İnsanlara hürriyət, millətlərə istiqlal!

Münxen görüşləri Azərbaycanın getdikcə artan gücünü dünyaya bəyan etdi

“Bir neçə gün əvvəl Almaniyanın Münxen şəhərində keçirilən Münxen Təhlükəsizlik Konfransında Prezident İlham Əliyevin keçirdiyi görüşlər Azərbaycanın növbəti diplomatik uğurunun bariz nümunəsi oldu. Bir faktı xüsusilə qeyd etmək istərdik ki, dövlətimizin başçısının keçirdiyi 14 görüşün hamısının təşəbbüskarı məhz qarşı tərəf olub. Bu fakt ölkəmizin liderinin dünyada  getdikcə artan reytinqinin göstəricisidir. Bu konfrans, eyni zamanda,  Azərbaycanın getdikcə artan gücünü, qüdrətini  dünyaya bəyan etdi. Azərbaycan Prezidenti  konfransa həm də işğaldan azad edilmiş torpaqlarımız da daxil olmaqla ölkənin bütün ərazisində keçirilən növbədənkənar prezident seçkilərinin qalibi kimi qatılmışdı. Dövlətimizin başçısı ilə qarşı tərəflərin keçirdikləri görüşlərdə onu prezident seçkilərində qələbə qazanması münasibətilə təbrik etmələri Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərinin azad, ədalətli, beynəlxalq hüquq normalarının tələbləri səviyyəsində keçirilməsinin dünya birliyi tərəfindən qəbul edilməsidir”. 

Bu fikirləri redaksiyamıza  açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.

Hüquq müdafiəçisi deyib ki, Münxen Təhlükəsizlik Konfransı nüfuzlu bir tədbirdir. Konfrans, əsasən, dünya liderlərinin, aparıcı beynəlxalq təşkilatların, nüfuzlu elm mərkəzlərinin rəhbərləri və tanınmış ekspertlərin toplaşdığı ən mühüm platformalardan biridir. Belə bir tədbirdə iştirak edən dövlətlərin və beynəlxalq təşkilatların nümayəndələrinin dövlətimizin başçısı ilə görüşə can atmaları diplomatiyamızın növbəti uğurudur. Xüsusilə qeyd etmək istərdim ki, Amerika Birləşmiş Ştatlarının  Dövlət katibi Antoni Blinkenin, ATƏT-in Baş katibi, Münxen Təhlükəsizlik Konfransı Fondu Şurasının vitse-prezidenti xanım Helqa-Mariya Şmidin,  Münxen Təhlükəsizlik Konfransının sədri Kriştof Xoysqenin, Avropa Komissiyasının Avropa Yaşıl Saziş Təşəbbüsü, təsisatlararası əlaqələr və planlaşdırma üzrə İcraçı vitse-prezidenti Maroş Şevçoviçin, ABŞ Prezidentinin iqlim üzrə xüsusi nümayəndəsi Con Kerrinin və digərlərinin dövlətimizin başçısı ilə onların öz təşəbbüsləri ilə görüşmələri Azərbaycanın və onun liderinin yüksək nüfuz sahibi olmasının göstəricisidir.

Ç.Qənizadə bildirib ki, dövlət başçımızın həyata keçirdiyi uğurlu xarici siyasət sayəsində Azərbaycanın beynəlxalq aləmdəki  nüfuzu daha da yüksəldi, bizimlə əməkdaşlıq etmək istəyən dövlətlərin sayı durmadan artdı. Bu illər ərzində Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatında aparıcı dövlətlərdən birnə çevrilib. Bir vaxtlar Avropanı neftlə təmin edən Azərbaycan, indi də qaz təminatşısına çevrilib. Hazırda 10-a yaxın Avropa ölkəsi Azərbaycan qazı ilə təmin olunur. Ən başlıcası isə beynəlxalq aləmdə Prezident İlham Əliyevin  siyasi fenomeninin qəbul edilməsidir. Bütün bunlar Münxen Təhlükəsizlik Konfransında açıq şəkildə özünü büruzə verdi. 

İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə  Azərbaycanın güclü, qüdrətli  dövlətə çevrilməsi dünya ictimaiyyəti tərəfindən də ertiraf olunur.  ABŞ Dövlət katibinin möhtərəm Prezidentimizlə görüşü zamanı  Azərbaycanla ikitərəfli əlaqələri çox yüksək qiymətləndirdiklərini  diqqətə çatdırması da ölkəmizlə əməkdaşlığı davam etdirmələrində maraqlı olmasından xəbər verir. Blinken ikitərəfli münasibətlərin və ölkələrimiz arasında əməkdaşlığın daha da gücləndirilməsi üçün yaxşı imkanların olduğunu da bildirib. 

Hüquq müdafiəçisi dövlətimizin başçısının xanım Helqa-Mariya Şmidlə görüşündəki bəzi məqamları da xatırladaraq deyib ki, Prezident İlham Əliyev ATƏT çərçivəsində keçmişin qalıqları olan bir sıra mexanizmlərin - bu xüsusda Minsk qrupu, Yüksək Səviyyəli Planlaşdırma Komitəsi və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi kimi tamamilə fəaliyyətsiz strukturların artıq ləğv edilməsinin vaxtının çoxdan yetişdiyini vurğuladı. Ç.Qənizadə Almaniya kanslerinin təşəbbüsü ilə təşkil olunan Ermənistan-Azərbaycan liderlərinin görüşünün  konstruktiv və faydalı mühitdə keçdiyini qeyd edib. Görüş zamanı iki ölkə arasında münasibətlərin normallaşdırılması, sərhədlərin delimitasiyası və sülh müqaviləsi üzrə danışıqların aparılması istiqamətində razılıqların əldə olunduğu, bu xüsusda xarici işlər nazirləri səviyyəsində tezliklə görüşün keçiriləcəyinin razılaşdırıldığı diqqətə çatdırılıb. 

“Münxen Təhlükəsizlik Konfransında dövlətimizin başçısının keçirdiyi görüşlər Azərbaycanın xarici siyasətinin uğurlarının Cənubi Qafqaz regionunun hüdudlarını aşaraq beynəlxalq aləmdə əks-səda doğurduğunun şahidi olduq. Bu, Azərbaycanın getdikcə daha güclü və qüdrətli olacağından xəbər verir”, - deyə Ç.Qənizadə bildirib. 

CİNA.jpeg (96 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR