İnsanlara hürriyət, millətlərə istiqlal!

Müdafiə nazirindən baş nazirə məsləhət - “Alyoşa, sən səhərlər nanəli çay iç...”- SSRİ tarixi

 

Kreml məmurlarının biri-birlərinə belə məsləhət-atmacaları tez-tez olub. Münasibətləri daha da gərginləşdirməmək üçün siyasilər məhz bu “yumşaq” vasitədən istifadə ediblər. Elə 1978-ci ildə də SSRİ-nin müdafiə naziri Dmitri Ustinov SSRİ Nazirlər Sovetinin sədri Aleksey Kosıginin ona tutduğu irada atmaca ilə cavab verib:

  • Alyoşa (Ustinov Aleksey Kosıginə mehribanlıq mənasında çox vaxt belə müraciət edib), sən səhərlər nanəli çay iç, bu çay sinir sisteminə olduqca müsbət təsir göstərir.

Maraqlıdır, baş nazir marşala hansı iradı tutub ki, Ustinov Kosıginə əsəbləri sakitləşdirmək üçün nanəli çay içməyi məsləhət görüb?

Qeyd edək ki, Aleksey Kosıgin Brejnevin hakimiyyəti illərində SSRİ-nin siyasi elitasında ən nüfuzlu simalardan biri sayılıb. Kosıgin həm də xalq arasında böyük hörmət qazanıb, dürüst, təmiz bir məmur kimi tanınıb. Baş nazirin bu cür imicə malik olması Kremldə çıxlarını qıcıqlandırıb. Brejnev isə Kosıginə qarşı qısqanclığını gizlədə bilməyib.

Aleksey Kosıgin konkretliyi, işgüzarlığı, məhsuldarlığı, ciddiliyi ilə həmişə fərqlənib. O, heç vaxt uzun-uzadı iclasların, pafosla zəngin məruzələrin, heç bir əhəmiyyət kəsb etməyən siyasi tədbirlərin tərəfdarı olmayıb. O cümlədən baş nazir Siyasi Büro üzvlərinin, ən başlıcası isə Leonid Brejnevin əyləncələrinə qatılmayıb, birincilərin ov mərasimlərində, qeyri-rəsmi bağ ziyafətlərində çox nadir hallarda iştirak edib.

1978-ci ilin noyabr ayında Mərkəzi Komitədə keçirilən Siyasi Büronun iclasında Kosıgin növbəti dəfə büro üzvlərinin əyləncələrinə iradını bildirmək məcburiyyətində qalıb. Belə ki, iclas başlananda Brejnevlə Ustinov ötən gün baxdıqları xokkey oyununu müzakirə edəndə, Kosıgin əsəblərinə hakim kəsilə bilməyib:

  • İdman şərhlərinizi qurtardıqdan sonra məni çağırarsınız.

Baş nazir bu iradını bildirdikdən sonra büro iclasını tərk edib. Marşal Ustinov Aleksey Kosıginin bu iradına dərhal cavab verib, ona nanəli çay içməyi məsləhət görüb.

Əslində Kosıginin həmkarlarına iradı haqlı olub. Bu öz yerində. Bəs Ustinovun məsləhəti necə? Nanəli çayı əsəblərin sakitləşməsi üçün bu dərəcədə effektli saymaq olarmı?

Dünyanın siyasi liderlərinin qida rasionuna nəzər yetirsək, şahidi olarıq ki, onların əksəriyyətinin səhər menyusunda nanəli çay yer alır. Təbii ki, müasir dünyamızda siyasi müstəvidə sakit əsəblərə sahib olmaq olduqca çətindir. Bir-birini əvəzləyən münaqişələr, müharibələr, qarşıdurmalar, siyasi çəkişmələr fonunda siyasilərin sinir gərginliyini anlamaq çox da çətin deyil. Amma bu problemi aradan qaldırmaq da mümkünsüz sayılmır. Belə ki, xalq təbabətində əsəbləri sakit saxlamaq üçün kifayət qədər vasitələr mövcuddur. Onlardan biri də səhərlər nanəli çayın qəbul edilməsidir. Xüsusilə də nanəli çaya bal qatdıqda daha effektli olur.

Marşal Ustinovun özünün də istifadə etdiyi və Kosıginə məsləhət gördüyü nanəli çayın hansı faydaları var?

Bal qatılmış nanəli çay sinir sisteminə olduqca müsbət təsir göstərir, əsəbləri sakitləşdirir, gərginliyi aradan qaldırır, stressə qarşı təsirli vasitədir. Ballı nanəli çay fiziki və zehni yorğunluq zamanı sakitləşdirici təsirə malikdir və normal yuxunu təmin edir. Bu çay həm də ödqovucudur, həzmi asanlaşdırır, ürəyin fəaliyyətini normallaşdırır, orqanizmin immun sistemini gücləndirir, iştahanı yaxşılaşdırır.

Ballı nanəli çayın hazırlanması isə çox sadədir. 1 çay qaşığı qurudulmuş yarpağı 1 stəkan suda 10-15 dəqiqə dəmləmək lazımdır. Çaya yarım çay qaşığı bal əlavə etməklə onu daha da faydalı etmək olar. Ballı nanəli çaydan soyuq halda da istifadə olunur.

Yeri gəlmişkən, xalq təbabəti vasitəsi olan ballı nanəli çay təkcə siyasilər üçün “nəzərdə” tutulmayıb. Sözsüz ki, müasir həyatımızda sıravi insanların da əsəblərini gərginləşdirən bir çox amillər var. Tıxaclar, növbələr, gündəlik qayğılar, irili-xırdalı problemlər sinir sistemimizə heç də yaxşı bir şey vəd etmir. Bu problemlərdən qismən də olsa qurtulmaq üçün səhərlər bir fincan ballı nanəli çay içmək kifayətdir.

Qeyd edək ki, qan təzyiqi aşağı olanlara ballı nanəli çaydan istifadə etmək məsləhət görülmür. Çünki o, qan təzyiqini aşağı salır.

Gün ərzində əhvalınızın xoş, əsəblərinizin sakit olmasını istəyirsinizsə, siz də marşalın məsləhətinə əməl edin.

İlham Cəmiloğlu, Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR