Onlayn ictimai-siyasi qəzet
Azərbaycanın görkəmli bəstəkarı, 95 yaşlı Xalq artisti Tofiq Bakıxanov əməliyyat olunub. Musavat.com xəbər verir ki, bu barədə oftalmoloq Paşa Qəlbinur facebook hesabında paylaşım edib.
“Böyük bəstəkarımız Tofiq Bakıxanov əməliyyat sonrası dünyanın 100%-lik işığında”,-deyə həkim yazıb.
Qeyd edək ki, Tofiq Əhmədağa oğlu Bakıxanov 1930-cu il dekabr ayının 8-də Bakıda, görkəmli tarzən, Azərbaycanın xalq artisti Əhməd Bakıxanovun ailəsində dünyaya göz açıb. O, ilk musiqi təhsilini Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası (indiki Bakı Musiqi Akademiyası) nəzdindəki onillik musiqi məktəbində (indiki Bülbül adına orta ixtisas musiqi məktəbi) skripka aləti üzrə respublikanın Əməkdar müəllimi M. İ. Simberovdan alıb. Daha sonra Azərbaycan Dövlət Konservatoriyasında iki ixtisas üzrə təhsil alıb, buranı 1953-cü ildə skripka ixtisası (Aleksandr Amitonun sinfi), 1957-ci ildə isə bəstəkarlıq ixtisası üzrə (professor Q. Qarayevin sinfi) bitirib.
T. Bakıxanovun yaradıcılığında kamera-instrumental və simfonik janrlı əsərlər üstünlük təşkil edir. O, üç balet ("Xəzər balladası", "Şərq poeması" və "Xeyir və Şər"), bəstəkar Nəriman Məmmədovla birlikdə yazdığı 3 musiqili komediya ("Altı qızın biri pəri", "Məmmədəli kurorta gedir", "Qız görüşə tələsir"), tar və müxtəlif alətlər ilə simfonik orkestr üçün 25 konsert, 20 sonata, 5 simfonik muğam ("Nəva", "Şahnaz", "Rahab", "Humayun", "Dügah"), 8 simfoniya, 6 simfonik poema, kamera musiqisi sahəsində 26 sonata, müxtəlif tərkibli ansambllar üçün əsərlərin, 100-dən artıq mahnı və romansın müəllifidir.
Şahanə Rəhimli
Musavat.com
03 Iyul 2025
02 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ