Onlayn ictimai-siyasi qəzet
İsrail ordusunun Misir postunu atəşə tutması son günlər ən çox müzakirə edilən məsələlər sırasındadır. Cavab olaraq Misir ordusu da Süveyşdə yerləşən qüvvələrini döyüşə hazır vəziyyətə gətirib və İsrail sərhədinə yaxın bölgədə güc nümayişi edib.
Mövzu ilə bağlı Musavat.com-a açıqlama verən ehtiyatda olan polkovnik Şair Ramaldanov bildirib ki, İsrailin terror aktı barədə verdiyi açıqlamaların özü də bir çox suallar doğurur.
Polkovnik həmçinin bildirib ki, nə İsrail nə də Fələstin xalqı baş verən bu terrorda maraqlı deyil. Başverənlər dünyada söz sahibi olan dövlətlərin geosiyasi arenada vəziyyəti idarəetmə və yeni münaqişə ocağı yaratmaq istəklərinin nəticəsidir.
“Birincisi, bu, HƏMAS-ın İsrailə qarşı ilk terror aktı deyil. HƏMAS bu cür terror aktlarını dəfələrlə edib, amma bu qədər böyük həcmdə, yəni xüsusi hazırlıq, hətta qəddarlıqla və xüsusi ehtiyyat döyüş sursatı ilə ilk dəfə idi.
Bu məsələnin əsas inzibatçısı gec-tez gün üzünə çıxacaq. Necə ki, HƏMAS-ı İsrailə qarşı bu formada iri çaplı terrora hazırlayanlar İsrailin daha da ağır formada cavab verəcəyini də hesablamışdılar. Dünyada olan ortaq fikir kimi mən də terrora və terrorçulara qarşıyam. Münaqişənin bir az daha dərininə ensək daha vacib bir sual ortaya çıxır ki, bu terror təşkilatı və ona xidmət edən terrorçular necə oldu peyda oldu və bu qədər gücləndi? Kim bunları hansı məqsədləri üçün dəstəkləyir və maliyyələşdirir? Düşünürəm ki, terrorçulara dəstək verən və hərəkətə keçirən qüvvələr öz mənafelərincə İsraili zəiflətmək istəyir. Nəticədə İsrailin əks hücumları zamanı terrorçularla müqayisədə mülki şəxslər daha çox zərər görür.
Hazırda bölgənin təxminən 30 % tikilisi dağılıb və zədələnib. Diqqət etsək terror aktından dərhal sonra ABŞ və digər ölkələrin hərbi donanmasının və rəsmilərinin İsrailə dəstək üçün gəldiyini görürük. Baxmayaraq ki, İsrail güclü dövlətdir, hərbi cəhətdən daha üstündür və istədiyi nəticəni də Qəzzada alır. Bu isə yeni geosiyasi vəziyyətin yarandığını və bəzi dövlətlərin ərəb-İsrail münqaişəsinin davam etməsində maraqlı olduğunu bir daha sübut edir. Eyni zamanda ABŞ-ın İsrailə milyardlarla investisiya köməyi də bunu göstərir. Hazırda hansısa ərəb ölkəsindən İsrailə qarşı bir aqresiya yoxdur. Proseslər izlənilir, istər Suriya, istər Misir və digərlərindən sadəcə Livanın sərhəd bölgələrində kiçik çaplı qarşıdurmalar yaşanır. Hətta İranın bu qarşıdurmaya müdaxilə edəcəyi düşünülsə də, İran dövləti sadəcə prosesləri izləmək və HƏMAS-a maddi və təhcizat dəstəyi verməklə öz mövqeyini ortaya qoydu. Törədilən terror HƏMAS-ın deyil, arxasında dayanan və regionda sülh istəməyən, o cümlədən münaqişəni üçüncü ölkələrə yaymaq istəyənlərin planıdır, çünki Yaxın Şərqin böyük və zəngin enerji ehtiyyatları var”.
Polkovnik baş verən müharibəyə Ərəb ölkələrinin münasibətini isə belə dəyərləndirdi:
“Bu gün ərəb ölkələri soyuqqanlılıqla bu prosesi müşahidə edərək siyasi yollarla münaqişənin həllini tapmağını istəyirlər. Çünki ərəb ölkələri bu məsələnin arxasında olan böyük gücləri görərək münaqişənin böyüməsinə imkan vermirlər. İsrail HƏMAS-ı məhv edənə qədər anti-terror hərəkatını davam etdirəcəyini elan edib və hər cəhətdən HƏMAS-a qarşı üstün vəziyyətdədir. Sadəcə olaraq terrorçuların mülki əhalinin arxasına sığınması nəticəsində günahsız əhali də zərər görür. İki milyon əhalisi olan kiçik bir ərazini döyüş meydanına döndərmək və orada yaşayan insanlardan qalxan kimi istifadə etmək eyni zamanda İsrail ərazisindəki musiqi festivalına edilən hücum və günahsız şəxslərin əsir alınması terrorçuluğa xas olan bir addımdır. Qəzza zolağında yaşayan əhalidən öz məkrli əməlləri üçün istifadə edən HƏMAS-a böyük güclərin dəstəyi tamamilə kəsilməlidir. Dəstək verilməməlidir ki, mülki əhaliyə zərər dəyməsin, infrastruktur məhv olmasın və münaqişə ocağı böyüməsin. Ən əsası heç bir tərəfdən insanlar ölməsin, çünki nə terrorun nə də terrorçunun milləti olmaz. Qəzzada yaşayan mülki şəxslər də bilməli və anlamalıdır ki, HƏMAS heç vaxt İsrailə qalib gələ bilməyəcək” – deyə polkovnik Şair Ramaldanov bildirib.
Dürrə Həsənova,
Musavat.com
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ