İnsanlara hürriyət, millətlərə istiqlal!

Milli Məclisdə müzakirə və bəyanat

İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsinin 20-ci ildönümü ilə əlaqədar müzakirələrdə ilginc təkliflər

12 oktyabrda Milli Məclisin xüsusi iclası keçirildi. Spiker Sahibə Qafarova giriş nitqi ilə çıxış edərək bildirdi ki, iclasın gündəliyində bir məsələ var: İlham Heydər oğlu Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin bəyanatının qəbulu.

Parlament sədri çıxışında Prezident İlham Əliyevin 20 illik fəaliyyətindən, tarixi uğurlarından danışdı: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Vətənimizin bu günü və sabahı naminə həyata keçirdiyi möhtəşəm işlərlə xalqımızın dərin hörmət və məhəbbətini qazanmışdır. Son iyirmi il Azərbaycanın dövlətçilik tarixinə dinamik və hərtərəfli inkişaf dövrü kimi daxil olmuşdur. Ölkə həyatının bütün sahələrində böyük uğurlar, misilsiz və qürurverici qələbələr əldə edilmişdir. Azərbaycanın zəngin iqtisadi, siyasi və hərbi potensialı yaradılmışdır. Bütün bu nailiyyətlərin təməlində Ulu öndər Heydər Əliyevin başladığı və möhtərəm Prezident İlham Əliyevin inamla davam etdirdiyi uzaqgörən daxili və xarici siyasət xətti dayanır”.

Sədr qeyd etdi ki, Prezident İlham Əliyevin hərbi quruculuq siyasəti nəticəsində müasir dövrün ən yüksək standartlarına cavab verən silahlı qüvvələr yaradılıb: “Qarabağı və Şərqi Zəngəzuru heç vaxt görməyən, ancaq doğma torpaq yolunda canından keçməyə hazır olan gənc nəsil yetişdirilmişdir. Bu isə xalqımızın və dövlətimizin müqəddəratı ilə bağlı olan ən mühüm problemi həll etməyə imkan vermişdir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin yüksək sərkərdəlik məharəti və Azərbaycan Silahlı Qüvvələrinin döyüş əzmi və rəşadəti, yüksək hərbi-texniki və mənəvi-psixoloji hazırlığı 44 günlük Vətən müharibəsində tarixi qələbəni təmin etmişdir. 30 ilə yaxın Ermənistanın işğalı altında qalan Azərbaycan torpaqları azad edilmiş və Ulu öndər Heydər Əliyev tərəfindən başladılmış tarixi missiya layiqincə sona çatdırılmışdır. Dünya miqyasında az sayda liderə nəsib olan möhtəşəm Zəfərə imza atmaqla cənab İlham Əliyev öz adını Azərbaycan tarixinə əbədi həkk etmişdir. Hörmətli həmkarlar! Azərbaycan dövlətinə qarşı təhdidlərə son qoymaq üçün Ali Baş Komandanın rəhbərliyi ilə bu il sentyabrın 19-20-də Qarabağda həyata keçirilən lokal antiterror tədbirləri hərb tariximizin yeni şanlı səhifəsini təşkil etmişdir. Azərbaycan ərazisində qanunsuz qalan Ermənistan silahlı birləşmələri və terrorçu qruplar darmadağın edilmiş, Ermənistanın dəstəyi ilə yaradılan kriminal xunta rejiminin fəaliyyətinə son qoyulmuşdur. Bu gün biz qürurla söyləyirik ki, Azərbaycan Prezidentinin siyasi iradəsi və qətiyyəti sayəsində Azərbaycanın suverenliyi onun bütün ərazisində bərpa edilmişdir”. Prezidentə tarixi missiyasını həyata keçirməkdə yeni böyük uğurlar arzulayan S.Qafarova sonda bildirdi: “Əmin etmək istəyirik ki, cənab İlham Əliyevin bu missiyasını qanunvericilik fəaliyyəti sahəsində dəstəkləmək üçün Milli Məclis öhdəsinə düşən vəzifələri bundan sonra da layiqincə yerinə yetirəcək”.

Spikerin çıxışından sonra Prezident İlham Əliyevin 20 illik fəaliyyəti ilə bağlı videçarx nümayiş etdirildi.

Bunun ardınca deputatların çıxışları başladı.

“Azərbaycan Respublikasının prezidenti kimi fəaliyyətinin 20-ci ildönümünü qeyd etdiyimiz İlham Əliyevin uzun illər müşahidə etdiyim bəzi məziyyətləri barədə 1987-ci ildən siyasətdə olan şəxs kimi mən də bəzi fikirlərimi demək istəyirəm. O, Allahın seçdiklərindən və sevdiklərindəndir. Yalnız Allahın köməyi ilə bugünkü uğurlara imza atmaq olar”.

Bunu deputat, Milli Məclisin hüquq siyasəti və dövlət qurucluğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin xüsusi iclasında söylədi. O bildirdi ki, İlham Əliyevin siyasətçi kimi ən üstün xüsusiyyəti insanlarla ünsiyyət qurmaq, onların etibarını qazanmaq bacarığıdır: “Məhz bunun nəticəsində o, dünyanın bir çox liderlərini, Azərbaycanın dostu və müttəfiqi edib, sözünü tutan siyasətçi kimi ölkəmizə etibarlı tərəfdaş imici qazandırıb. Geosiyasi vəziyyəti düzgün qiymətləndirmək, ölkəmizin əlverişli coğrafi mövqeyindən səmərəli istifadə etmək qabiliyyəti ona ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən bir çox transmilli layihələri həyata keçirmək imkanı verib, Azərbaycan şimal-cənub, şərq-qərb nəqliyyat xətlərinin keçdiyi qovşağa çevrilib. Onun Türk dövlətlərinin birliyinin yaranmasındakı xüsusi rolunu, xidmətlərini də qeyd etmək istəyirəm. İnanıram ki, İlham Əliyev daxili siyasətə kənar təsirlərin mövcudluğunu və xalqımızın sosial inkişaf indeksini, demokratik vərdişlərin inkişaf səviyyəsini nəzərə alaraq, ölkəmizi, onun varlığını şübhə altına ala biləcək siyasi təlatümlərdən qorumaq üçün ayağını əyləcə qoyub bəzi prosesləri ləngitməklə, səbrlə geniş islahatlar üçün əlverişli regional, geosiyasi vəziyyətin yaranmasını gözləməkdədir. İnşallah, Uca Tanrı həm ona, həm bizlərə həmin islahatların həyata keçirilməsində iştirakçı olmağı da nəsib edər. İlham Əliyevin xarici siyasətdə çevik, cəsarətli, vaxtında müdrik qərarlar qəbul etmək qabiliyyəti hər kəsi Azərbaycanın qanuni maraqlarını nəzərə almağa məcbur edib. Bu keyfiyyətləri ilə o, Azərbaycan Silahlı Qüvvələrinin düşmənlə təkbətək qalmasını və torpaqlarımızın işğaldan azad olunmasını təmin edən möhtəşəm qələbəmizi təmin etdi. Onun 20 illik fəaliyyətinin nəticəsi işğaldan azad edilmiş Qarabağ, region üçün yaradılmış sülh və əməkdaşlıq imkanlarıdır”.

Q.Həsənquliyev yekunda təkliflərini səsləndirdi: “Biz hökumət üçün icrası məcburi olan qərarlar qəbul edə bilmərik. Amma qələbəmizin əsas müəllifi kimi İlham Əliyevin adının əbədiləşdirilməsi haqqında qanun qəbul edə bilərik. Həmin qanunda Xankəndidə onun adını daşıyacaq möhtəşəm bir məscidin - əvvəllər təklif etmişdim ki, belə bir məscid Şuşa şəhərində tikilsin - Qarabağda isə yeni bir şəhərin salınması da nəzərdə tutula bilər”.

Deputat Razi Nurullayev İ.Əliyevin təcrübəsindən bəhrələnməyi təklif etdi: “Allah şahiddir ki, bunu bütün səmimiyyətimlə deyirəm. Ona görə də bu siyasəti, diplomatiyanı, regionda və dünyada gedən prosesləri öz xeyrinə həll etmə bacarığını ayrıca bir fakültə kimi, mərkəz kimi öyrənmək lazımdır. Çoxlu kitablar yazılır, məqalələr dərc edilir, jurnallar çıxarılır, amma ağrılı olsa da deyəcəm ki, hamısı az qala biri-birinin təkrarıdır. Öyrədici, faktlara və Prezidentin atdığı gedişlərə söykənən, bu gün yaşadığımız siyasi gerçəkliyi indiki və gələcək nəsillərə çatdırmaq üçün konkret kinolar, sənədli filmlər, vəsaitlər çəkmək və yazmaq lazımdır. Mən xeyli insanlar görmüşəm ki, onlar bunu etmək istəyir, söz olaraq deyir və vəsait istəyir. Zənnimcə, dəyərli, gərgin əməyin və araşdırmanın məhsulu olan ssenarilər, ideyalar ortaya qoyulsa, vəsait ayıranlar mütləq tapılar. İmkanlı şəxslərimiz çoxdur, onlar məmnuniyyətlə cənab Prezident haqqında dəyərli və standartlara cavab verən istənilən təşəbbüsü dəstəkləməyə hazırdır. Təki layiqli təşəbbüslər olsun, konkret real ideyalar irəli sürülsün, köməklik mütləq olacaq”.

Milli Məclisdə Rəqabət Məcəlləsi layihəsi müzakirə edilir | Baki-baku.az

Birinci vitse-spiker Əli Hüseynli dedi ki, bəzi ölkələrdə hakimiyyətdə qalmaq üçün konstitusiya quruluşu dəyişənlərdən fərqli olaraq, Prezident İlham Əliyev xalqın səsini alaraq hakimiyyətdə qalıb: “Bu gün bölgəmizdə İlham Əliyevin sözü olmadan heç bir qərar qəbul edilə bilməz”. Ə.Hüseynli qeyd etdi ki, indi Qarabağdakı qələbəmizlə oradan ermənilər təxliyə edilirsə, radikal müxalifət də Azərbaycandan təxliyə olmaqdadır: “Prezident İlham Əliyev tarixi yenidən yazır. Prezident İlham Əliyev öz qətiyyətli çıxışlarında tarixi həqiqətləri - AXC-nin Şuşanı verməsi, AXC-nin zor gücünə hakimiyyətə gəlməsini çəkinmədən dilə gətirdi, cəmiyyətdə populizmə son qoydu. Regionda məxməri inqilabların yetişdirdiyi marionet liderlərdən fərqli olaraq, İlham Əliyev güclü liderdir. Bu gün prezident Heydər Əliyev siyasətini uğurla davam etdirir. Qarabağı işğaldan azad edilib, məhz Heydər Əliyev siyasəti Qafqazda sülhü daimi edəcək”.

Deputat Vahid Əhmədov İlham Əliyevin prezidentliyi dövründə əldə olunan iqtisadi uğurlara diqqət çəkdi: “Hakimiyyətinin ilk illərindən etibarən yüksək idarəçilik qabiliyyəti, xarici və daxili siyasətdə səriştəsi ilə fərqlənən prezidentə xalqın inamı və etibarı görülməmiş dərəcədə artdı və İlham Əliyev 2008, 2013, 2018-ci ildə keçirilən prezident seçkilərində də layiqli qələbə qazandı”.

Deputat bildirib ki, Azərbaycanın sosial-iqtisadi və hərbi sahədə əldə etdiyi uğurlarının başında İlham Əliyevin apardığı siyasət dayanır: “20 il ərzində, ölkəmizdə ÜDM-in nominal həcmi 22 dəfə artaraq, 133,8 milyard manata çatıb. Ölkə əhalisinin gəlirləri 13,7 dəfə, strateji valyuta ehtiyatları isə 41 dəfədən çox artaraq 1.6 milyard dollardan 65,9 milyard dollara çatıb. Ölkədə nəqliyyat, təhsil, enerji, turizm və digər sahələr üzrə infrastuktur yenidən qurulmuş və genişləndirilmiş ölkə iqtisadiyyatına 250 milyard dollardan artıq vəsait yatırılıb”. V.Əhmədov deyib ki, prezident İlham Əliyevin daxili siyasət kursunun çox mühüm istiqamətlərindən birini də sosial siyasət təşkil edir: “Həyata keçirilən sosialyönümlü siyasətin nəticəsində 2003-cü ildə 383.1 manat təşkil edən orta aylıq əmək haqqı, hazırda 900 manatdan artıqdır. Bu illər ərzində, 2 milyondan artıq iş yeri açılıb. Yoxsulluq həddi 49 faizdən 5 faizə qədər azalıb. Postmüharibə dövründə, şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 5250, bu il isə 750 mənzil və fərdi ev təqdim olunub”.

“Xalqın Ümummilli lideri Heydər Əliyev, lideri isə İlham Əliyevdir”. Bu fikri isə Milli Məclisin deputatı Siyavuş Novruzov söylədi. Qeyd etdi ki, Prezident İlham Əliyevin hakimiyyətdə olduğu və ondan əvvəlki müddət hamar olmayıb: “Çünki Heydər Əliyevin oğlu olmaq həm şərəfli, həm də məsuliyyətlidir. Bu gün Ulu öndərin siyasəti əsasında aparılan işlərin nəticəsində nailiyyətlərin əldə olunmasının şahidiyiq. Prezident İlham Əliyevə qarşı olan haqsızlıqların çoxunu bilirik. Hələ o vaxt Heydər Əliyevə qarşı Qorbaçov və ətrafında olan ermənilərin ən ağrı zərbələrini məhz Prezident alıb. Demokratiya qırıntıları Heydər Əliyevin oğlu olduğuna görə İlham Əliyevin Naxçıvana getməsinin qarşısını alırdılar. Bax, bu cür ağrılı və əziyyətli proseslərdən keçib. Prezident İlham Əliyev 5 dövlət çevrilişinə cəhdin qarşısının alınmasında Ulu öndərlə çiyinə-çiyinə çalışıb. Bundan başqa, 2003-cü ildəki seçkidən sonra AXCP-Müsavat dəstəsi Azadlıq meydanına tökülüşdülər. O zaman da İlham Əliyevin qətiyyəti nəticəsində çevrilişə cəhdin qarşısı alındı. Həmçinin dövlətimizin çörəyini yeyən Prezident Aparatının şöbə müdirləri, digər şəxslər çevriliş etmək istəyirdilər. Sonrakı dövrlərdə də İlham Əliyev Azərbaycana qarşı təxribat aparanların qarşısını aldı və nəticə qələbə ilə başa çatdı. Bir sözlə, Prezidentin gördüyü bütün işlər Ümummilli Lider Heydər Əliyevin siyasi xəttidir. 1920-ci ildən bu yana kimsə xalqın lideri hesab olunmayıb. Xalqın Ümummilli lideri Heydər Əliyev, lideri isə İlham Əliyevdir”.

Müzakirələrdən sonra İlham Əliyevin Prezident seçilməsinin 20-ci ildönümü ilə əlaqədar bəyanat qəbul edildi. Bəyanatda deyilir: “Azərbaycan Respublikasının Milli Məclisi əmindir ki, Prezident İlham Əliyevə xas olan siyasi bəsirət və səriştə Azərbaycanın müstəqillik yollarında bundan sonra da inamla irəliləməsini təmin edəcəkdir. Milli Məclis Vətənimizin və xalqımızın bu günü və sabahı naminə dəyərli fəaliyyətində dövlət başçısına yeni böyük uğurlar arzulayaraq, onun uzaqgörən daxili və xarici siyasətini, həmişə olduğu kimi, fəal surətdə dəstəkləyəcəyini, həyata keçirilən quruculuq işlərinin qanunvericilik bazasını möhkəmləndirmək və təkmilləşdirmək üçün öhdəsinə düşən vəzifələri layiqincə yerinə yetirəcəyini bəyan edir”.

Sənəd yekdilliklə qəbul edildi.

Elşad PAŞASOY,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR