Onlayn ictimai-siyasi qəzet
Monteneqronun Tsetine şəhərində, barların birində, ikisi uşaq, 10 nəfərin ölümüylə nəticələnən silahlı hadisə baş verib. Cinayəti törədən şəxs olay yerindən qaçıb.
DİN yanvarın 1-də bildirib ki, atəş açan 45 yaşlı Ako Martinoviçin axtarışıyla xüsusi təyinatlı qüvvələr məşğuldur.
Qurumun başçısı Danilo Saranoviç mətbuat konfransında deyib ki, Martinoviç bar sahibini, onun uşaqlarını və öz ailə üzvlərini qətlə yetirib.
Dörd nəfər barda öldürülüb, daha 6-sı da digər yerlərdə ölümcül xəsarətlər alıb. Silahlı insident əlbəyaxa çəkişmədən sonra baş verib.
Üç kişi və bir qadın Tsetine xəstəxanasına çatdırılıb. Onların durumları çox ağırdır.
Baş nazir Miloyko Spaiç xəstələrə baş çəkib və ölkədə 3 günlük matəm elan edib. O, Tsetine yaxınlığındakı Bayitse kəndində baş vermiş olayı "dəhşətli faciə" adlandırıb.
Xəstələrin həyatları uğrunda mübarizə aparıldığını deyən baş nazir əlavə edib ki, cinayətkarın axtarışı üçün bütün qüvvələr səfərbər olunub.
Prezident Yakov Milatoviç X sosial şəbəkəsindəki paylaşımında faciədən sarsıldığını və heyrətə gəldiyini bildirib. "Bayram sevinci əvəzinə ….ölkə günahsız insanların həyatını itirdiyinə kədərlənir", - onun sözləridir.
Polis paytaxt Podqoritsadan 30 km şimal-qərbdə yerləşən Tsetine sakinlərini evlərini tərk etməməyə çağırıb. Şübhəli şəxsin "silahlı və təhlükəli" olduğu deyilir.
"Baş vermiş hadisə mütəşəkkil cinayət qruplaşmaları arasında olan qarşıdurmanın nəticəsi deyil", - polisin bəyanatda belə deyilir.
Monteneqroda matəm yanvarın 2-də başlanacaq. Podqoritse, Budva və Kotor şəhərlərindəki Yeni il konsertləri ləğv edilib.
Bu, son üç ildə Tsetinedə baş verən ikinci bənzər olaydır. 2022-ci ildə də silahlı hücum nəticəsində, ikisi uşaq, 10 nəfər qətlə yetirilmişdi. Hadisədən sonra cinayətkarı şəhər sakini küçədəcə güllələmişdi.
(AzadlıqRadiosu)
05 Yanvar 2025
04 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ