İnsanlara hürriyət, millətlərə istiqlal!

MSK seçici siyahılarını dəqiqləşdirdi - payız hazırlığı?

Hüquqşünasa görə, konstitusiya dəyişikliyi üçün səbəblər var, amma son qərarı...

Məzahir Pənahovun sədrliyi ilə mayın 22-də və 26-da Mərkəzi Seçki Komissiyasının iclasları keçirilib. 22 may iclasında bəzi seçki dairələri üzrə dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi məsələsinə baxılıb. Mərkəzi Seçki Komissiyası aparılan müzakirələrin ardınca 42 saylı Sumqayıt birinci, 47 saylı Sumqayıt - Abşeron - Qaradağ, 58 saylı Xaçmaz kənd, 62 saylı Kürdəmir, 100 saylı Göygöl - Daşkəsən - Kəlbəcər və 108 saylı Ağstafa seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişiklik olunmasına qərar verib.

Mayın 26-da keçirilən iclasda isə 2025-ci ilin daimi seçici siyahılarının yenidən tərtib edilməsi, təsdiq olunması və ictimailəşdirilməsi məsələsinə baxılıb. Komissiya sədri təqribən beş ayı əhatə edən irimiqyaslı fəaliyyətin başlıca mərhələləri barədə danışıb, mühüm məqamları diqqətə çatdırıb. 

İclasda 2025-ci ilin daimi seçici siyahılarının tərtib edilməsi və dəqiqləşdirilməsi işi başa çatmış hesab edilərək, siyahıların məntəqə və dairə seçki komissiyaları tərəfindən təsdiq olunması üçün müvafiq dairə seçki komissiyalarına göndərilməsi, Azərbaycan Respublikası üzrə seçicilərin daimi siyahısının dövlət avtomatlaşdırılmış informasiya sistemi vasitəsilə tərtib edilərək, Seçki Məcəlləsinin tələbləri nəzərə alınmaqla təsdiq olunduqdan sonra komissiyanın internet saytında yerləşdirilməklə ictimailəşdirilməsi qərara alınıb. Qeyd etmək lazımdır ki, dəqiqləşdirmə prosesinin sonunda ölkə üzrə vahid seçici siyahısına 6302093 seçici daxil edilib ki, onların 47,57 faizi kişi, 52,43 faizi isə qadınlardır.

Qeyd edək ki, Seçki Məcəlləsinə əsasən, hər il yanvarın əvvəllərindən etibarən ölkə üzrə vahid seçici siyahısının tərtib edilərək dəqiqləşdirilməsinə başlanılır. Prezident İlham Əliyev 2025-ci ili “Konstitusiya və Suverenlik İli” elan etdi. Dövlət başçısının imzaladığı sərəncamda bu, 2025-ci ildə ölkə konstitusiyasının qəbul edilməsinin 30-cu və Vətən (İkinci Qarabağ) müharibəsində qələbənin beşinci ildönümü ilə əsaslandırılır.

Bəzi ekspertlərə görə, bu il konstitusiyaya növbəti dəyişiklikləri də gözləmək olar. 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı, 1995-ci il noyabrın 12-də isə Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul olunub. 2002, 2009 və 2016-cı illərdə konstitusiyanın ayrı-ayrı maddələrinə əlavə və dəyişikliklər barədə referendum keçirilib.Çağırışlar arasında yeni referendumun keçirilməsi də var, bu anlamda Zəfər Konstitusiyasının qəbul olunması da mümkündür.

Çingiz Qənizadə: Aprel döyüşləri tarixi Qələbəyə aparan yolun başlanğıcıdır

Çingiz Qənizadə 

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə “Yeni Müsavat”a bildirdi ki, MSK-nın təsdiqlədiyi ölkə üzrə vahid seçici siyahısından göründüyü kimi, seçicilərin sayı ilbəil artır: “Həm bu amil, həm də torpaqlarımızın azad olunması, suverenliyimizin bütün ölkə ərazisində bərpa edilməsinin yaratdığı yeni reallıqlar, həm də yerli idarəetmədə tədricən yeniliklərə gedilməsi konstitusiyada dəyişiklik zərurətini meydana gətirir. Nəzərə alaq ki, bu il həm də "Konstitusiya və Suverenlik İli"dir. Ölkəmizin hazırkı konstitusiyası 30 il öncə qəbul edilərkən Azərbaycan əhalisinin sayı cəmi 7 milyon idi. İndi isə Azərbaycan əhalisinin sayı 10 milyon nəfərdən yuxarı, seçicilərin sayı isə 6 milyon 300 min nəfərdən yuxarıdır. Yəni 30 il öncə konstitusiya qəbul edildiyi dövrdə əhalimizin sayı qədər indi seçici var. Və bu dövrdə qəbul olunan konstitusiyanın 82-ci maddəsində qeyd olunur ki, Azərbaycan Milli Məclisinin deputatlarının sayı 125 nəfərdən ibarətdir. İndi əhalinin sayı 10 milyon nəfərdən çoxdursa, məncə, bu rəqəmlərə baxılmalıdır. Bunun üçün isə konstitusiya dəyişikliyi olmalıdır. Konstitusiyada dəyişikliklər isə bəllidir ki, referendumla həyata keçir.

İdarəetmə modellərində yeniliklərin tətbiqinin də konstitusiyada təsbit olunması konstitusiya dəyişikliyini zəruri edir. Nəzərə alsaq ki, bu il həm də "Konstitusiya və Suverenlik İli"dir, məncə, elə bu ilin sonuna yaxın konstitusiya dəyişiklikləri ilə bağlı qanun layihəsinin gündəmə çıxarılmasının şahidi ola bilərik. Bunun ardınca isə referendum keçirilə bilər. Amma şübhəsiz ki, bütün bunlar bizim düşüncələrimiz, ehtimallarımızdır. Bu məsələdə son qərar daha yüksək, ali instansiyalarda qəbul olunacaq. Bizim bir hüquqşünas olaraq gördüyümüz və bildiyimiz budur ki, konstitusiya dəyişikliyinə ölkədə zərurət yaranmışdır".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 May 2025

BÜTÜN XƏBƏRLƏR