Onlayn ictimai-siyasi qəzet
ABŞ-ın Los-Anceles şəhərində qeyri-qanuni mühacirlərin kütləvi saxlanmasına qarşı etirazlar başlayıb.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, iyunun 6-da şəhərdə hüquq-mühafizə orqanları qanunsuz miqrantların saxlanması əməliyyatına başlayıb. Bir sutka ərzindı azı 44 nəfər immiqrasiya qanunlarını pozmaqda ittiham olunaraq həbs edilib. Hüquq-mühafizə orqanlarının hərəkətlərinə cavab olaraq şəhərdə nümayişlər başlayıb. CBS telekanalının məlumatına görə, etirazçılar asayiş keşikçilərinin işinə mane olmağa çalışıb, yolu bağlayıb, hüquq-mühafizə orqanları əməkdaşlarına daş və fişənglər atıblar.
ABŞ-ın müdafiə naziri Pit Heqset etirazları yatırmaq üçün Los-Ancelesə Dəniz Piyadaları Korpusu qoşunlarının göndərilməsinə qərar verib. O, bu barədə məlumatı X hesabında açıqlayıb.
Pentaqon rəhbərinin sözlərinə görə, Los-Ancelesdə etirazçılarla ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) əməkdaşları arasında qeyri-qanuni mühacirlərə görə toqquşmalar ölkənin “milli təhlükəsizliyinə ciddi təhlükə” yaradır: "Müdafiə Nazirliyi Los-Ancelesdə federal hüquq-mühafizə orqanlarına dəstək olmaq üçün dərhal Milli Qvardiyanı yerləşdirir. Və iğtişaşlar davam edərsə, Camp Pendleton-da yerləşən fəal dəniz piyadaları da səfərbər olunacaq və yüksək hazırlıq vəziyyətinə gətiriləcək".
Bundan əvvəl Ağ Evin mətbuat katibi Karolin Levitt bildirib ki, ABŞ prezidenti Donald Tramp iğtişaşlarla mübarizə üçün Los-Ancelesə ABŞ Milli Qvardiyasının 2 min əsgərinin göndərilməsi barədə göstəriş verib. Ağ Ev rəhbərinin müavini Stiven Miller Los-Ancelesdə qeyri-qanuni mühacirlərin deportasiyasına qarşı keçirilən etirazları “ABŞ qanunlarına və suverenliyinə qarşı üsyan” adlandırıb.
Musavat.com
08 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ