Onlayn ictimai-siyasi qəzet
“MTN işi” üzrə zərərçəkənlərdən biri Hüseyn Səfərov Bakı Apellyasiya Məhkəməsində üzləşdiyi qanunsuzluqlarla bağlı ölkə rəhbərliyinə müraciət edib.
Musavat.com xəbər verir ki, zərərçəkən 4 ildir ki, məhkəmə hökmünün icra məmuru Rəfail Səfərovun qanunsuz əməllərinə, məhkəmələrə yol verilən müdaxilələrə görə icra edilmədiyini bildirir.
“Mən bunu açıq deməliyəm – MTN-də yuva salmış mütəşəkkil cinayətkar dəstə tərəfindən bizlərə qarşı törədilən cinayət bu gün də Nərimanov İcra Şöbəsində və Bakı Apellyasiya Məhkəməsində davam etdirilir” – Hüseyn Səfərovun sözləridir.
Zərərçəkən deyir ki, Bakı Apellyasiya Məhkəməsinin sədri Mübariz Əkbərov hakimləri elə saxtakarlıqlara sürükləyir ki, hakimlərin işinə elə müdaxilələrə yol verir ki, bunları səhv, savadsızlıq kimi qiymətləndirmək mümkün deyil: “Təsəvvür edin ki, mənim şikayətimin qarşısını almaq üçün, Konstutusiyamızla təsbit olunan şikayət etmək hüququmu əlimdən almaq məqsədi ilə böyük bir saxtakarlığa yol veriblər. Bakı Apellyasiya Məhkəməsinə ünvanladığım şikayət üzrə çıxarılan qərarda “Qərardan kassasiya şikayəti və ya kassasiya protesti verilə bilməz” sözlərini yazıblar.
Halbuki, qanunla buna yol verilir.
Sual oluna bilər ki, Mübariz Əkbərovun qərara o sözləri yazdırmasında marağı nədir? Məsələ burasındadır ki, Nərimanov İcra Şöbəsinin icra məmuru Rəfail Səfərov tam qanunsuz olaraq, özünün və himayədarlarının maraqları çərçivəsində Bakı Hərbi Məhkəməsinin hökmünə sözün əsl mənasında cinayətə bərabər əlavə edib. Qanunla məhkəmə hökmünə barmaq eləmək, hökmü öz istədiyin kimi dəyişmək böyük bir cinayət sayılır. Rəfail Səfərov isə himayədarlarının sayəsində özünü Azərbaycan dövləti adından çıxarılan hökmə əlavələr edəcək qədər ağıllı hesab edib.
Məsələ burasındadır ki, Bakı Hərbi Məhkəməsi öz hökmü ilə 16 zərərçəkənin mülki iddiasını təmin edib. Hökmün icrası ən müxtəlif bəhanələrlə 2 ilə yaxın Nərimanov İcra Şöbəsində yubandırılıb. Bu müddətdə Rəfail Səfərov güya hökmü anlamayır deyə Bakı Hərbi Məhkəməsinə izah üçün müraciət edib. Müraciətinə cavab olaraq yazılıb ki, hökmdə 2 mənalı, anlaşılmayan bir məsələ yoxdur, hökm olduğu kimi icra olunmalıdır. Bundan sonra bir daha Bakı Hərbi Məhkəməsinə eyni tələblə müraciət olunub, bu dəfə qərarla Rəfail Səfərova bildirilib ki, hökmdə iki mənalı, anlaşılmayan bir məsələ yoxdur, hökm olduğu kimi icra olunmalıdır. Bu, Rəfail Səfərovu və onun himayədarlarını qane etməyib. Bakı Hərbi Məhkəməsinin hökmündə yer alan siyahını yumşaq desəm bir kənara qoyub özlərinin hazırladığı, sırf cinayət əməli hesab olunmalı bir siyahı tutublar, 6 nəfər şəxsin adını Bakı Hərbi Məhkəməsinin hökmünə əlavə ediblər.
Biz zərərçəkənləri də Nərimanov İcra Şöbəsinə dəvət edib qarşımıza antikonstitusion bir tələb qoydular - ərizə yazıb Nərimanov İcra Şöbəsinin, konkret olaraq Rəfail Səfərovun əməllərindən şikayət etməyəcəyimizi göstərməliyik, yalnız bundan sonra bizə vurulmuş ziyan ödəniləcək!
Bu tələb törətdikləri cinayətin – özlərinin qanunsuz hazırladıqları siyahının gizlədilməsinə xidmət edirdi, faktiki olaraq bizim vətəndaş olaraq haqlı şikayət etmək hüququmuzu məhdudlaşdırırdı.
Məcbur olub qanunsuz tələbləri ilə razılaşdıq ki, bizə dəyən ziyanın ödənilməsi nəhayət ki, baş tutsun.
Bundan sonra Nərimanov Rayon Məhkəməsinə şikayət ünvanlamaqla məhkəmə icraçısı Rəfail Səfərovun hazırladığı siyahının qanunsuz olmasının təsdiq edilməsi, Bakı Hərb Məhkəməsinin hökmündə göstərilən siyahının əsas götürülməsini tələb etdik.
Nərimanov Məhkəməsinin sədri Həbib Həsənov haqlı şikayətimizin təmin edilməsinə imkan vermədi. Köməkçisi Emin isə şəxsən mənə dedi ki, nə qədər pul lazımdırsa, xərcləyib apellyasiya instansiyasında da şikayətimin təmin edilməsinə imkan verməyəcəklər.
Bakı Apellyasiya Məhkəməsinə şikayət etdim. Şikayətim orada olduğu müddətdə sədr Mübariz Əkbərovun qəbulundan olub baş verənləri izah etdim, bizə qarşı Nərimanov İcra Şöbəsində faktiki olaraq cinayət törədildiyini bildirdim. Bakı Apellyasiya Məhkəməsində icra məmuru Rəfail Səfərovun izah verilməsinə dair şikayəti əsasında baxılan, bizim xeyrimizə çıxarılan qərarı da təqdim etdim. Buna baxmayaraq Mübariz Əkbərovun təzyiqi ilə şikayətimiz təmin edilmədi.
Ən əsası isə Mübariz Əkbərov da məhkəmə icraçısı Rəfail Səfərovun səviyyəsizliyinə endi. Rəfail Səfərov bizə qarşı öz cinayətini – qanunsuz siyahı tərtib etməsini ört-basdır etmək üçün şikayət etmək hüququmuzdan imtina ərizəsi yazdırmışdı. Mübariz Əkbərov da eyni yolla getdi. Götürüb şikayət vermək hüququmuz olan işdə yazıb ki, “şikayət verilə bilməz”.
Düşünə bilərsiz ki, bunu savadsızlıqdan ediblər. Əsla belə deyil! Bu adam saçını məhkəmə divarları arasında ağardıb. Bu sırf qanunsuz məhkəmə qərarının Ali Məhkəmədə araşdırılmasının qarşısını almağa xidmət edən cinayətə bərabər əməldir. Bunun başqa adı yoxdur. Hələ üstəlik bizim tələb etmədiyimiz 2 şəxsin adını da siyahıdan çıxarmaqla verdikləri qərar qanuni don geydirməyə çalışıblar”.
Zərərçəkən Bakı Apellyasiya Məhkəməsində baş verən, Azərbyacan vətəndaşlarının şikayət vermək hüquqlarını tam qanunsuz olaraq, Konstitusiyaya zidd olaraq məhdudlaşdıran əməllərə görə orada 2015-ci ildə MTN-də keçirilən əməliyyatın keçirilməsini tələb edir: “Mübariz Əkbərov Bakı Apellyasiya Məhkəməsində oturub möhtərəm cənab Prezidentin məhkəmə-hüquq islahatlarını badalaq vurmaqla məşğuldur!”
E.MƏMMƏDƏLİYEV,
Musavat.com
13 Fevral 2025
12 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ