İnsanlara hürriyət, millətlərə istiqlal!

Müharibəni və Ukraynanı bitirirlər...

Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevin nəzarətində olan ərazilərin NATO çətiri altına alınması şərti ilə münaqişənin qaynar fazasını dayandırmağa hazır olduqlarını bəyan edib. Musavat.com xəbər verir ki, bu barədə o, "Sky News" kanalına verdiyi müsahibəsində danışıb. Zelenski, Ukraynanın NATO üzvü olması üçün öz nəzarətində olan əraziləri birləşdirməyin vacibliyini vurğulayıb: "Müharibənin qaynar fazasını dayandırmaq istəyiriksə, nəzarətimizdə olan ərazini NATO çətiri altına almalıyıq. Bu, tez bir zamanda etməli olduğumuz bir nüansdır".

Prezidentin sözlərinə görə, NATO üzvlüyü münaqişənin səngiməsi üçün ən uyğun həll yoludur.

Bundan sonra isə Zelenski münaqişə bölgəsində diplomatik danışıqlar apararaq işğal altında olan ərazilərin qaytarılması üzərində işləmək niyyətində olduğunu bildirib. O qeyd edib ki, əvvəlki dövrlərdə belə bir təklifin yalnız rəsmi şəkildə irəli sürülmədiyi üçün bu məsələni nəzərdən keçirməyiblər.

Zelenskinin bu bəyanatı, Ukraynada geniş müzakirələrə səbəb olub. "Strana" nəşri bu ifadələrin Ukrayna Prezidenti tərəfindən 2022-ci ilin fevralından bəri işğal edilən əraziləri geri qaytarmadan münaqişəni dayandırmağa hazır olduğu ilə bağlı ilk açıq bəyanat olduğunu vurğulayıb.

Bəs Zelenskinin bu təklifləri qəbul edilə bilərmi?

Mütəllim Rəhimlinin yeni kitabı nəşr olunub - FOTO

Siyasi şərhçi Mütəllim Rəhimli Musavat.com-a bildirib ki, Donald Tramp Ukrayna torpaqları azad edilmədən müharibəni dayandırmaq istəyində olduğundan rəsmi Kiyev narahatlıq keçirməyə başlayıb. Müharibənin indiki şərtlər altında dayandırılması -cəbhədəki məğlubiyyət Zelenski hakimiyyətinin sonunu çatdıra bilər. Ukraynada yüz minlərlə insan müharibə qurbanı olub və bunun əvəzində heç bir uğurlu nəticə yoxdur. Ona görə də Zelenski çıxış yolları axtarmağa çalışır: “Özünü sığortalamaq və ictimai rəyi bilmək istəyir. Bu açıqlaması da onunla bağlıdır. Zelenskinin Ukraynanı işğal olunmamış əraziləri çərçivəsində NATO-ya qəbul edilməsi, digər ərazilərin isə danışıqlar yolu ilə qaytarılması ideyası müharibənin dayandırılmasına hazırlıq məqsədi güdür. Ukrayna lideri bununla həm də ictimai rəyin bu varianta münasibətini yoxlayır. Yəni Ukraynanın itirdiklərinin müqabilində ölkənin əldə qalan hissəsinin NATO-ya üzvlüyə qəbul edilməsinə xalqın necə yanaşdığını bilmək istəyir. Son məlumatlara görə ictimai rəy bu ideyanı yaxşı qəbul etmir, narazılıqlar var”.

M.Rəhimli qeyd edib ki, həmçinin Amerikadan da Zelenskinin bu təklifinə zidd mövqe ortaya qoyulub. Belə ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi təyin etdiyi istefada olan general-leytenant Kit Kellog Ukrayna münaqişəsinin həlli üçün bir sıra təkliflər irəli sürüb:

 “Həmin təkliflərdən birincisində Ukraynanın NATO üzvlüyünün təxirə salınması qeyd olunur. Açıq şəkildə bildirilir ki, Ukraynanın NATO-ya üzvlüyü qeyri-müəyyən müddətə təxirə salınacaq. Bu, geniş sülh sazişi və təhlükəsizlik zəmanətləri müqabilində həyata keçiriləcək. Bu o deməkdir ki, Tramp Kiyevi Rusiya ilə sülh sazişi imzalamağa məcbur etmək istəyir. Şərti də budur ki, Ukrayna yalnız bu sülh sazişindən sonrakı dövrdə NATO çətiri altına alına bilər. Qərbin, xüsusən də ABŞ-ın mövqeyi, əslində, Ukraynanın qurban verilməsinə bənzəyir”.

Etibar Seyidağa,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR