Onlayn ictimai-siyasi qəzet
Dünyanın qlobal problemlərindən biri də miqrasiyadır. Artıq bunun qanuni və qanunsuz olmasının fərqi qalmayıb. Nisbətlə götürsək, qanunsuz miqrasiyanın xüsusi çəkisi qanuni miqrasiyadan qat-qat ağırdır.
Elə bir gün olmur ki, müxtəlif ölkələrdən miqrantlarla bağlı xəbər gəlməsin – onların xor görülməsindən tutmuş ta özlərinin cinayət törətmələrinə qədər.
Bir də miqrantların kütləvi şəkildə uğradığı qəzalar var. Əvvəllər o cür xəbərlər Banladeşdən gələrdi. 300-500 mühacirin doluşduğu bərələr Hind okeanında batardı. Son illər isə tez-tez miqrantların rezin qayıqlarla Yunanıstan və İtaliya sahillərinə yaxınlaşarkən batdığı barədə xəbərlər gəlir. Böyük şübhə var ki, onları qəsdən batırırlar. Çünki doğru-dürüst izahı yoxdur: necə olur ki, təlatümlü dənizdə, okeanda minlərlə mil məsafə qət edən qayıqlara bir şey olmur, amma onlar adları çəkilən ölkələrin sahil sularına yaxınlaşarkən qəzaya uğrayırlar? Araşdıran yox, ittiham və mühakimə edən yox.
Uzun illər miqrant siyasəti sərt olan ABŞ belə artıq bu problem qarşısında döyükə-döyükə qalıb. Eks-prezident Donald Tramp məhz qanunsuz miqrasiyanın qarşısını almaq üçün Meksika ilə sərhədə 5 metrlik, aşılması mümkün olmayan divarlar çəkmək istəyirdi, işi yarımçıq qaldı. Bayden isə bu siyasəti yumşaltdı, nəticədə ABŞ-ın iri şəhərləri meksikalı və cənubi amerikalı qaçqınların ayağının altında qalıb. Texas, Arizona və Florida ştatlarının respublikaçı, Tramp tərəfdarı olan rəhbərləri Meksika ilə sərhədi qanunsuz keçən əcnəbiləri kütləvi şəkildə avtobuslara doldurub Vaşinqton, Nyu-York və digər böyük şəhərlərə göndərirlər. Meqapolislərin rəhbərləri isə onları hostellərə, ucuz otellərə, məktəblərə yerləşdirirlər. Milyarder İlon Mask deyib ki, bu gün-sabah qaçqınlar köklü amerikalıların evlərinə girəcəklər.
Avropa dövlətləri Suriya və İraqdan qaçan mühacirləri yerbəyer edib başa çatdırmadan indi də Ukraynadan gələn yüz minlərlə miqrantın qarşısında qalıblar. Özü də miqrant yerləşdirmə kampaniyasına bütün Avropa dövlətləri qoşulmur, bəziləri kasıbdır, bəzilərinin öz problemləri başdan aşır, bəziləri öncədən sərhədlərini qapalı saxlayırlar. Ona görə də əsas yük Almaniya, Fransa, Hollandiya, İsveç, Avstriya, Belçika kimi ölkələrin üzərinə düşür. Onlar da ki ölçüsüz corab deyillər. Bir yerdən sonra miqrant axınına tablaşa bilmirlər.
Bu üzdən son illərdə Avropa dövlətləri miqrantların öz ölkələrini üzrlü səbəbdən tərk edib-etməmələri məsələsinə diqqət edirlər. Əgər miqrant Ukraynadan gəlibsə, bu, aydındır, demək, müharibədən, labüd ölümdən qaçıb. Ancaq Avropada yerləşmək istəyən şəxs Gürcüstandan, Azərbaycandan gəlibsə, deyirlər, xeyir ola, sizin o ölkələri tərk etməyiniz nədən belə vacib olub. Daşdan keçən sənədlər lazımdır.
Dünən İsveçrədə yaşayan mühacir yazıçı Əli Əkbər bu xüsusda yazdığı statusda qeyd edir ki, Gürcüstan vətəndaşları Avropaya vizasız gedə bildiklərinə görə kütləvi şəkildə “qoca qitə”yə axışırlar və təxminən 10 min nəfərə yaxını siyasi sığınacaq istəyib. Onlardan yalnız 30 nəfərinə sığınacaq verilib, yerdə qalanları Avropada olmaq müddətləri bitincə deportasiya edilib. Sığınacaq istəyən Gürcüstan vətəndaşları arasında 250-yə yaxın soydaşımız da olub və onların heç birinə sığınacaq və ya oturum verməyiblər.
Ümumiyyətlə, son iki ildə minlərlə həmvətənimiz Avropa ölkələrindən, xüsusilə də Almaniyadan ölkəmizə deportasiya edilib. Onlar dünyanən ən firavan qitəsinə müxtəlif yollar və bəhanələrlə gediblər, fəqət artıq Moskva kimi, Avropa da göz yaşlarına inanmır.
Moskva demişkən, vaxt vardı, ölkəmizdə yaşamaq, işləmək istəməyən, yaxud da bu məsələdə çətinlikləri olan soydaşlarımız ən çox Moskvaya, Rusiyanın digər şəhərlərinə gedir, özlərinə iş-güc tapır, ev-eşik düzəldirdilər. Daha bir istiqamət isə Ukrayna idi. Hazırda Ukrayna və Rusiya arasında gedən qanlı müharibə hər iki ölkəyə əmək miqrantlarının axınını dayandırıb. Bu, əsasən ona görədir ki, döyüşən tərəflərə əsgər lazımdır və hərbi xidmətə yararlı olan, yaşı düşən miqrantlar onlar üçün potensial döyüşçüdürlər. Hökumət strukturları miqrantları əvvəlcə ölkə vətəndaşı olmağa məcbur edir, daha sonra pasportla yanaşı hərbi çağırış vərəqi verərək cəbhəyə basırlar. Miqrantlar isə bir parça çörək üçün getdikləri ölkədə gülləyə, qəlpəyə tuş gəlib ölmək istəmirlər.
İndiyədək Rusiya-Ukrayna müharibəsinin qarşı xəbhələrində döyüşən yüzlərlə həmvətənimiz həlak olub.
Gedişat göstərir ki, yaxın illərdə ayrı-ayrı dövlətlər, xüsusilə də mühacirlərə qucaq açan “üzüyumşaq ölkələr” öz miqrasiya siyasətlərini olduqca sərtləşdirəcək, heç kəsi yaxın qoymayacaqlar. Bu, bəzi ölkələrdə humantar fəlakətə, bəzilərində isə inqilabi hərəkətlənmələrə, iğtişaşlara səbəb olacaq.
Çünki insanlar əsasən təhlükəsiz və firavan yaşamaq, bir çox hallarda isə sadəcə, yaşamaq istəyirlər. Gedəcək yerləri olmayandan, divara qısnanandan sonra onların nə kimi addımlar atacağını proqnozlaşdırmaq çətindir.
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ