İnsanlara hürriyət, millətlərə istiqlal!

Mirələmovun oğluna qarşı məhkəmə davası bitdi – PULU ÖDƏYİB

Keçmiş deputat Hüseynbala Mirələmovun oğlu Fərid Mirələmova qarşı Nəsimi Rayon Məhkəməsinə təqdim edilmiş iddia geri qaytarılıb.

Buna səbəb Fərid Mirələmovun “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti”nə olan su pulu borcunu ödəməsidir.

İddiaçı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Nəsimi Rayon Məhkəməsində keçirilən iclasda Mirələmovun içməli suya olan borcunu tam ödədiyini bəyan edib. Bu səbəbdən şikayət geri götürülüb. Məhkəmə iddiaçının hər hansı tələbi olmadığından şikayəti geri qaytarıb.

Musavat.com xəbər verir ki, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” iyulun əvvəlində Nəsimi Rayon Məhkəməsinə iddia təqdim edib.

İşə hakim Həbibə Miriyevanın sədrliyi ilə baxılıb. Fərid Mirələmov Şüvəlandakı bağ evində su pulunu ödəmədiyi üçün məhkəməyə verilmişdi.

Hüseynbala Mirələmov bağ evinin pulunun ödənməməsi ilə bağlı adının hallanmasına belə reaksiya vermişdi:

“Oğlumun vaxtilə bir yerdə işlədikləri dostu var. O, mənzil şəraiti yaxşı olmadığına görə oğluma müraciət edib, onun Şüvəlandakı bağ evində qalmaq istəyini dilə gətirib. Oğlum da deyib ki, “get, qal”. Bunlar oğlumun Şüvəlandakı bağ evində qalıb, bütün kommunal xidmətlərdən istifadə ediblər. Lakin su pulunu ödəməyiblər. Bağ oğlumun adına olduğuna görə onun adını yazıblar. Oğlum həmin adama zəng edib məsələni deyib. Elə dünən, ya əvvəlki gün həmin adam özü ödənişi edib”.

Hüseynbala Mirələmov məsələ ilə əlaqədar mətbuatda adının hallanmasına etiraz etmiş, hətta mətbuatı məhkəmə ilə hədələmişdi:

“Mən dəfələrlə müsahibə vermişəm ki, seçkilərdə namizədliyimi irəli sürməyəcəm. Məni bir məsələ maraqlandırır, lap tutaq ki, fərz edək, oğlum su pulunu ödəməyib, bəs mənim bu məsələyə nə aidiyyətim var? Mənim şəkilimi qoyub, “sabiq deputatın oğlu məhkəməyə verildi” deyə başlıq yazıblar. Bu nə deməkdir? Lap deyək ki, oğlum su pulunu ödəməyib, onun şəklini qoyardın. Yoxsa mənim şəklimi qoyub, sabiq deputat yazıblar. Mən bunu anlaya bilmirəm. Bu, ədalətsizlik və jurnalistikaya xəyanətdir. Mən politexnik institutunu bitirsəm də, 5 il “Azərbaycan Pioneri” qəzetinin ədəbiyyat şöbəsində baş redaktor işləmişəm. Onda bunlar heç dünyada yox idi. Mənə jurnalistika öyrədirlər? Nə məqsədlə bunu etdiklərini bilmirəm. Mən istəsəm, belə bir həvəsim olsa, onların səviyyəsinə ensəm, onları məhkəməyə də verə bilərəm”.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR