İnsanlara hürriyət, millətlərə istiqlal!

Müharibələr 100 şirkətə yüz milyardlarla gəlir gətirib – Dəhşətli hesabat açıqlandı

Dünyanın 100 ən böyük silah şirkətinin gəlirləri 2023-cü ildə 632 milyard dollara çatıb.

Musavat.com xəbər verir ki, məlumatı Stokholm Sülh Araşdırmaları İnstitutu (SIPRI) öz hesabatında açıqlayıb.

Bildirilir ki, göstərici 2022-ci illə müqayisədə real ifadədə 4,2 faiz artıb.

Hesabata görə, silah satışından əldə edilən gəlirdə artım Rusiya və Yaxın Şərq də daxil olmaqla bütün regionlarda müşahidə olunub. Eyni zamanda, kiçik istehsalçılar Qəzza və Ukraynadakı müharibələr, Şərqi Asiyada artan gərginlik və dünyanın başqa yerlərində yenidən silahlanma proqramları ilə bağlı yeni tələblərə cavab verməkdə daha effektiv olublar.

İnstitutun tədqiqatçısı Lorenzo Scarazzatonun dediyinə görə, silah satışından əldə edilən gəlirin artım tendensiyası 2024-cü ildə də davam edəcək.
Hesabatda qeyd olunur ki, IOP 100-ə daxil olan iki Rusiya şirkəti ümumi gəlirlərini 40 faiz artıraraq təxminən 25,5 milyard dollara çatdırıblar.
ABŞ-da yerləşən dünyanın 100 ən böyük şirkətindən 41-i 317 milyard dollarlıq silah satışı qeydə alıb.

Avropada yerləşən (Rusiya istisna olmaqla) 27 şirkətin (ilk 100 şirkətdən) ümumi silah gəlirləri 2023-cü ildə 133 milyard dollar təşkil edib. Bu, 2022-ci ildəkindən cəmi 0,2 faiz çoxdur ki, bu da dünyanın istənilən regionunda ən kiçik artımdır.

Eyni zamanda bir sıra digər avropalı istehsalçılar qeyd ediblər ki, onların silah satışından əldə etdikləri gəlirlər, Ukraynadakı müharibə ilə bağlı tələbat, xüsusilə də döyüş sursatları, artilleriya, hava hücumundan müdafiə sistemləri və yerüstü sistemlərə olan tələbat hesabına artıb. Xüsusilə Almaniya, İsveç, Ukrayna, Polşa, Norveç və Çexiya şirkətləri bu tələbdən yararlana biliblər. Məsələn, Almaniyanın Rheinmetall şirkəti 155 mm-lik döyüş sursatı üçün istehsal gücünü artırıb, Leopard tanklarının tədarükü və yeni sifarişlər hesabına gəlirləri artıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR