İnsanlara hürriyət, millətlərə istiqlal!

Milli Məclisin deputatı: “Əcnəbi məşqçi tərəfdarıyam”

“Mən əcnəbi məşqçi tərəfdarıyam”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa futbol üzrə Azərbaycan millisinin baş məşqçi postuna mümkün namizədlərlə bağlı danışarkən deyib.

58 yaşlı deputat yerli mütəxəssislərin təzyiq altında uğurla çalışacaqlarına inanmır: “Yerlilər arasında Qurban Qurbanovdan səviyyəli məşqçi tapacaqsınız? Nə jurnalist, nə azarkeş, nə AFFA Qurbanova imkan verdi, onun arxasında durdu. Qurbanov bu gün millini idarə edəcək imkana, qabiliyyətə və potensiala malik yeganə mütəxəssisdir. Qurban Qurbanovdan başqa kiməsə səbirlə yanaşılacağını, vaxt veriləcəyini zənn etmirəm. Heç onun özünə də vaxt verilmədi. Azərbaycan şərtlərində yerli məşqçinin uğur qazanmaq imkanı məhduddur. Təzyiqlərə tab gətirmək çox çətindir. Bizdə qaragüruhçuluq təkcə elmdə və ya başqa sahələrdə deyil, futbolda da eyni durumdur. Hər kəs məsələyə baxışını emosiyalarla ortaya qoymağa çalışır. Əslində daha məntiqli yanaşmaq doğru olardı. Bu üzdən yerli məşqçiyə bu imkanın verilməyəcəyini söyləmək olar. Təbii ki, azərbaycanlı məşqçinin gətirilməsini istərdim. Ancaq onu linç edib, 2-3 uğursuz oyundan sonra sıradan çıxaracağıq. Heç olmasa, əcnəbi çalışdırıcıya verdiyimiz pulun batmamasına çalışırıq. Yerli məşqçidə bu üstünlük də olmayacaq. Onun hüququnu qoruyacaq məhkəmə də yoxdur ki, orada qalib gəlsin”.

O, yığmadan yeni ayrılan sabiq baş məşqçi Canni De Byazinin fəaliyyətini normal qiymətləndirib: “Azərbaycan millisi De Byazinin rəhbərliyi altında normal oyun göstərə bildi. Bundan yaxşısı da ola bilərdi. Ancaq ona qalan miras milliləşdirilmiş lazımsız futbolçular idi. Onların da heç biri beynəlxalq standartlara, müasir futbolun tələblərinə uyğun deyil. Yerlilərdən elə də fərqlənmirlər. Belə bir vəziyyətdə əcnəbi baş məşqçi nəyi dəyişə bilərdi? Eyni zamanda, yerli futbolçuların arasından seçim imkanı da geniş deyil. Çempionat iştirakçılarından yalnız “Qarabağ” müasir futbolun müəyyən mərtəbəsinə qalxa bilib. Digər klublar əyalət komandası formatında mübarizə aparırlar. Təbii ki, bəzi işlər gedir, yaxşı məşqçilərimiz var. Amma müəyyən səviyyəyə yüksəlmək üçün uzun illər təcrübə toplamalısan. De Byazinin yanında Arif Əsədov kimi təcrübəli və vicdanlı məşqçi var idi. Fikrimcə, indiki imkanlarla normal komanda qura biliblər. Fərq baxımından əvvəlki matçlarla indikini müqayisə etməkdə çətinlik çəkirəm. Ancaq ümumilikdə AVRO-2024-ün seçmə mərhələsində pis təsir bağışlamadılar”.

Fazil Mustafa AVRO-2024-ün seçmə mərhələsində Belçika (0:5) ilə son qarşılaşmada qırmızı vərəqə alan yarımmüdafiəçi Eddi İsrafilovu tənqid edib: “Komandaya futbolçunu təkcə oynamaq üçün cəlb etmirlər. Həm də məlumatı, normal zəkası olan futbolçular yığmaya çağırılmalıdırlar. Bir futbolçu 4 dəqiqə ərzində iki sarı vərəqə alırsa, deməli, məsuliyyətsizdir. Birinci epizodda rəqibə çatmaq əvəzinə tənbəllik edərək, onu əli ilə tutdu. İkinci epizodda isə mərkəzdə heç bir lüzum olmadan rəqibə qarşı kobudluq etdi. Futbolçu orada baş məşqçini pis vəziyyətdə qoydu”.

Milli Məclisin deputatı Canni De Byazinin Belçika ilə qarşılaşmadan sonra mətbuat konfransında azərbaycanlı idman jurnalistləri barədə səsləndirdiyi qeyri-etik fikirlərə də münasibət bildirib: “De Byazinin jurnalistlərə qarşı davranışı ədəbsiz hərəkət idi. İstənilən halda, jurnalistlə belə danışmaq olmaz. Amma sual da kobud şəkildə ünvanlanmışdı. Heç vaxt komandanın baş məşqçisinə və ya məsul şəxsinə bu formada sual verilməz. Bu özü də kobudluq əlamətidir. Dolayı yollarla problemi çatdıraraq cavab almaq üslubunu seçmək daha məntiqli olardı. Baş məşqçiyə sual verən jurnalist bu normaları nəzərə almalıdır. Bütün hallarda De Byazinin belə cavab verməsi ədəbsizlikdir, qəbulolunmazdır. Futbolla onun cavabı fərqli şeylərdir. Bizim mənfi cəhətimiz odur ki, ikisini birgə aparmağa çalışırıq".

O, Azərbaycan futbolunda problemin baş məşqçiliklə bağlı olmadığını vurğulayıb: “Bizdə problem təkcə məşqçilik deyil. Məsələn, Qazaxıstanın da baş məşqçisi yerli mütəxəssis deyil. Əcnəbi baş məşqçi komandanı bəlli yerə qədər daşıdı. Çünki Qazaxıstanda futbolun inkişafı ilə bağlı tamamilə başqa sistem işləməyə başladı. Qısa müddətdə də bu inkişafın nəticələrini görməyə başladılar. Bizdə uşaq futbolunu inkişaf etdirmək üçün fədakarlıq göstərmək, Dövlət Proqramı gerçəkləşdirmək lazımdır. Bu proseslər olmadıqca futbolun bazası natamam olacaq. Milli üçün futbolçu havadan yetişmir. Futbolun inkişafına daha məsuliyyətli baxış ortaya qoyulmalıdır. Bu problem inkişafa müəyyən dərəcədə təsir edir. Məşq keçmək üçün meydançalar yox dərəcəsindədir. Əksər qəsəbələrdə olan minifutbol meydançalarının üstü örtülməyib. Belə olduqda da 3-4 il sonra yararsız hala düşür. Əlçatan yerlərdə futbol, basketbol, voleybol, həndbol meydançaları yoxdursa, hansı formada inkişaf gözləmək olar? Bu üzdən kompleksli, geniş baxış ortaya qoyulmalıdır”.

Qeyd edək ki, ötən gün AFFA İcraiyyə Komitəsi millinin baş məşqçisi Canni De Byazi ilə yollarını ayırıb. Yığma onun rəhbərliyi altında AVRO-2024-ün seçmə mərhələsində 7 xalla F qrupunda 4-cü yeri tutub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR