İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynanın rusiyalı generalla birlikdə vurduğu Nəriman Şıxəliyev kimdir?

Rusiya Hərbi Dəniz Qüvvələri komandanının müavini general mayor Mixail Qudkov və döyüş yoldaşı, zabit Nəriman Şıxəliyev Ukrayna Hərbi Hava Qüvvələrinin HIMARS sisteminin zərbələri nəticəsində ölüb.

Musavat.com xəbər verir ki, bu barədə Ukrayna KİV məlumat yayıb.

Məlumatda bildirilir ki, Ukrayna hərbi aviasiyası Kursk vilayətində birbaşa M.Qudkov, N.Şıxəliyev və digər yüksək rütbəli hərbçilərin olduğu komanda məntəqəsini hədəfə alıb.

Ölümün hansı şəraitdə baş verdiyi barədə rəsmi məlumat verilmir, amma Ukraynanın hərbi mənbələri Kursk vilayətinin Korenevo kəndindəki komanda məntəqəsinə HIMARS-la zərbələr nəticəsində M.Qudkov, onun müavini və 10-20 rusiyalı hərbçinin məhv edildiyini bildirirlər.

“Komandirlə birlikdə onun sadiq yoldaşı və ortaq dostumuz Nəriman Şıxəliyev də həlak olub. Əsl dəniz piyadaları, əsl zabitlər ”, -deyə Amur vilayətinin qubernatoru Oleq Kojemyako teleqram kanalında yayıb.

Maraqlıdır Rusiyalı general mayor Qudkovun yaxın dostu hesab edilən Nəriman Şıxəliyev kimdir. Musavat.com onun kimliyi ilə maraqlanıb və kiçik araşdırma edib.

Məlum olub ki, Nəriman Şıxəliyev Şamsutdinoviç Dağıstanın Tabasaran rayonunun Dyubek kəndindəndir. 

Dağıstanın Tabasaran rayon administrasiyasının məlumatına görə, Şıxəliyev Rusiya Silahlı Qüvvələrinin tərkibində 155-ci ayrı-ayrı dəniz piyada briqadasının bölməsində müqavilə əsasında xidmət edib. Hərbi əməliyyatın ilk günlərindən o, ön cəbhədə olub. Qarşıya qoyduğu tapşırıqları uğurla yerinə yetirdiyinə görə  2022-ci ilin noyabrında prezident Vladimir Putin onu “İgidliyə görə” ordeni ilə təltif edib. Ona  yüksək mükafatı Şərq Hərbi Dairəsinin komandanı, general-leytenant Rüstəm Muradov təqdim edib. O, 2-ci dərəcəli kapitan idi və çox güman ki, Korenevoda vurulan eyni komanda məntəqəsində olub.

Qeyd edək ki, Ukrayna hərbçilərinin fikrincə, 155-ci briqada Buça, İrpen və Qostomel şəhərlərinin ələ keçirilməsində iştirak edib və ukraynalı mülki şəxslərin öldürülməsində iştirak edə bilərdi. Ukrayna Silahlı Qüvvələrinin məlumatına görə, briqada Kiyev vilayətində gedən döyüşlərdə şəxsi heyətinin yarıdan çoxunu itirib. Jurnalistlərin hesablamalarına görə, 2023-cü ilin sonuna qədər bu briqada Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı zamanı ən çox itki verib.

 

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR