İnsanlara hürriyət, millətlərə istiqlal!

Millimizin baş məşqçisi: “Tənqidləri görməsinlər deyə, telefonlarını yığmışdım”

Musavat.com 16 yaşadək qız basketbol millimizin baş məşqçisi Evren Alkayanın Prosport.Az-a müsahibəsini təqdim edir:

– Siz tək U-16 qız millimizi çalışdırırsınız, yoxsa Azərbaycan Basketbol Federasiyasında digər aşağı yaş qruplarına da cavabdehsiniz? 

– Rəsmi olaraq 16 yaşadək qızlar millisini çalışdırıram. Lakin Azərbaycan Basketbol Federasiyasının icraçı direktoru Fərrux Mahmudovla (indi "Neftçi" PFK-nın icraçı direktoru – red.) danışdıqda dedim ki, önəmli olan bu millini çalışdırmaq yox, aşağı yaş qruplarından da ora idmançı gətirməkdir. Çünki U-16 millisi bu yarışlara hazır deyildi. Bu səbəbdən U-12, U-13 və U-14-ü beləcə qurdum. U-13, U-15 və U-17 üzrə Azərbaycan çempionatları olur. Bu qızlar da həmin çempionatlardan yığılıb. 20 ildir ki, bu formada seleksiya olmayıb.

– Hansı ildən bəri millimizdə baş məşqçi kimi çalışırsınız?

– Bu ildən. Ancaq bir neçə il əvvəl Tofiq Heydərovun dəvəti ilə bura gəlmişəm. 2019-cu ildə Bakıda Avropa Gənclər Olimpiya Festivalı yarışı keçirilərkən burda U-16 oğlan basketbol millisində köməkçi məşqçi işləyirdim. Onda qrupda Xorvatiyanı 58:54 məğlub etmişdik. Biz həmin yarışı 7-ci sırada bitirsək də, C divizionunda çıxış edən yeganə komanda idik. Qalan komandalar U-16 A divizionunda çıxış edənlər idi.

– Ötən ay U-16 qız millimiz Andorrada keçirilən Avropa çempionatının C divizionunun qalibi oldu. Bu, qızlarda bir ilk idi. Yarış barədə fikirlərinizi eşidək.

– Bu yarışadək Türkiyə və Azərbaycanda 3 toplanış keçmişdik. Əvvəldən turnirdə iştirak edən 7 komandanı da analiz etmişdik. Yoxlama oyunlarına kimi baxmışdıq. Qrupda Andorra, Albaniya və Moldovanı yendik. Gürcüstan turnirin favoriti idi. Yarımfinalda onları 2 xal fərqlə, finalda isə yenidən Andorranı məğlub etdik.

– Gürcülərlə qrupda qarşılaşsaydınız, sizə daha çətin olardı?

– Əksinə, daha asan olardı, bəlkə də onlara 20 xal fərqlə məğlub edərdik. Çünki onlar bizi tanımırdı. Gürcülər yarımfinaladək bizi izləmək imkanı əldə etdilər. Üstəlik, turnirin sonlarına doğru yorğunluq artırdı. Onlarda 30 nömrəli Salome Svanini tutmaq lazım idi.

– Qalib olsanız da, sosial şəbəkələrdə tənqidlə üzləşdiniz. Azərbaycan millisində 4 türk oyunçusundan istifadə edib yarışın qalibi olmağınız tənqidlə qarşılandı...

– 4 yox, 3 türk oyunçum olub. Digərləri azərbaycanlı idi. Ayan Aslan və Mələk Koç ata və anası burda yaşayan, özləri burada doğulmuş basketbolçularımızdır. Onlar Azərbaycanda yetişiblər, basketbolu burada öyrəniblər. Sosial mediada bizi tənqid edənlər çox haqlı olar. Amma indi yox. Çünki Azərbaycanda qız basketbol klubları çox deyil, onların çox oyun keçirmə şansları yoxdur. Biz də istəyərik ki, 4-5 il sonra ancaq azərbaycanlılardan ibarət komanda olsun. 20 il bu sahədə iş görülməyib. Gətirdiyim həmin 3 türk azərbaycanlılar kimi mübarizə etdi, Azərbaycan bayrağını aşağı düşürtmədilər. Mən hamısının telefonunu yığdım. Çünki istəmirdim ki, onlar haqda sosial şəbəkələrdə yazılanları oxusunlar. Amma 5 il sonra 10 milyon əhalisinin olduğu Azərbaycan millisində əcnəbi olmamalıdır.

– Şilan Akbingöl, Ela Nur Gökçöl və Dəniz Gökçölün Türkiyədə çıxış etdikləri klublar varmı?

– Təbii ki, var. Onlar 4-5 ay bizimlə birgədirlər. Əmin olun ki, idmançılarımıza xeyirləri dəydi.

– B divizionunda yarışmamağınızın səbəbi ora hələ hazır olmamağınızla bağlıdırmı?

– Tamamilə, doğrudur. Seleksiya zamanı əvvəl 28 oyunçu vardı. Onlardan 11-12-si səbətə top ata bilmirdi. B divizionunda necə çıxış edəcəkdik? Həm deyirsiniz ki, oynayaq, həm də deyirsiniz ki, orada rüsvay olmayaq. Hələ növbəti mövsüm B divizionunda çıxış etməklə bağlı qərar verilməyib. Məncə, B divizionunda çıxış etməkdən vacib ölkədə qız basketbolunu inkişaf etdirməkdir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR