Onlayn ictimai-siyasi qəzet
Rusiya Azərbaycanla humanitar əlaqələrin qurulmasını azərbaycanlı tərəfdaşları ilə eyni dərəcədə bərpa etməyə hazırdır. APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya Federasiyası Prezidentinin Beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy “RİA Novosti”yə bildirib.
Onun sözlərinə görə, Rusiya ilə Azərbaycan arasında mədəni əlaqələrin bərpa edilməməsi üçün heç bir dərin səbəb yoxdur: “Biz həmişə demişik ki, Rusiya tərəfdaşlarının hazır olduğu hər şeyə hazırdır. Azərbaycanlı dostlarımız və həmkarlarımız humanitar əlaqələrin, elm, təhsil və mədəniyyət sahələrində əlaqələrin bərpasına nə dərəcədə hazırdırlarsa, biz də eyni dərəcədə hazırıq”.
O, Rusiya və Azərbaycanı çoxəsrlik tarixin bağladığını, xalqların bir-biri ilə sıx bağlı olduğunu və hər iki ölkədə cəmiyyətin əsasını təşkil edən eyni mənəvi və əxlaqi dəyərləri paylaşdıqlarını qeyd edib: “Mənə elə gəlir ki, münasibətlərimizi tam bərpa etməmək üçün heç bir dərin səbəbimiz yoxdur”.
Qeyd edək ki, Şvıdkoy münasibətlərin gərgin olduğu vaxtda anti-Azərbaycan kampaniyasiyasına qoşulmuşdu. Şvıdkoy iddia etmişdi ki, Azərbaycanda Rusiya mədəniyyəti “ləğv edilir”. Azərbaycan torpaqlarında illeqal formada quraşdırılan erməni əsilli rəssam İvan Ayvazovskinin büstünün götürülməsi ilə bağlı narazılığı da məhz Mixail Şvıdkoy etmişdi.
Rusiya mediasında da Bakı-Moskva münasibətlərinə diqqət var. Politoloq Mixail Neyjmakov “Svobodnaya pressa”ya müsahibəsində deyib ki, 2025-ci ilin noyabr-dekabr aylarında iki ölkənin həm iqtisadi, həm də təhlükəsizlik blokları arasında intensiv təmasların olacağını gözləmək olar. Moskva ilə Bakı arasında praqmatik dialoqun gələcək inkişafı tamamilə mümkündür. Mixail Neyjmakov həmçinin iddia edib ki, Moskva ilə Bakı arasında gərginliyin yenidən güclənməsi Ermənistanda parlament seçkiləri kampaniyasının rəsmi başlanması ərəfəsində və ondan sonra, təqribən 2026-cı ilin fevral-martından iyun ayına kimi müşahidə oluna bilər: “Lakin bu o demək deyil ki, belə gərginliklər mütləq şəkildə açıq şəkildə ictimailəşəcək”.
![]()
Azad Məsiyev
Politoloq Azad Məsiyev “Yeni Müsavat”a bildirdi ki, Rusiya bizim əzəli və əbədi qonşumuzdur, bu reallığı dəyişmək mümkün deyil: “İki qonşu dövlət arasında münasibətlərin yaxşı olması hər ikisinin milli maraqlarına uyğundur. Əvvəla, onu qeyd edim ki, Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar Rusiyanın Avropa ilə əlaqələri demək olar kəsilib. Belə vəziyyətdə Rusiyanın cənub cinahının açıq olması Rusiyanın strateji planıdır. Çünki Rusiya Cənubi Qafqaz üzərindən İrana, oradan İran körfəzinə, Hind okeanına çıxmaq imkanı əldə etməkdir. Eyni zamanda Rusiyadan Azərbaycan üzərindən İrana qaz kəmərinin çəkilməsi planlaşdırılır. Cənubi Qafqazın aparıcı dövləti Azərbaycan olduğu üçün ən müxtəlif sahələr üzrə yaxşı əməkdaşlıq Rusiyanın strateji maraqların cavab verir. Münasibətlərin yaxşı olması Azərbaycanın da maraqlarına zidd deyil. 2022-ci ilin fevralında Azərbaycan Prezidenti ilə Rusiya Prezidenti arasında 43 maddədən ibarət əməkdaşlıq münasibətlərinə aid ciddi bir sənəd imzalanıb. Bu sənədin hər bir müddəası iki dövlət arasında münasibətlərin yaxşı olmasına hesablanıb. Sənəddə təhlükəsizlik məsələlərinə də yer ayrılıb. Məsələyə bu baxımdan da yanaşdıqda Azərbaycanla Rusiya arasında təhlükəsizlik məsələləri ilə bağlı müzakirələri, əməkdaşlığı təbii hesab edə bilərik. Azərbaycanla Rusiya arasında münasibətlər ötən ilin dekabrından sonra yarım ildən artıq müddətdə soyuqlaşsa da artıq münasibətlər düzəlməkdə və inkişaf etməkdədir. Vladimir Putinlə İlham Əliyev arasında yaxşı münasibətlər də iki dövlət arasında bundan sonrakı dövrdə münasibətlərin perspektivi üçün nikbinlik yaradır”.
Politoloq dedi ki, Rusiya-Azərbaycan münasibətlərinin yaxşılaşmasını istəməyən Qərbdəki dairələr və Ermənistandır: “Azərbaycanla Rusiya arasında əlaqələrin qırılması və münasibətlərin korlanmasından Ermənistan ölkəmizə qarşı istifadə edib. Bu faktdır. Rusiyanın siyasi elitasında, həm də mediasında erməni millətindən çoxlu sayda insanlar təmsil olunur. Onlar da daim Azərbaycan-Rusiya münasibətlərini pozmaq istiqamətində iş aparırlar. Azərbaycan və Rusiya dövlətinin maraqlarına qarşı olan bu fəaliyyətin nəticələrinin olmaması hər iki dövlətin atdığı və atacağı düzgün addımlardan asılıdır. Müşahidələr göstərir ki, artıq həm Rusiya, həm də Azərbaycan tərəfi humanitar-mədəni, iqtisadi əlaqələrin inkişafını istəyir. Diqqət edirsinizsə, bir neçə ay öncəyə qədər Azərbaycana qarşı sərt mövqeyi ilə seçilən bir sıra Rusiya siyasətçiləri, rəsmiləri də mövqelərində müsbətə dəyişiklik edərək Rusiya-Azərbaycan əməkdaşlığının, əlaqələrinin dərinləşdirilməsinin vacibliyindən danışmağa başlayıblar. Onlardan biri də Mixail Şvıdkoydur. Bu mövqe dəyişikliyi müsbət tendensiyadır və ümid yaradır ki, qarşıdakı zamanlarda Rusiya-Azərbaycan münasibətlərinin yenidən gərginləşəcəyi proqnozları heçə çıxacaq”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
29 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ