitam əsasının yaradılması və s. yeniliklərin tətbiq edilməsi işsizliyə görə sığorta ödənişi xərc maddəsinin dairəsinin 30%-ə qədər artmasını nəzərdə tutur. Cari illə müqayisədə 2024-cü ildə işsizliyə görə sığorta ödənişləri xərclərinin 4 milyon manat, yaxud 26,6 %, peşə hazırlığı və əlavə təhsilin təşkili xərclərinin 13 milyon manat, yaxud 37%, sosial iş yerlərində işçilərin əmək haqlarının bir hissəsinin ödənilməsi xərclərinin 2 milyon manat, yaxud 50% artırılması, özünüməşğulluq tədbirlərinin maliyyələşdirilməsi xərclərinin 14,5 milyon manat, yaxud 16,6% azaldılması nəzərdə tutulur. Özünüməşğulluq tədbirlərinin maliyyələşdirilməsi xərclərinin azaldılması peşə hazırlığı və əlavə təhsilin təşkilinə daha çox önəm verilməsi ilə bağlıdır”.
Musa Quliyev qeyd edib ki, növbəti ildə də özünüməşğulluq layihəsi davam edəcək, bu proqram çərçivəsində 10 000 nəfərin İşsizlikdən Sığorta Fondunun xərcləri hesabına, daha 6000 nəfərin isə Dünya Bankının layihəsi ilə özünüməşğulluq təlimlərinə cəlb olunması nəzərdə tutulur:
“Beləliklə, özünüməşğulluq proqramı ilə məşğulluğu təmin olunanların sayı 80 000 nəfərə çatacaq. İşsizlikdən Sığorta Fondunun büdcə layihəsi 2024-cü ildə sığorta olunanların itirilmiş əmək haqlarının kompensasiya edilməsinə, özünüməşğulluq, peşə hazırlığı və peşəyönümü tədbirlərin keçirilməsi, ictimai-sosial işlərin və s. xidmətlərin maliyyələşməsi üçün optimal əsaslar yarada biləcək”.
E.Paşasoy,
Musavat.com
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ