İnsanlara hürriyət, millətlərə istiqlal!

Müharibəsiz il – 2025-də komandoslarımızın “işi” artacaq

Deyirlər istənilən pis, yəni kövrək sülh müharibədən yaxşıdır. Ancaq həmişə yox. Biz bunun əyani nümunəsini erməni işğalı dövründə gördük. ATƏT-in üzdəniraq Minsk Qrupu atəşkəsə razılıq vermiş Azərbaycanı öz fəaliyyəti dövründə faktiki işğalla barışdırmağa çalışdı. Nəticə bəlli: səbri tükənən Azərbaycan xalqının 44 günlük Vətən savaşı.

Layiqli cəzasını almış Ermənistanın rəhbərliyi isə düşdüyü bataqlığa deyəsən təzədən can atır. İrəvanda yenə “Bəlkə də qaytardılar” ümidi ilə, revanşist hisslərlə yaşayırlar. Danışıqların məntiqi sonluğa çatmasını əngəlləməyin, vaxtı qəsdən uzatmaqla sürətlə silahlanmağın, təzə il üçün özünə rekord həcmdə hərbi büdcə (1.7 milyard dollar) müəyyən etməyin ayrı hansı adı, hədəfi ola bilər ki. Hətta arada Bakı ilə qalib ədası ilə, şərt dilində danışmağa cəsarət edir “sorosçu” Nikol Paşinyan.

Ancaq 2024 Azərbaycan-Ermənistan sülh prosesi kontekstində nə qədər nəticəsiz olsa da, pozitivlər yox deyil. Bu da sözsüz ki, Bakının xarici siyasətdə sərgilədiyi prinsipial mövqe, “dəmir yumruq” təhdidi və diplomatik həmlələri sayəsində mümkün oldu. O cümlədən bu il tərəflər arasında sərhəddəki qanlı fevral insidenti nəzərə alınmazsa, ciddi hərbi toqquşma qeydə alınmadı. İlk dəfə olaraq, sərhədin demarkasiyası və Qazaxın 4 kəndinin geri qaytarılması dinc şəkildə reallaşdı, sərhəd dirəkləri basdırıldı...

Doğru, sülh danışıqları 2024-cü ildə də sülh müqaviləsi ilə, yaxud hansısa çərçivə sənədi ilə yekunlaşmadı. Amma tərəflərin mövqeləri xeyli aydınlaşdı. Böyük sülhə kimin, hansı mərkəzlərin əngəl yaratdığı dəqiqləşdi. İl sonu o da bəlli oldu ki, sülh müqaviləsi layihəsinin preambulası və 17 bəndindən 15-i artıq razılaşdırılıb. Həmin iki bəndi isə dekabrın 18-də Azərbaycan Prezidenti ilk dəfə açıqladı: 1. Tərəflərin bir-birinə qarşı beynəlxalq iddialardan imtinası. 2.Üçüncü ölkələrin nümayəndələrinin sərhəddə yerləşdirilməməsi.

İlham Əliyev həmçinin sülh müqaviləsi mətninə aidiyyəti olmayan, lakin onun imzalanması üçün son dərəcə vacib olan iki şərt-tələbə diqqət yönəltdi: 1. Ermənistan konstitusiyasından Azərbaycana qarşı ərazi iddiası ilə bağlı müddəanın çıxarılması; 2. ATƏT-in Minsk Qrupunun ləğvi.

Mübaliğəsiz demək olar, 2025-də sülh prosesinin aqibəti xeyli dərəcədə həmin iki bənd və iki şərtə rəsmi İrəvanın konstruktiv yanaşıb-yanaşmayacağı və öz xalqına sülhə hazırlayıb-hazırlamayacağından birbaşa asılı olacaq. Demək, hərb, yoxsa sülh dilemması, bölgədə nəhayət, daimi sülh və əməkdaşlığın bərqərar olub-olmaması yenə kapitulyant ölkənin davranışına bağlı qalacaq. “Top” çoxdan erməni tərəfdə...

Bu ilin Azərbaycan üçün ən böyük siyasi-diplomatik uğurlarından biri isə əlbəttə ki, rus hərbçilərinin Qarabağdan çıxarılmasıdır. Biz artıq Güney Qafqazda yeganə ölkəyik ki, ərazisində xarici hərbi qüvvə, bircə yad əsgər yoxdur. Buna məhz cari ildə nail olduq.

Belə bir ifadə-test var: gerçək müstəqil dövlət ərazisində başqa dövlətin hərbi kontingenti olmayan dövlətdir. Bu xüsusda Azərbaycan nəinki bölgədə və MDB məkanında (Rusiya xaric), daha böyük coğrafiyada ən müstəqil ölkə sayıla bilər. Hətta qardaş Türkiyənin başqa dövlətin – ABŞ-ın hərbi bazası mövcuddur (İncirlik).

Bu da ən əvvəl uğurlu və balanslı xarici siyasət kursu hesabına mümkün olub. Yəqin ki, Bakı gələn il də ABŞ daxil, bəzi Qərb ölkələrinin və Avropa Parlamentinin təzyiqlərinə rəğmən (Trampın hakimiyyətə qayıdışı bu xüsusda optimizmi gücləndirir), oxşar strategiyanı izləyəcək. Azərbaycan eyni zamanda, ordu quruculuğuna diqqəti artırmaqla yanaşı, Ermənistanla müharibədən və ya böyük hərbi toqquşmadan yayınmağa çalışacaq.

Ona görə yox ki, kimdənsə çəkinirik. O səbəbə ki, Azərbaycanın daha müharibəyə, münaqişəyə ehtiyacı yoxdur – nə “izqoy” Ermənistanla, nə də digər ölkə ilə. Ondansa ölkə Qarabağın bərpasına, ərazilərin minalardan təmizlənməsinə daha çox vaxt və vəsait ayırmaqda maraqlıdır...

Təbii ki, hər şey bizim sülhpərvərliyimizdən də asılı deyil. Fors-major vəziyyətlər yarana, havadarlarının felinə gedən Ermənistana növbəti dəfə qulaqburması vermək lazım gələ, o sırada komandoslarımızın “işi” arta bilər. Gələn il Rusiya-Ukrayna müharibəsinin necə bitəcəyi və ardınca Moskvanın Güney Qafqaz siyasətinə hansı düzəlişləri edəcəyi də az önəm kəsb etməyəcək. Hazır olaq.

Şəkk-şübhəsiz, Bakının bütün riskli hallar uçub ehtiyat variantları, B, C planları var. Şuşa Bəyannaməsi də ki, öz yerində...

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR