Onlayn ictimai-siyasi qəzet
Monqolustan “Sibirin Gücü 2” qaz kəmərinin tikintisini öz proqramından çıxarıb.
Musavat.com xəbər verir ki, bu barədə məlumatı “South China Morning Post” yayıb.
Nəşrin əldə etdiyi məlumata görə, Monqolustanın 2028-ci ilə qədər dövlət proqramına tikintinin salınmamasına səbəb geosiyasi çətinliklər və Moskva ilə Pekin arasında qiymət məsələlərində fikir ayrılığıdır. Bu qərara geosiyasi amillər və Qərb ölkələrinin ikinci dərəcəli sanksiyaları ilə bağlı narahatlıqlar da təsir edib.
Monqolustanın Milli Təhlükəsizlik Şurasının keçmiş rəsmisi Munkhnaran Bayarlhaqva hesab edir ki, “Qazprom” layihənin bu seqmentini “birtərəfli qaydada” idarə etməyə çalışır ki, bu da Çinin maraqlarına toxunmaqla Moskvanın təsirini artıra bilər.
Qeyd edək ki, Çinə qaz nəql edəcək “Sibirin Gücü 2” kəmərinin tikintisini Rusiya 2020-ci ildən irəli sürüb. 2022-ci ildə Avropa bazarını itirdikdən sonra layihənin irəliləməsi üçün çoxsaylı cəhdlər göstərilib. Lakin Çin layihədə maraqlı olmadığını ortaya qoymaqla onunla bağlı hər hansı prinsipial addım atmayıb.
Musavat.com
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ