İnsanlara hürriyət, millətlərə istiqlal!

Mövlam Şıxəliyevlə suç ortaqları Ali Məhkəmədə DAVA açdı

Sabah, oktyabrın 18-də Ali Məhkəmənin Cinayət Kollegiyasında hakim Nazim Mövsümovun sədrliyi ilə Milli Təhlükəsizlik Nazirliyinin (MTN 2015-ci ildə ləğv olunub - red.) İstintaq İdarəsinin keçmiş rəisi Mövlam Şıxəliyev və onunla birgə məhkum olunmuş idarənin sabiq vəzifəliləri – Sahib Ələkbərov, Yasin Məmmədov, Vüsal Ələkbərovun barələrindəki qərardan kassasiya şikayətinə baxılacaq.

NAZİM.jpeg (171 KB)

Musavat.com xəbər verir ki, onlar barələrindəki hökmün ləğv olunmasını, bəraət verilməsini, müsadirəyə götürülmüş əmlaklarının geri qaytarılmasını tələb edirlər.

Bakı Apellyasiya Məhkəməsinin qərarından prokuror və iş üzrə zərərçəkənlər də narazıdır. Prokuror Mövlam Şıxəliyevin xüsusi müsadirəyə götürülmüş, yaxınlarının adına olan və aşağı məhkəmə instansiyalarında geri qaytarılan əmlaklarının da tam olaraq müsadirə edilməsi barədə qərar çıxarılmasını tələb edir. Zərərçəkənlər də protestin təmin edilməsi ilə yanaşı, kassasiya şikayətlərində yazırlar ki, Mövlam Şıxəliyev və digər 3 məhkuma onlara qarşı törədilən cinayətlərə münasibətdə daha yüngül cəzalar təyin olunub. Onlar məhkəmədən xahiş edirlər ki, Mövlam Şıxəliyev və digər 3 məhkuma daha ağır cəzalar təyin olunması barədə qərar çıxarsın. Belə məlumat da var ki, Sahib Ələkbərov xaric, digər 3 məhkum MTN-çi Ali Məhkəmədə şikayətlərinə baxılarkən iştirakdan imtina ediblər. İddia olunur ki, Sahib Ələkbərov iclasda iştirak etməklə uzun illər MTN İstintaq İdarəsində baş vermiş cinayətlərlə bağlı açıqlama vermək niyyətindədir.

SAHİB.jpeg (27 KB)

Sahib Ələkbərov

“Yeni Müsavat”a danışan iş üzrə zərərçəkən Əfsəl Həsənəliyev deyib ki, Mövlam Şıxəliyevin rəhbərlik etdiyi mütəşəkkil cinayətkar quldur dəstə onun həyatını alt-üst edib:

“Mən Ali Məhkəmənin sədri İnam Kərimova müraciət edirəm. Bu adamlar vəzifədə olmasalar da, əlləri uzundur. Qulağımıza çatıb ki, Ali Məhkəmədə mal-mülklərini xilas etmək üçün əlaqə axtarıblar. Ona görə də xahiş edirəm ki, sonsuz inam bəslədiyimiz sədr bu işi nəzarətə götürsün. Mənim 76 yaşım var. Bu adamların mənə qarşı törətdikləri cinayətin ağrı-acısını hələ də çəkirəm. O zaman məni faktiki olaraq girov götürmüşdülər. İndi həbsdə olan, o zaman Mövlam Şıxəliyevin quldur dəstəsinin vuran əllərindən biri olan Yasin Məmmədov deyirdi ki, səndən tələb etdiyimiz pulu verməsən, həbsdə çürüyəcəksən.

YASİN.jpeg (26 KB)

Yasin Məmmədov

Mövlam Şıxəliyevlə əlbir olub məni qanunsuz həbs etdilər. 4 ay 29 gün həbsdə saxladılar. Məndən azad edilməyim üçün 100 min manat istədilər. Bu qədər pulum olmadığını dedim, hər gün pula görə çağırıb soruşurdular. Axırda ailəm məcbur olub yeganə mənzilimi “Unibank”a girov qoydu, 32 min manat gətirib verdi. Hətta krediti dollarla götürmüşdülər, mənə dedilər ki, manata çevirib gətirsinlər. Belə də oldu. Yasin Məmmədov pulu alandan sonra işi Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərdilər. İndi də o pulu banka qaytara bilməmişəm. Bank bu yaşımda məni evimdən çıxarır. Çox ağır vəziyyətdəyəm. Xahiş edirəm ki, Mövlam Şıxəliyevə, Yasin Məmmədova ağır cəzalar təyin olunsun, prokurorun da protesti təmin edilsin. Mövlam Şıxəliyev mənə və digər 35 zərərçəkənə qarşı cinayət törətməklə külli miqdarda əmlak əldə edib. Həmin əmlakları cinayət yolu ilə əldə etdiyini bildiyindən özünün deyil, oğlunun, qızının, arvadının adına rəsmiləşdirib. Qanun da deyir ki, əmlak cinayət yolu ilə əldə olunubsa, müsadirə olunmalıdır. Məhkəmədən gözləntim odur ki, şikayətimiz təmin edilsin, mülki iddiamız üzrə zərərlər tam həcmdə ödənilsin”.

Zərərçəkən Hüseyn Səfərov “Yeni Müsavat”a bildirib ki, Ali Məhkəmənin onların şikayətlərini təmin edəcəyinə ümidlidir:

“Mövlam Şıxəliyev Bakı Hərbi Məhkəməsində, sonradan Bakı Apellyasiya Məhkəməsində rütbəsindən özünü müdafiə etmək üçün istifadə edirdi. General olduğunu tez-tez dilə gətirirdi. Şükür Allaha ki, dövlət başçısının sərəncamına əsasən, Mövlam Şıxəliyev general-mayor ali hərbi rütbəsindən məhrum edildi. Biz də düşündük ki, sərəncamdan sonra o, Ali Məhkəməyə verdiyi kassasiya şikayətini geri götürər. Əslində isə Mövlam Şıxəliyevdən bunu nahaq gözlədik. Bu adama etimad göstərib yüksək vəzifə vermişdilər. Bu da gedib Milli Təhlükəsizlik Nazirliyi kimi bir qurumda mütəşəkkil cinayətkar quldur dəstəyə rəhbərlik edənlərdən olmuşdu. Bu gün də Ali Məhkəməyə kassasiya şikayəti verib ki, bəlkə cinayətləri unudular, buna da istədiyi bəraəti verərlər. Biz 36 nəfər zərərçəkənə qarşı Mövlam Şıxəliyevin rəhbərliyi altında baş verən cinayətlər heç zaman unudulmaz. Xahiş edirik ki, mülki iddialarımız üzrə zərərin tam həcmdə ödənilməsi üçün Mövlam Şıxəliyevin bütün əmlakları müsadirə edilsin. Dövlət ittihamçısının verdiyi protest haqlıdır. Mövlam Şıxəliyev bizi girov götürməklə, dövlətin istintaq təcridxanasından zindan kimi istifadə etməklə, vəzifəsindən sui-itifadə etməklə biz Azərbaycan vətəndaşlarına qarşı cinayət törədib və 1 məqsədi olub - külli miqdarda əmlak əldə etmək. Bu gün də həmin əmlakları müsadirədən yayındırmaq üçün min oyundan çıxır. Ali Məhkəmə buna imkan verməməlidir”.

Qeyd edək ki, Bakı Apellyasiya Məhkəməsi ötən ilin sentyabrında Mövlam Şixəliyev və nazirliyin istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbəsinin rəisi polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovla bağlı hökmdən verilmiş protest və şikayətlər üzrə qərar vermişdi.

VUSAL.jpeg (21 KB)

Vüsal Ələkbərov

Qərara əsasən, Bakı Hərbi Məhkəməsinin hökmü qüvvədə saxlanılıb. Hakim İlqar Murquzovun səsləndirdiyi qərara əsasən, prokurorun verdiyi protest və tərəflərin şikayətləri əsassız hesab edilərək rədd olunmuşdu.

Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti təqdim edən Mövlam Şıxəliyevlə suç ortaqları bəraət istəyirdilər. Bundan başqa, Mövlam Şıxəliyevin ailə üzvləri də, prokuror da, iş üzrə zərərçəkənlər də apellyasiya instansiyasına şikayətlərini təqdim etmişdilər. Mövlam Şıxəliyevlə tabeliyində işləmiş, onunla birgə mühakimə olunan şöbə rəislərinin, dövlət ittihamçısının, zərərçəkənlərin narazı qaldığı hökm 21 sentyabr 2022-ci ildə, Bakı Hərbi Məhkəməsində çıxarılıb.

Həmin hökmə əsasən, 12 il azadlıqdan məhrum olunan Mövlam Şıxəliyevin general-mayor rütbəsi alınması üçün dövlət başçısına təqdimat göndərilib. Bu ilin aprelində isə Mövlam Şıxəliyev general-mayor, digərləri polkovnik rütbələrindən məhrum edilməklə əsgər rütbəsinə endiriliblər. Bakı Hərbi Məhkəməsinin hökmünə əsasən, keçmiş şöbə rəislərindən Vüsal Ələkbərov 11 il 2 ay, Yasin Məmmədov 10 il 6 ay, rəis müavini Sahib Ələkbərov isə 8 il azadlıqdan məhrum ediliblər. İş üzrə ibtidai istintaq zamanı Mövlam Şıxəliyev və ailə üzvlərinin - həyat yoldaşı Aybəniz Şıxəliyeva, oğlu Elgün Şıxəliyev, qızı Samirə Əliyevanın adına olan, 7 milyon manatdan çox dəyəri olan əmlakların üzərinə həbs qoyulmuşdu. Bakı Hərbi Məhkəməsində çıxarılan hökmlə Mövlam Şıxəliyevin ailə üzvlərinə məxsus əmlaklar geri qaytarılıb. Bu isə təxminən 3 milyon 500 min manatlıq əmlak deməkdir. Şıxəliyevin ailə üzvlərinə qaytarılan əmlaklar arasında Bakının mərkəzində - “Sahil” metrostansiyasının üstündəki binada 8 mənzil, Fəvvarələr Meydanında, Nizami küçəsində, Ağdaşda evlər, obyektlər, Novxanıda bağ evi və başqa əmlaklar var. Bakı Hərbi Məhkəməsinin hökmündən zərərçəkmişləri narazı salan əsas məqam da məhz bu idi. Onlar Mövlam Şıxəliyevin ailə üzvlərinin adına olan, üzərinə həbs qoyulmuş əmlakların əhəmiyyətli bir hissəsinin geri qaytarılmasından narazı idilər.

Zərərçəkənlər vaxtilə MTN-də onlardan və yaxınlarından hədə-qorxu ilə alınmış pulların geri qaytarılması tələbi ilə Bakı Hərbi Məhkəməsində baş tutan prosesin əvvəlində mülki iddialar qaldırmışdılar. Bununla yanaşı, Mövlam Şıxəliyevin ailə üzvlərinin də cinayət yolu ilə əldə olunmuş əmlakların leqallaşmasında iştirak etdiklərinə görə cinayət məsuliyyətinə cəlb olunmaları üçün vəsatətlə çıxış etmişdilər. Məhkəmə vəsatətləri baxılmamış saxlasa da, zərərçəkənlərdən mülki iddia qaldırmış 16 nəfərin iddiasını təmin edib. Ümumilikdə isə zərərçəkənlər Mövlam Şıxəliyev və hər 3 polkovnikin daha ağır cəzalara məhkum edilmələrini tələb edirlər.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR