İnsanlara hürriyət, millətlərə istiqlal!

Minsk Qrupundan az çəkmişdik, indi də ATƏT...

Azərbaycandan ATƏT DTİHB-yə sərt reaksiya; Azay Quliyev: “30 ildə Ermənistanın azərbaycanlılara qarşı həyata keçirdikləri müharibə cinayətlərinə bu büro reaksiya verməyib, cinayətlərə görə narahatlığını ifadə etməyib”


ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) Azərbaycana qarşı demarş edib. Sən demə, qurum “erməni hərbi əsirlərin öldürülməsi ilə bağlı videodan şoka düşübmüş”.
Bu barədə təşkilatın twitter səhifəsində yerləşdirilən məlumatda deyilir.

“Təşkilat Azərbaycan-Ermənistan sərhədində dinc əhaliyə qarşı cinayətlərin və digərlərinin dərhal araşdırılmasını tələb edir. İstənilən münaqişədə bütün tərəflər beynəlxalq hüquqa hörmət etməlidir”, - deyə bəyanatda qeyd edilir.

Və bunu o təşkilat bəyan edir ki, onun Minsk Qrupu 30 il Dağlıq Qarabağ probleminin həlli ilə deyil, erməni işğalını rəsmiləşdirməklə məşğul olub, işğala məruz qalan Azərbaycanla işğalçı Ermənistan arasında daima bərabərlik işarəsi qoyub. Amma indi “erməni əsirlərin güllələnməsindən” şok keçirir. Halbuki azərbaycanlı hərbçilərə qarşı ondan qat-qat böyük erməni vəhşilikləri haqda da qurumda videolar, məlumatlar var. Bu barədə isə nədənsə susur. Görəsən, niyə, yenə xristian təəssübkeşliyi?

Bu xüsusda Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva haqlı olaraq ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunu qərəzli yanaşmada qınayıb, qurumu ədalətli mövqe tutmağa çağırıb.

Səbinə Əliyeva danışdı - Yenilənib

 Səbinə Əliyeva

S.Əliyevanın etiraz bəyanatında bildirilir ki, Ermənistan silahlı qüvvələri tərəfindən azərbaycanlı hərbi əsirlərin qəddarcasına qətlə yetirilməsi, insanlığa sığmayan digər hərəkətlərə yol verilməklə işgəncə və təhqirə məruz qalması ilə bağlı çoxsaylı təkzibolunmaz sübutlar mövcuddur: “Sosial şəbəkələrdə və digər media resurslarında azərbaycanlı hərbi əsirlərə qarşı törədilmiş müharibə cinayətlərini təsdiq edən faktları əks etdirən videogörüntülərlə bağlı ATƏT-ə, habelə BMT, Avropa İttifaqı, Avropa Şurası və onların ixtisaslaşmış qurumlarına, digər səlahiyyətli beynəlxalq və regional təşkilatlara tərəfimizdən dəfələrlə müraciətlər edilib, hesabatlar təqdim olunub”.

Lakin ombudsmantəəssüflə qeyd edib ki, Azərbaycandan fərqli olaraq Ermənistan tərəfi bu kimi faktlarla bağlı heç bir araşdırma aparmır və bununla da beynəlxalq humanitar hüquq normalarından irəli gələn öhdəliklərə əməl etmir: “Bununla belə, Azərbaycana münasibətdə ikili standartlara yol verilərək Ermənistan tərəfindən törədilmiş müharibə cinayətlərinə ATƏT tərəfindən heç bir reaksiya verilmir, əksinə, ölkəmiz barədə həqiqəti əks etdirməyən qərəzli məlumatlar paylaşılmaqla sülhyaratma fəaliyyətinin pozulmasına yönəlmiş addımlar atılır... Tərəflərin bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanımaqla sülhə daha da yaxınlaşdığı hazırkı çox həssas bir vaxtda məqsədli şəkildə nümayiş etdirilən bu qərəzli münasibəti kəskin şəkildə qınayır, ATƏT-i tərəflər arasında davamlı sülhün təşviqinə və insan hüquqlarının təmininə xidmət edən ədalətli mövqe nümayiş etdirməyə çağırırıq”.

Niyə dünyada ermənilərin dostları çoxdur? ATƏT nədən həssas bir dönəmdə qərəzli mövqe sərgiləyir? ATƏT/DTİHB-də ermənipərəstlərmi əyləşib?

Deputat, ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, qurumun komitə sədri Azay Quliyev “Yeni Müsavat”a bildirdi ki, ATƏT-in twitter səhifəsində yerləşdirilən sözügedən fikirləri ötən həftənin istirahət günü oxuyub və dərhal reaksiya verib: “Dərhal ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun direktoru Mateo Mekaçi ilə telefonla danışdım və öz etirazımı bildirdim. Erməni əsirlərin öldürüldüyü iddia edilən məlum videodan narahatlıq keçirdiklərini deyirlər. Əvvəla, Azərbaycan tərəfi həmin video yayılan kimi dərhal reaksiya verdi, Baş Prokurorluq açıqlama yaydı ki, o video araşdırılır, əgər o video saxta deyilsə, məsələ ilə bağlı müvafiq araşdırma aparılacaq. Bu, bir daha Azərbaycan dövlətinin beynəlxalq hüquqa nə qədər hörmət etdiyini və öz öhdəliklərinə nə qədər sadiq qaldığını göstərir. Biz hələ indiyə qədər bir dəfə görməmişik ki, bu 30 ildə yüzlərlə müharibə cinayəti törətmiş ermənilərə qarşı Ermənistan hökuməti tərəfindən cinayət işi açılsın, araşdırma aparılsın. Tam əksinə, Ermənistan müharibə cinayəti törətmiş erməniləri, hərbçilərini mükafatlandırıb, onlara hətta milli qəhrəman adını da verib. Eyni zamanda bu 30 ildə Ermənistanın, erməni hərbçilərinin Azərbaycana və azərbaycanlılara qarşı həyata keçirdikləri dəhşətli müharibə cinayətlərinə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu reaksiya verməyib, bu cinayətlərə görə narahatlığını ifadə etməyib, çağırış etməyib. İndi Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun yerləşdirdiyi o fikirlər heç bir halda həqiqətin araşdırılmasına xidmət etmir”.

Azay Quliyev 5 ölkənin ATƏT PA-dakı nümayəndə heyətinə məktub göndərib -  AZƏRTAC

Azay Quliyev

A.Quliyevin sözlərinə görə, Azərbaycan bu qurumun açıqlamalarını, mövqeyini o zaman ədalətli sayardı ki, bu qurum Ermənistanın azərbaycanlılara qarşı həyata keçirdiyi müharibə cinayətlərinə reaksiya vermiş olaydı, etiraz səsini qaldıraydı: “Dediyimiz kimi, biz Demokratik Təsisatlar və İnsan Haqları Bürosundan bunu 30 ildə eşitmədik, görmədik. Ötən həftə Xocavəndin Edilli kəndində aşkarlanan kütləvi məzarı bu qurum görmür?! Həmin məzarda 12 azərbaycanlının məftillə əli-qolu bağlı şəkildə basdırıldığı məlum oldu. Həmin 12 nəfərin küt alətlərlə döyülərək öldürüldüyü və kütləvi basdırıldığı heç kimdə şübhə doğurmur. Amma ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu bu dəhşətli mənzərədən dəhşətə gəlmir, heç bir reaksiya vermir. Həmçinin elə bugünlərdə ikinci ildönümünü yaşadığımız Gəncədə dinc əhalinin Ermənistan tərəfindən bombardman edilib kütləvi məhv edilməsinə, orada azyaşlı uşaqların ölümünə bu qurum reaksiya verməyib. İki il öncə Bərdə şəhərinə Ermənistan qadağan edilmiş bombalar atdı və çoxlu sayda mülki insanlar həlak oldu, yaralandı. Demokratik Təsisatlar və İnsan Haqları Bürosu bu hadisəyə də qiymət verməyib. Bütün bunlar sübut edir ki, adıçəkilən təşkilat açıq-aşkar ikili standartlarla davranır, ermənipərəstlik edir, tərəf tutur, riyakarlıq edir. Mən bu fikirlərimi telefon əlaqəsi zamanı qurumun rəhbərinin nəzərinə çatdırmışam. ATƏT-in regionla qurumunun rəhbəri ilə də danışığım gözlənilir. Ona da öz etirazımızı qəti şəkildə bildirəcəyəm. Azərbaycan heç vaxt zorakılıq tərəfdarı olmayıb, Azərbaycan nə 44 günlük müharibədə, nə də o vaxtdan indiyə qədər Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab verərkən qanunları pozmayıb, dinc əhaliyə qarşı bir dəfə də olsun zərbə endirməyib, bir nəfər də olsun mülki şəxs, dinc insan öldürülməyib, hərbi əsirlərə heç bir zorakılıq etməyib. Beynəlxalq təşkilatlar gərək bu reallığı nəzərə alsın, ədalətli, qərəzsiz davransın. Azərbaycana qarşı qarayaxmalar əsassızdır və qarayaxmalar yapışmaz. Bu qarayaxmalar və qərəzli mövqe ATƏT-in Demokratik Təsisatlar Mərkəzinin imicini sarsıdır, ona etimada zərbə vurur”.

A.Quliyev qeyd etdi ki, ATƏT-in Demokratik Təsisatlar Mərkəzinin twitter səhifəsində Azərbaycana qarşı böhtan xarakterli fikirlərin yerləşdirilməsində orada işləyən ermənipərəst şəxslərin, erməni lobbisi ilə əlaqəsi olanların, yaxud orada işləyən erməni mənşəli şəxslərin rolunun olduğu mümkündür: “Hər bir halda bu məsələyə yəqin ki, bizim səfirliyimiz, müvafiq rəsmi qurumlarımız adekvat reaksiya verəcək, etiraz bildirəcək”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR