İnsanlara hürriyət, millətlərə istiqlal!

Müdafiə Nazirliyindən 143 milyonluq oğurluq işi -"otkat"ları belə qaytarıblar

Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam edir. Nizami Məmmədovla bərabər müttəhimlər kürsüsünə Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvəllərinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadə çıxarılıblar.

Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək) maddəsi ilə ittiham irəli sürülüb. Hazırda məhkəmədə şahidlərin dindirilməsi mərhələsi davam edir.

Musavat.com xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində İlqar Naftalıyev ifadə verib.

O bildirib ki, şirkət rəhbəri işləyib. Onun sözlərinə görə, işlədiyi şirkət qol və yaxa nişanlarının hazırlanması ilə məşğul olub. Müdafiə Nazirliyinin sifarişi ilə qol və yaxa nişanları istehsal edərək təhvil veriblər: "Təhvil verdiyimiz sifarişlərin pulunu vaxtında ala bilmədiyimiz üçün nazirliklə əlaqə yaratmağa çalışırdıq. Nazirlik ilə 1 milyon 31 min manatlıq müqaviləmiz olub".

İlqar Naftalıyev ifadəsində Nizami Məmmədovu tanıdığını bildirib. Qeyd edib ki, Nizami Məmmədovla əlaqə saxlayıb və onunla müqavilə işlərini həll edib.

Suallara cavab verən şahid deyib ki, Akif Umudovu tanımayıb. Bildirib ki, onu Nizami Məmmədovla tanış edən vasitəçinin adı yadından çıxıb: "Bakı balaca şəhərdir. Hamı bir-birini tanıyır. Nizami Məmmədovu soraqlaşa-soraqlaşa gedib tapdım".

Şahid qeyd edib ki, Müdafiə Nazirliyindən ayrılan pullar onun rəhbərlik etdiyi şirkətin bank hesabına köçürülüb.

Daha sonra İlqar Naftalıyevin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilib. O, istintaqa verdiyi ifadəsində Maliyyə və Büdcə İdarəsinin əməkdaşı Akif Umudovla əlaqə saxlayıb və iş görüşməsi üçün müqavilə bağlayıblar. Deyib ki, aldığı puldan "otkat" olaraq 52 min manat Akif Umudova verib.

Sorğu-sual zamanı məlum olub ki, İlqar Naftalıyevin Nizami Məmmədovla əlaqəsi olmayıb. O deyib ki, məhkəmədə həyacanlı olduğu üçün Nizami Məmmədovun adını çəkib. İlqar Naftalıyev Nizami Məmmədovun adını çəkdiyi üçün ondan üzr istədiyini deyib: "Səhv salmışam, mən heç vaxt Nizami Məmmədovu görməmişəm. İşləri Akif Umudovla həll etmişik. Akif Umudova nazirlikdən aldığı pulun 3 faizini, yəni 52 min manatını "otkat" olaraq qaytarmışam".

Daha sonra şahid qismində dindirilən Elnur Məmmədov deyib ki, qazanxanaların təmiri ilə məşğul olan şirkətin rəhbəri olub: "Şirkəti 2011-ci ildə yaratmışıq. Müdafiə Nazirliyi ilə başqa şirkət rəhbəri olan Əlövsət Orucov vasitəsi ilə əlaqə yaratmışam. Əlövsət müəllim dedi ki, pulun müəyyən miqdarını idarəyə qaytarmalısan. Nazirliyə 8-10 faiz "otkat" qaytarırdıq. Müəyyən xərclərə görə faiz verməli olduğumuzu deyirdilər, biz də verirdik".

Onun sözlərinə görə, müqaviləni Müdafiə Nazirliyinin Mənzil-İstismar idarəsi ilə bağlayıblar. Aldığı pulun 236 min manatını "otkat" olaraq qaytarıb.

Daha sonra Nizami Məmmədovun vəkili Rəşad Mirmehdizadə prosesə gəlməyən şahidlərin məcburi gətirilməsi barədə qərar qəbul edilməsi üçün vəsatət verib. Vəkil Azər Məmmədov, Akif Umudov, Allahverdi Rzayev, Rəhim Lazımov və Sadiq Vəliyevin məhkəməyə məcburi gətirilməsi istəyib.
Müşavirə keçirən hakimlər vəsarəti təmin ediblər. Mülki şahidlər Azər Məmmədov və Akif Umudovun məhkəməyə məcburi gətirilməsi üçün polis orqanlarına müraciət olunacaq. Hərbiçi olan şahidlər Allahverdi Rzayev, Rəhim Lazımov və Sadiq Vəliyevin məhkəməyə gəlməsi üçün Müdafiə Nazirliyinin rəhbərliyinə məktub göndəriləcək. Məktubda həmin hərbiçilərin məhkəmədə iştirak etməsinin təmin olunması istəniləcək.
Növbəti proses mayın 17-də davam edəcək.

Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov, Hərbi Hava Qüvvəllərinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə, Müdafiə Nazirlinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi, polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər.

Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər.

Xatırladaq ki, cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır.

Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib. İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı ödənilib.

Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb.

 

E.Məmmədəliyev,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR