İnsanlara hürriyət, millətlərə istiqlal!

Milli Məclisdə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarılıb

Milli Məclisin birgə komitə iclasında “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb. Musavat.com xəbər verir ki, layihə Milli Məclisin İctimai birliklər və dini qurumlar, Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları komitələrinin birgə iclasında müzakirə olunur. Müzakirələrə Milli Məclisdə təmsil olunan partiyaların nümayəndələri və deputatların bir hissəsi qatılıb.

 Milli Məclis sədrinin müavini Fəzail İbrahimli 1-ci oxunuşda müzakirəyə çıxarılan layihə barədə məlumat verdi. Bildirdi ki, müzakirəyə təqdim olunna qanun layihəsi mərhələlərlə gəlib bu varianta çatıb. “Qanun layihəsi çox səliqə-səhmanla işlənib və müqayisəli əsasda, artıq təkmilləşdirilmiş variantda təqdim olunub”-deyən vitse-spiker “belə bir qanun layihəsinin ortaya gəlməsi hardan qaynaqlanır, səbəb nə oldu?”-sualına cavabında bildirdi ki, cəmiyyətdə sistemli, ardıcıl islahatlar həyata keçirilir, çox ciddi dəyişikliklər baş verir: “Taleyüklü məsələlərdə həmişə öz sözünü deyən Milli Məclis bu proseslərdən kənarda qala bilməzdi. Ona görə Milli Məclisdə təmsil olunan siyasi partiyaların 11 nümayəndəsi parlament rəhbərliuyinə müraciətlə “Siyasi partiyalar haqqında” yeni qanunun qəbul edilməsini xahiş etdi”. F.İbrahimli xatırlatdı ki, mövcud qanunun qəbulundan 30 il keçib, bu müddətdə çox dəyişikliklər baş verib. İkincisi də 1995-ci ildə qəbul edilmiş Konstitusiya ilə əlaqədar olaraq qanunvericilikdə yeniliklərin olması zəruri idi. “Çox sağ olsun Milli Məclisin sədri Sahibə xanım Qafarova, təklifi alqışladı və 3 komitəyə qısa müddətdə qanun layihəsinin hazırlanıb, müzakirəyə təqdim olunması barədə tapşırıq verdi”.

F.İbrahimli dedi ki, Avropa təcrübəsi nəzərə alınıb, eyni zamanda Azərbaycanda sistemin xüsusiyyətləri öz əksini tapmalı idi və bu məsələlər də nəzərə alınıb. Onun sözlərinə görə, Venetsiya Komissiyasının 2010-2020-ci illərdəki tövsiyələri də nəzərə alınıb: “İş prosesində 20-dək ölkənin təcrübəsi nəzərə alınıb. Nəhayət, Milli Məclis tərəfindən 26 iyulda siyasi partiyalara müraciət olundu. 47 siyasi partiyadan 250-dək təkliflər alındı. Bizim növbəti işimiz bunu ictimai müzakirəyə vermək oldu. Oktyabrın 29-da siyasi partiyaların iştirakı ilə dinləmələr keçirdik. İkinci dinləmə QHT-lərlə keçirildi. Bundan əlavə, mətbuatda, sosial şəbəkələrdə bu qanun layihəsi ilə bağlı kifayət qədər maraqlı, obyektiv mövqe bildirən hər kəsə öz təşəkkürümü bildirirəm”.

F.İbrahimli qeyd etdi ki, Sosial Tədqiqat Mərkəzinin bu sahədə apardığı işlər bu qanun layihəsinin ərsəyə gəlməsində mühüm rol oynadı. “6 fəsil, 30 maddədən ibarət olan qanun layihəsi sizin əlinizdədir. 18 maddəsində 45 dəyişiklik edilib. Amma bu, son deyil. Alınan təkliflər güman edirəm ki, qanun layihəsinin sonrakı variantlarında öz təsirini göstərəcək.

Milli Məclis sədrinin Birinci müavini Əli Hüseynli də yeni qanunun qəbulunun zəruriliyindən bəhs etdi: “Bizim məqsədimiz ondan ibarəti idi ki, qanun layihəsi Konstitusiya və Venetsiya Komissiyasının tövsiyələrinə uyğun hazırlansın”. Ə.Hüseynli siyasi partiyalarda narahatlıq doğuran müddəalara yenidən baxıldığını, siyasi partiya təsis olunması üçün tələb olunan sayın iki dəfə aşağı salındığını, eyni zamanda təsisetmə ilə əlaqədar sənədlərin təqdimatı üçün göstərilən vaxtın iki dəfə artırıldığını, bununla da yaranmış narahatlığın aradan qaldırıldığını söylədi.

E.Paşasoy,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR