İnsanlara hürriyət, millətlərə istiqlal!

Müəllimə qarşı ittiham sübuta yetirildi- 7 il 6 ay həbs!

Sumqayıt şəhər 1 saylı Uşaq-Gənclər İdman Şahmat Məktəbinin müəllimi Ceyhun Əliyevin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

“Qafqazinfo”nun məlumatına görə, araşdırma nəticəsində 13 yaşlı tələbəsinə dəfələrlə seksual xarakterli hərəkətlər etməkdə ittiham olunan 53 yaşlı müəllimin təqsiri sübuta yetirilib.

Zərərçəkmiş yeniyetmə Gülər (şərti) ilkin və məhkəmə istintaqı dövründə hər şeyi etiraf edib. O deyib ki, müəllimi əvvəl ona ata kimi qayğı göstərib. Hər nailiyyət qazananda başından öpüb. Sonradan bu hərəkətləri xoşuna gəlməyib. Bir müddətdən sonra müəllimi daha da irəli gedərək ona qarşı tam dərk etmədiyi əxlaqsız hərəkətlər edib.

Bütün bunlara baxmayaraq, Gülər ifadəsində müəlliminin həbs edilməsini istəmədiyini deyib. Hətta C.Əliyevin ona görə həbs edilməsini istəmədiyi üçün bir ara ilkin ifadəsini də danıb.

Cüdo müəllimi kimi 15 illik stajı olduğunu, bu müddətdə çoxsaylı gənc idmançılar yetişdirdiyini deyən Ceyhun Əliyev isə məhkəmədə özünü təqsirli bilməyib. O, ittihamda yazılan heç bir şeyin real olmadığını deyib. Amma onun bu dedikləri ibtidai istintaq müddətində müstəntiqə danışdıqları ilə ziddiyyət təşkil edib. O, əvvəlki ifadəsində ittihamda yazılanları təsdiq edibmiş.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində Hafiz Əliyevin sədrlik etdiyi hakimlər müttəhimin səmimiyyətinə inanmayıblar. Bütün dəlil və sübutlar tədqiq olunduqdan, tərəflərin ifadələri dinlənildikdən sonra ittihamedici hökm çıxarılıb.

Hökmə əsasən, Ceyhun Əliyev 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Noyabr 2024

05 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR