Onlayn ictimai-siyasi qəzet
“Kadr təyinatı məsələsində buraxılan kiçik bir səhv bizə baha başa gəlir. Biz kiməsə etibar edirik, etimad göstəririk, bəziləri bunu doğrultmur. Kostanyanı Ermənistana birinci katib göndərəndə də böyük yanlışlığa yol vermişik. Mən yanıldığımı etiraf edirəm. Amma gec deyil, səhvimizi düzəldəcəyik...”
Bu ifadələr İosif Stalinə məxsusdur. 1937-ci ilin oktyabrın 2-də Kremldə keçirilən müşavirədə Stalin Kostanyanla bağlı səhv etdiyini məhz belə etiraf edib. Həmin müşavirədən beş gün sonra, oktyabrın 7-də Kostanyan həbs olunub.
Ayzak Kostanyan kim olub, onun həbsinə Stalini nə məcbur edib?
Kostanyan 1898-ci ildə Tiflisdə anadan olub. Natamam orta təhsil alıb. 1916-cı ildən bolşeviklər partiyasının üzvü olub. Tiflisdə və Bakıda gizli təbliğat işləri aparıb. Məhz bu ərəfədə o, Mikoyanla tanış olub və aralarında sıx dostluq münasibətləri yaranıb.
1918-ci ildə Kostanyan Saratov universitetinin tibb fakültəsinə daxil olub. Ancaq təhsilini sona qədər başa vurmayıb. Saratovda kommunistlərin erməni seksiyasını yaratdıqdan sonra o, Saratov vilayət sovetində maarif şöbəsinin müdir müavini vəzifəsində işləyib.
1920-ci ildə Mikoyanla Kostanyanın Saratovda görüşü olub, bu görüşdə Mikoyan ona Ermənistana qayıtmağı, sovet Ermənistanının partiya rəhbərliyində vəzifə tutmağı təklif edib. Beləliklə, Kostanyan 1920-ci ilin sonlarında Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi vəzifəsini tutub. İki ildən sonra Kostanyanı Gürcüstana eyni vəzifəyə, Mərkəzi Komitənin katibi postuna göndəriblər.
1925-ci ildə Moskvada görüşləri zamanı Mikoyan Kostanyana yaxın zamanlarda birinci katib olacağnı söyləyib. Bu təyinat 1928-ci ildə baş tutub. Məhz Mikoyanın Stalinə təqdimatı ilə Kostanyan Ermənistanın birinci katibi seçilib. Qeyd edək ki, Vyaçeslav Molotov bu təyinatın əleyhinə olub. Buna baxmayaraq, Mikoyan öz namizədini Stalinin qarşısında “təsdiq” etdirə bilib, onu Kostanyanın şəffaf bir kommunist olduğuna inandırmağı bacarıb.
Şəxsi maraq və ambisiyalarını hər şeydən üstün tutan Kostanyanın Ermənistana rəhbərliyi dövrü Kreml məmurlarının diqqətindən yayınmayıb. Xüsusilə antisovet fəaliyyətdə şübhəli bilinən şəxslərin Ermənistanda rəhbər vəzifələrə təyin olunması Mərkəzi Komitədə kifayət qədər narahatlıq yaradıb. Bu haqda Stalin də məlumatlı olub.
Həmin ərəfədə Gürcüstanda daxili işlər komissarı vəzifəsində işləyən Lavrenti Beriya qeyri-rəsmi olaraq Qafqazda vəziyyətlə bağlı mütəmadi olaraq Stalinə yazılı və şifahi məlumatlar çatdırıb. Beriya 1929-cu ildə Kostanyanla bağlı da Stalinə 11 səhifəlik məxfi məktub göndərib. Məktubda aşağıdakı sətirlər də əks olunub:
“Aykaz Arkadyeviç Kostanyanın partiya fəaliyyətində antisovet elementlər özünü biruzə verməkdədir. Ermənistanda kadr təyinatlarında da bu özünü göstərir. Kostanyanın dəfələrlə Mərkəzi Komitənin xəbəri olmadan Moskvaya və Leninqrada səfərləri də şübhələr yaradır. Bizdə olan məlumatlara görə Kostanyan trotskiçilərin təşkilatlanmasında fəal iştirak edir və səfərlər də mənz bu işlə bağlıdır...”
Stalin əldə etdiyi bütün məlumatları cəmləşdirdikdən sonra bu haqda Mikoyana öz irad və fikirlərini bildirib. Sözsüz ki, Mikoyan Kostanyana haqq qazandırmağa çalışıb. Amma Stalin Kostanyanın Qafqaz kimi həssas bir bölgədə yüksək vəzifə tutmasını məqsədəuyğun saymayıb. Kostanyan 1930-cu ildə Ermənistan rəhbərliyindən uzaqlaşdırılıb.
Həmin il Kostanyan Mikoyanın bir neçə dəfə xahişindən sonra Krım vilayət Partiya Komitəsinə birinci katib vəzifəsinə təyinat alıb. Amma o, burada da xəyanət əməllərindən, şəxsi maraqlarından, ambisiyalarından əl çəkməyib. Bir neçə aydan sonra Kostanyan bu vəzifədən də çıxarılıb.
Artıq yüksək partiya vəzifəsinə təyinatı mümkünsüz sayılan Kostanyan Dzerjinski adına Moskva-Kursk dəmiryolu stansiyasında özünə iş tapıb, o stansiya rəisinin müavini vəzifəsində fəaliyyətini davam etdirib.
Bu vəzifədə olanda Kostanyanın antisovet fəaliyyəti haqqında “NKVD” rəhbəri Henrix Yaqoda iki dəfə Mərkəzi Komitəyə rəsmi məktub ünvanlayıb. Hansısa səbəblərdən, kimlərinsə müdaxiləsindən həmin müraciətlər Stalinə çatmadan kənara qoyulub.
Nikolay Yejov “NKVD”-yə komissar təyin olunduqdan sonra isə Kostanyan özünü “gizlədə” bilməyib. Yejovun əmri ilə bir ay Kostanyanın gizli fəaliyyəti araşdırılıb. Yaqodadan fərqli olaraq Yejov Kostanyan haqqında araşdırma materiallarını Stalinə şəxsən təqdim edib, həbsi üçün icazə istəyib. Stalin qovluğun üstünə dərkənar qoyub: “Həbs edilsin”.
Kostanyan 1937-ci ilin oktyabrın 7-də səhər saat 5-6 radələrində “NKVD” əməkdaşları tərəfindən Moskvadakı mənzilində həbs edilib. Bu dəfə Mikoyan onu xilas edə bilməyib.
Məhkəmə prosesində Kostanyan ona qarşı irəli sürülən ittihamları qəbul etməyib:
“Siz vicdanlı bir kommunistə qarşı böyük ədalətsizlik edirsiniz və bununla da sovet hökumətinə qarşı inamsızlıq yaradırsınız. Mən bütün həyatım boyu sədaqətlə partiyamıza xidmət etmişəm. Sizin kimi isti kabinetlərdə əyləşib insanların taleyi ilə oynamamışam. Sizdən əfv istəmirəm və ittihamlarınızı da qəbul etmirəm...”
Sözsüz ki, məhkəmə Kostanyanın “alovlu” ifadələrinə məhəl qoymayıb. Çünki istintaq dövründə Kostanyanın vətənə xəyanətlə bağlı çoxsaylı əməlləri sübut və dəlillərlə təsdiq olunub. Məhkəmənin hökmü ilə sabiq birinci katib ən ağır cəzaya, güllələnməyə məhkum edilib.
İlham Cəmiloğlu, Musavat.com
04 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ