İnsanlara hürriyət, millətlərə istiqlal!

Müftə borş yoxdur - Zamin Hacı YAZIR...

Söz-söhbət gəzir ki... Əşşi, nə söhbət, ortada acı reallıq yaranıb, ABŞ Ukraynanın üstünə düşüb, deyir mənim istədiyimi eləməlisən. İstədiyi də Rusiyanın arzularıyla oturub-durmaqdır. Məsələn, torpağı versinlər, faydalı qazıntıları versinlər, suverenliyi versinlər, seçkiləri, demokratiyanı, insan hüquqlarını versinlər. Kərbəlayının məşhur aforizmini parafraz eləsək, Buça müsibəti belə olmamışdı.

Bircə mən biləni Trampın qarışmadığı yeganə şey borşdur. Hələlik borşun müəllif hüquqlarını tamamilə ruslara satmağı arzulamayıbdır. Ancaq niyə darıxırıq? Qabaqda bizi azı 4 illik əyləncəli, tragikomik hadisələr gözləyir. İkinci prezidentlik müddəti bitəndən sonra Trampın hakimiyyətdən asanlıqla əl çəkəcəyini umanlar varsa, gedib tarixi oxusunlar. Çox uzaq zaman deyil, 2020-ci ilin yanvarı idi... Həmin günlər Vaşinqtonda Konqresin binası eynilə bizim 92-ci ilin Milli Məclisini xatırladırdı. Cəbhəçi zənənlər Ayazın gözünə zontik soxmağa hazırlaşdığı kimi, amerikalı kovboylar da çomaq götürüb girmişdilər binaya.

Ancaq canım-gözüm Ukrayna üçün bir təsəlli və təskinlik var ki, bu əhvalat elnən gələn bəladır, hamı yaşayıb. Misal üçün, elə yenə özümüzü yada salsaq, 1992-ci ildə rus-erməni hərbi birlikləri dalbadal Azərbaycan kəndlərini, rayonlarını işğal etməyə başlayanda amerikalılar kimə embarqo qoymuşdular? Bəlkə ermənilərə 1 milyard dollarlıq silah peşkəş etməyə hazırlaşan Yeltsinə? Yox, əşşi. O vaxt rus lideri amerikalıların əziz xələfi idi, birgə dans edir, araq-viski vururdular. Qadağa bizə qoyulmuşdu, nömrəsi də 907 idi. Təsadüfə baxın ki, cəmi 4-5 ay sonra AXC hökumətinə qiyam qaldıran hərbi hissənin nömrəsi 709 idi. Güzgü şəklində əksi. ABŞ və Rusiyanın dünya siyasətindəki nömrələri.

Hələ ondan da qabağa getsək, birinci respublikamızı tanıtmaq üçün Paris konfransına gedən Topçubaşovun “Azərbaycanın müstəqilliyini tanıyın” istəyini rədd edənlərin başında ABŞ prezidenti Vudro müəllim durmuşdu. Görünür bizdən nəsə almağa ümidləri yox imiş.

Bax, əsas məsələ elə bu alqı-satqı işlərindədir və ABŞ-ı, Trampın kəskin addımlarını qınayanların ticarətdən başı çıxmır. Adam deyir ki, 2022-ci ilin fevralınacan Rusiya ilə alver edəydiniz, başını qataydınız, iş müharibəyə gəlib çıxmayaydı. Yoxsa bizə arxayın olmusunuz, ortada da eşşək boyda okean var, haçan gəlib çıxarıq... Amma 500 milyardlıq mineral versəniz, başqa məsələ. Sürətlə gələrik.

Müftə pendir ancaq siçan tələsində olur – bu elə anqlosaks ata sözüdür və amerikalılar üçün ciddi şüardır. Sözgəlişi, təklif edirəm bizim 2020-ci ildən qabaq neft-qaz müqavilələrimizi, Türkiyə iqtisadiyyatına və özəlliklə karbohidrogen emalına yatırdığımız milyardları, İtaliya limanlarındakı, İsraildəki neft axınlarını və sairəni və ilaxırı da bir az yada salasınız. Dünyadakı qarğa-quzğun sürüsü 2020-ci ildə və üzübəri nahaq yerə susmamışdı ki? Rəhmətlik Cəlal müəllim demişkən, “hamısı mandatını alıb oturmuşdu yerində”. Əl əli yuyar, əl də üzü. (Düzü, bu saat su xətlərimiz donduğu üçün mən üzümü çox yumuram, ümid edirəm bu yazıdan çox hiss edilmir).

Amerika Ukraynadan nəsə istəyirsə, vermək lazımdır. Çünki o zaman öz mənfəətlərini qorumağa ürəklə gələcəklər. Üstəlik, insaf naminə, Ukrayna üçün ən çox iş görənlərin, onu daha çox müdafiə edənlərin önündə elə ABŞ gəlir, Avropanın-filanın yardımları altda qalır. Avropa daha çox “göstərib verməmək” siyasəti aparıb, damcı-damcı, necə deyərlər, xəstəni öldürüb dərman edib. Tank, top, təyyarə, tüfəng – hər şeyə aiddir.

Hələ özü Avropa Birliyindən qalmaqalla çıxan, qitə həmrəyliyinə sağalmaz yara vurmuş Britaniyanın guya ümumAvropa canfəşanlığı lap anekdot kimi görünür. 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR