İnsanlara hürriyət, millətlərə istiqlal!

Musa Qasımlı: “Dövlət başçımızın verdiyi qələbə xəbəri milləti sevinc göz yaşlarına bürüdü”

Milli Məclis sədrinin müavini Musa Qasımlı parlamentin bu gün keçirilən iclasında Zəfər günündən danışıb.

Musavat.com-un xəbərinə görə, o bildirib ki, tariximizin şanlı səhifələrindən biri olan Şuşa şəhərinin düşmən işğalından azad edilməsinin dördüncü ili tamam olur:

“Təcavüzkar Ermənistan tərəfindən şəhər işğal edildikdən sonra Azərbaycan xalqı daim onun nə zaman, necə azad ediləcəyini düşünüb, illər ötdükcə bu ümidlər də azalıb. Nəhayət, cənab Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında 2020-ci il sentyabrın 27-dən başlayan Vətən müharibəsinin 8 noyabr günündə bu həsrətə son qoyuldu. Dövlət başçımızın verdiyi qələbə xəbəri milləti sevinc göz yaşları selinə bürüdü.

Qələbənin qazanılmasında iqtisadi güc, siyasi iradə, milli birlik, Qusardan Astaraya, Naxçıvandan Ağstafaya qədər bütün şəhər, rayon, qəsəbə və kəndlərdən vətəndaşlarımızın tək bayraq altında tək millət kimi dəmir yumruq ətrafında birləşərək tək dövlət, tək vətən uğrunda ədalətli, azadlıq müharibəsinə çiyin-çiyinə getmələri, səmərəli xarici siyasət, güclü ordu, Azərbaycan hərbçisinin qəhrəmanlığı, cənab Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin uca şəxsiyyəti, üstün zəkası, prinsipial mövqeyi, qəti iradəsi, mahir diplomatiyası, dahiyanə strateqliyi, yüksək sərkərdəlik məharəti, millətin dövlət rəhbərinə böyük inam və etimadı, Heydər Əliyev Fondunun rəhbəri hörmətli Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Bakıda keçirilən dinlərarası, sivilizasiyalararası dialoq forumlarının, müxtəlif ölkələrdəki tədbirlərin “yuşmaq güc” rolunu oynaması vacib amillər oldu”.

M.Qasımlı bildirib ki, 1992-ci ildə Şuşanın təcavüzkar Ermənistan tərəfindən işğal edilməsi, 2020-ci ildə isə şanlı Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad olunması bir sıra ibrət dərsləri verir:

“Şuşa şəhəri ölkəmizdə xaos, anarxiya, dövlət hakimiyyətinin qanadları arasında intriqalar, dövlət rəhbərləri zəif olanda işğal edilmişdi. Şəhər və digər torpaqlarımız ölkəmizdə sabitlik, ciddi qayda-qanun, güclü dövlət, qüdrətli dövlət rəhbəri, millət dövlətinin yanında olanda xilas edildi. Deməli, millətimizin və dövlətimizin bundan sonra da inkişafının və qarşıya qoyduğu hədəflərə çatmasının təməlində məhz bu amillər dayanır.

Şuşada və digər yaşayış məntəqələrində planlı aparılan dirçəliş işləri, vətəndaşlarımızın doğma yurdlarına qayıtmaları qürur verir. Bu gün bütün şəhidlərimizin də ruhu şaddır. Allah şəhidlərimizə rəhmət eləsin”.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR