Onlayn ictimai-siyasi qəzet
Ekspertlər düşünür ki, Kişinyov Dnestryanı problemi həll etmək gücündə deyil, çünki...
“Moskvanın məqsədi Moldovanı Rusiyanın protektoratı altına qaytarmaqdır. Moldovanın Avropa vektorunun dəyişməsi üçün real təhlükə yaradan kifayət qədər rusiyapərəst qüvvələr var. Son zamanlar biz müşahidə etdik ki, 2025-ci il sentyabrın 28-də seçki olduğundan rusiyayönlü partiyalar son dərəcə fəallaşıb, müxtəlif koalisiya və bloklar yaradıblar. Moldova Respublikası parlamentli dövlətdir və ssenari Gürcüstandakı kimi ola bilər. Orada, məlum olduğu kimi, parlament və hökumət rusiyapərəstdir, ölkə prezidenti yaxın vaxtlara qədər avropapərəst olub, hazırda Avropaya inteqrasiya prosesi dayandırılıb. Rusiya Federasiyasının Moldova ilə bağlı eyni planı var”.
Moldova Müdafiə Nazirliyinin Hərbi Kəşfiyyat İdarəsinin keçmiş direktoru, avropayönlü KUB (Birlik və Rifah Koalisiyası) siyasi partiyasının sədr müavini, ehtiyatda olan polkovnik Yuri Briçaq Ayna.az-a müsahibəsində belə deyib.
O, “Azərbaycanın güc yolu ilə həll edə bildiyi Dağlıq Qarabağla Dnestryanı problemi ətrafındakı münaqişədə hansı ümumi cəhətləri görmək olar” sualına belə cavab verib: “Qondarma separatçı "respublika"ların - Dağlıq Qarabağ və Dnestryanı bölgənin ümumi kökləri var: hər iki halda Rusiya Federasiyası və qondarma “sülhməramlılar” iştirak edirdi. Hər iki halda separatçı ərazilərin rəhbərləri Rusiya Federasiyasının xüsusi xidmət orqanları tərəfindən hazırlanıb və dəstəklənib. Dnestryanı bölgə əhalisinin 80%-i həm də Moldova vətəndaşlarıdır. Avrointeqrasiya Dnestryanı əhalisi üçün sabitliyi və sosial rifahı təmin edə bilər: bu faktı Avropa istəkləri ilə Moldova Respublikasına inteqrasiya edən sakinlərin əksəriyyəti etiraf edir.
Separatçı və Rusiya hərbi qüvvələri hökumətin inkişaf tərəfdaşları və beynəlxalq təşkilatların dəstəyi ilə həyata keçirməli olduğu bir sıra prosedurlar vasitəsilə aradan qaldırıla bilər. Azərbaycanda münaqişənin həlli bizə Rusiyanın protektoratından qaçmağın mümkün olduğunu göstərir".
Yuri Briçaq deyib ki, Dnestryanı problemin həlli hazırkı hökumət üçün prioritet deyil: “Ölkə inteqrasiyasının ən yaxşı nümunəsi Ermənistanın işğal etdiyi əraziləri geri qaytaran Azərbaycandır. Hazırda mövcud vəziyyəti nəzərə alaraq Moldova Dnestryanı problemini qonşu dövlətlərin - Rumıniya və Ukraynanın dəstəyi və köməyi, habelə beynəlxalq mexanizmlər hesabına həll edə bilər”.
Sona Əliyeva
Siyasi təhlilçi Sona Əliyeva “Yeni Müsavat”a bildirdi ki, hazırda keçmiş SSRİ-nin yaratdığı ən müşkül problemlərdən biri də Dnestryanı problemidir: “Moldova bu vəziyyətdə problemi həll etmək gücündə deyil. Bəli, Azərbaycan Qarabağ düyününü 30 ildən sonra həll etməklə bütün dünyadakı donmuş münaqişələri yenidən aktiv fazaya qaytardı. İndi hər kəs öz problemini həll etməyə çalışır. Moldova iqtisadi və hərbi cəhətdən separatçılarla baş-başa gəlmək gücündə deyil. Üstəlik, Putin administrasiyası keçmiş SSRİ-ni hissə-hissə geri qaytarmaq, bərpa etmək üçün əməli-praktiki addımlara başlayıb. Əvvəlcə Gürcüstan əraziləri işğal olundu. Daha sonra Krımın ilhaqı gerçəkləşdi. İndi də Donbas regionu Ukraynadan qoparılmaq üzrədir. Hadisələrin gedişatı onu göstərir ki, bu gedişlə Rusiya Ukrayna savaşını bitirdikdən sonra yönünü və istiqamətini Moldovaya çevirəcək. Hətta bütünlüklə Moldovanın işğalı gerçəkləşə bilər. Bu zaman Rumıniya ilə Rusiyanın maraqlarının toqquşması da istisna edilmir”.
Vüqar İskəndərov
Milli Məclisin deputatı Vüqar İskəndərov deyib ki, Azərbaycan müsbət mənada nümunə ortaya qoyub: “Azərbaycan öz gücünə torpaqlarını işğaldan azad etdi. Bunun üçün ağıllı, düşünülmüş siyasət həyata keçirildi. Azərbaycanın iqtisadi qüdrəti artırıldı. Əldə edilən iqtisadi inkişaf fonunda ordu gücləndirildi. Son nəticədə də müzəffər Ali Baş Komandanın qətiyyəti və Dövlət-Xalq-ordu birliyi sayəsində tarixi zəfər əldə edildi. Göründüyü kimi, artıq bu, oxşar problemlərlə üzləşən digər ölkələr üçün də örnək təşkil edir. Bu baxımdan Moldovada Dnestryanı problemini həll etmək üçün Azərbaycan nümunəsindən istifadəyə dair çağırışlar başadüşüləndir”.
Akif Nağı
Azad Vətən Partiyasının sədri Akif Nağı bildirdi ki, Moldova seçim qarşısındadır: “Bilirsiniz ki, orada açıq şəkildə avrointeqrasiya yolu tutulub. Prezident seçkisi ilə eyni vaxtda Avropa İttifaqına üzvlük məsələsi müzakirəyə çıxarıldı. Müsbət nəticə də əldə etdilər. Bu, asanmı olacaq? Rusiya buna imkan verəcəkmi? Moldovada Avropa ilə bağlı iki yanaşma var. Rumıniyaya birləşmə istəyi var ki, bu da tarixlə bağlıdır. Vaxttilə Bessarabiya dövləti olub və SSRİ vaxtında Rumıniyadan qoparılıb, Moldova dövləti yaradılıb. Moldovalılar üçün ikinci variant birbaşa Avropa ailəsinə daxil olmaqdır. Hər ikisi çox çətin görünür. Rumıniya o qədər də Moldovanın birləşdirilməsində maraqlı görünmür. Moldovada prosesləri məsafədən idarə etməyə çalışırlar. Görünür, Rusiya ilə qarşıdurmaya getmək istəmirlər. Avropa da bu gün Rusiya ilə qarşıdurmaya getməkdə maraqlı deyil. Ukrayna nümunəsində gördülər ki, Rusiya Avropaya girə bilər. Digər ərazilərə də girməsini göz altına alırlar. Baltikyanı ölkələrə müdaxilə edə biləcəyi də gündəmə zaman-zaman gəlir. İndi Moldova rəhbərliyi çalışır ki, taleləri Ermənistanla eyni olmasın. Gürcüstanın da adını qeyd etmək olar. Ermənistanı ona görə deyirik ki, Azərbaycan torpaqlarını işğal etmişdi, özünü arxayın aparırdı, amma Azərbaycan Ermənistana qarşı sərt mövqeyini ortaya qoydu, nəticədə Ermənistan özü ağır vəziyyətə düşdü. Belə bir vəziyyətdə Moldova Rusiyaya qarşı açıq şəkildə ayağa dursa, durumu çox ağır olar. Dnestryanı bölgədə elektrik məsələsi ilə bağlı Rusiya dəstəyini ifadə etmək istədi, amma Moldova razı olmadı. Əvəzində Avropa İttifaqı kömək etdi. Amma Kreml bu məsələdə o qədər də israrlı görünmədi. Moldovanın Dnestryanı bölgə ilə bağlı səhvi ondan ibarət oldu ki, avropayönlü təşkilatları orada yarada bilmədi. Şəxslər, liderlər də ortaya qoya bilmədi. Tam şəkildə onlar Rusiya ilə bağlıdır. Son prezident seçkisində Moldova rəhbərliyi ona nail oldu ki, Dnestryanı bölgənin səsvermədə iştirakını əngəllədilər. Azərbaycan öz məsələsini hərbi yolla həll etdi. İstənilən halda müqayisə qüsurludur. Azərbaycan ilk növbədə daxilində birliyə nail oldu. Hərçənd ki, Moldovada bu birlik yoxdur. Rusiyameylli qüvvələr çoxdur. Moldova rəhbərliyi üçün bu birliyə nail olmaq çətin olacaq. Azərbaycanda bütün siyasi qüvvələr Qarabağ məsələsində bir mövqedən çıxış etdilər. Əsas vacib şərtlərdən biri bu idi ki, Moldovada bu yoxdur. Xalqla dövlət arasında Azərbaycanda birlik yarandı, bütün etniklər bir mövqedən çıxış etdilər, şəhidlər verdilər, amma Moldovada yoxdur. Moldovada ruh yüksəkliyi yoxdur. Azərbaycan Rusiya amilini neytrallaşdıra bilmişdi, öz gücü və təbii ki, Türkiyə amili ilə. Amma Moldova buna nail ola bilməyib. Əgər orada vəziyyət dəyişsə, Rusiya dərhal Dnestryanı bölgəyə qüvvələrini yeridəcək. Əslində qüvvələrini ora yerləşdirib də. Kifayət qədər orada silahları var. Amma hələ ki Moldovanın Azərbaycan nümunəsinə müraciət edib uğur qazanması mümkünsüz görünür”.
Cavanşir ABBASLI,
“Yeni Müsavat”
02 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ