Onlayn ictimai-siyasi qəzet
Brejnevin hakimiyyəti illərində Siyasi Büronun iclasına çıxarılacaq məsələlər adətən əvvəlcədən baş katibin kabinetində bir neçə nəfərlə müzakirə olunub.
Bu bir neçə nəfərlik qrupu Kreml məmurları “Kiçik Siyasi Büro” adlandırıblar. “Kiçik Siyasi Büro”da Mərkəzi Komitənin katibləri Mixail Suslov və Konstantin Çernenko, SSRİ xarici işlər naziri Andrey Qromıko, müdafiə naziri Dmitri Ustinov və Moskva şəhər Partiya Komitəsinin birinci katibi Viktor Qrişin təmsil olunublar. Növbəti görüşlərin birində isə Qrişini baş katibin kabinetinə buraxmayıblar. Moskvanın birinci katibi Brejnevin qəbul otağına keçəndə Çernenko onun qarşısını kəsib:
- Viktor Vasilyeviç, sizi Brejnevin qəbuluna heç kim dəvət etməyib.
Beləliklə, Qrişin qapı arxasında qalıb.
Sözsüz ki, bu hadisə Qrişini hədsiz dərəcədə narahat edib. Birinci katib ona qarşı sərgilənən bu münasibətin haradan yarandığını da bilib.
Qeyd edək ki, SSRİ-də Moskvanın birinci katibi vəzifəsi ən prestijli postlardan biri sayılıb. Bu vəzifəni tutanlar Siyasi Büroya üzv seçiliblər. Eyni zamanda Moskvanın birinci katiblərinin vəzifə karyerası da yüksək templə qalxıb. Vyaçeslav Molotov, Lazar Kaqanoviç, Nikita Xruşov, Aleksandr Şerbakov, Yekaterina Furtseva, Pyotr Demiçev kimi siyasilər məhz bu vəzifədə işlədikdən sonra ən yüksək kürsülərə sahib olublar. Elə çoxları Viktor Qrişinin özünü də gələcəkdə ölkənin birinci şəxsi kimi görüb. Bu məsələ Brejnevi ciddi narahat edib, baş katib Qrişini varis kimi görmək istəməyib. Brejnevi narahat edən digər məsələ isə Qrişinlə SSRİ Nazirlər Sovetinin sədri Kosıginin yaxın münasibətləri olub. Baş katib bu cütlüyü özünə rəqib kimi qəbul edib. Elə bu səbəblərdən də Brejnev Qrişini “Kiçik Siyasi Büro”dan uzaqlaşdırmağa çalışıb.
SSRİ-nin siyasi elitasında kifayət qədər çəkisi olan Qrişin qapının arxasında qalmağını rahatlıqla “həzm” edə bilməyib. Birinci katib bu münasibətə aydınlıq gətirmək üçün məqam gözləyib.
Viktor Qrişin sonralar yazdığı memuarlarında həmin hadisəni aşağıdakı kimi xatırlayıb:
“Brejnevin məni özündən uzaqlaşdırmasının səbəbini bilirdim. Mənim Kosıginlə dost münasibətində olmağım onu narahat edirdi. Biz ailəvi dostluq edirdik. Brejnevin də bundan xəbəri var idi. Ona görə də məni özünə çox da yaxın buraxmırdı. Bir dəfə Kremlin həyətində Brejnevlə Qromıko gəzişirdilər. Mən onları görcək yaxınlaşıb salamlaşdım. Münasibətlərimizə qeyri-rəsmi şəraitdə aydınlıq gətirmək istədim. Brejnev gözlənilmədən üzünü mənə tutdu:
- Viktor, sən mənim xəttimi dəstəklə, Kosıginin yox.
Çox təəcübləndim və cavab verdim:
- Leonid İliç, bizim hamımızın bir xətti var, vahid partiya xətti.
Brejnev bu cavabıma kinayəli təbəssümlə reaksiya verdi və söhbəti uzatmadı. 1980-ci ildə Kosıgin birinci infarktı keçirəndə o, Kreml xəstəxanasında müalicə alırdı. Həmin ərəfədə Brejnev mənə zəng vurdu. Yəqin ki, o, Siyasi Büronun digər üzvləri ilə də danışmışdı. Baş katib söhbəti uzatmadan mətləbə keçdi:
- Biz belə düşünürük ki, Kosıgini vəzifəsindən çıxaraq. Bu məsələdə Siyasi Büro üzvü kimi sənin də münasibətin vacibdir.
Mən mövqeyimi açıq bildirdim:
- Leonid İliç, bəlkə Kosıgin öz fəaliyyətini bir az da davam etdirsin. Axı o, ölkəmizə daha çox xeyir verir.
- Viktor, mən səni anlayıram, amma Yevgeni Çazovun (SSRİ Səhiyyə Nazirliyinin 4-cü idarəsinin rəisi) Mərkəzi Komitəyə göndərdiyi rəsmi məktubda Kosıginin səhhətinə görə bu vəzifədə işləməyinin mümkünsüz olduğu açıq şəkildə göstərilib. Biz bu vəzifəyə Tixonovu təyin edəcəyik. O, Kosıgindən də yaxşı işləyəcək.
Mən başa düşdüm ki, artıq hər şey həll olunub...”
Kosıgin baş nazir vəzifəsindən uzaqlaşdırıldıqdan sonra Brejnevin növbəti hədəfi Qrişin olub. Amma baş katib Qrişini siyasi səhnədən uzaqlaşdırmağa nail ola bilməyib. Daha doğrusu, Brejnev Kremldaxili intriqaların daha da gərginləşəcəyindən çəkinib.
Brejnevin vəfatından sonra Qrişinin baş katib seçilmək şansı böyük olsa da, Andropov bütün mübarizələrdən qalib çıxaraq birinci kürsüyə sahib olub. Andropov da Qrişini vəzifədən kənarlaşdırmaq istəyib. Ancaq o da buna nail ola bilməyib. Andropovdan sonra hakimiyyətə gələn Çernenkonun isə Qrişinlə mübarizə aparmağa gücü çatmayıb. Çernenko vəfat edəndə Qrişinin növbəti dəfə baş katib kürsüsünə sahib olmaq şansı yaranıb. Amma birinci katib bu dəfə özü bu vəzifədən imtina edərək Qorbaçovun namizədliyini dəstəkləyib. Hiyləgər Qorbaçov isə Qrişinin hansı siyasi çəkiyə malik olduğunu bilərək 1985-ci ilin dekabrında onu tutduğu bütün vəzifələrdən azad edib.
İlham Cəmiloğlu,
Musavat.com
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ