İnsanlara hürriyət, millətlərə istiqlal!

Milli Məclis Aparatında kadr islahatları davam edir – yeni təyinatların sirri

Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan hüquqi, iqtisadi, sosial, institusional islahatlar, yeni sosial-iqtisadi və mənəvi mühitin formalaşması ölkəmizin dinamik inkişafının mühüm komponentlərindən birinə çevrilməkdədir.

Musavat.com bildirir ki, artıq bu islahatların mühüm istiqamətlərindən biri də idarəetmənin daha da təkmilləşdirilməsi məqsədi ilə kadr islahatlarının həyata keçirilməsidir. Bacarıqlı, istedadlı kadrların irəli çəkilməsi, gənclərə özlərini təsdiq etmək üçün geniş imkanların yaradılması zamanın dəyişən tələblərinə, dövrün yeni çağırışlarına uyğun olmaqla, idarəetmənin daha da təkmilləşdirilməsinə imkan verir, eyni zamanda, ölkəmizin hərtərəfli inkişafına mühüm töhfələr verir.

Müşahidələr və gələn məlumatlar onu göstərir ki, altıncı çağırış Milli Məclis fəaliyyətə başlayandan, Prezident İlham Əliyevin həyatın bütün sahələrində apardığı islahatlara dəstək verməklə yanaşı, özü də bu proseslərdə fəal iştirak edir. Ədalət naminə demək lazımdır ki, ölkəmizdə həyata keçirilən institusional və kadr islahatlarının ruhuna uyğun olaraq, parlamentdə də müvafiq tədbirlər görülür.

Musavat.com olaraq, MM-in müvafiq bölümlərindən aldığımız məlumatlar əsasında onu deyə bilərik ki, Milli Məclis aparatında geniş struktur və kadr islahatları həyata keçirilib. Parlament aparatının fəaliyyətinin təkmilləşdirilməsi və daha çevik və səmərəli fəaliyyətin təmin olunması məqsədilə yeni struktur bölmələri yaradılıb. Buna paralel olaraq, geniş kadr islahatları aparılıb, uzun müddət parlament Aparatında çalışmış və bundan əvvəlki rəhbərliklərin "görmədikləri" təcrübəli əməkdaşlar qulluqda irəli çəkilirlər. Ölkəmizdə gənclərin mühüm dövlət vəzifələrinə təyin olunması ilə bağlı tədbirlərə uyğun olaraq, Milli Məclis aparatında da müvafiq addımlar atılmaqda, bacarıqlı, müasir dünyagörüşünə malik gənclər parlament aparatında yüksək vəzifələrə təyin olunmaqdadırlar. Uzun müddət Milli Məclisin komitələrində ekspert kimi çalışan ‘’arxasız’’ şəxlərə yüksək etimad göstərilir, onlar dövlət qulluğuna qəbul olunaraq məsləhətçi vəzifələrinə keçirilirlər. Ən önəmlisi, Şəhid anasının, Vətən müharibəsi qazisinin Milli Məclisdə işə götürülməsi geniş ictimaiyyət tərəfindən təqdirlə qarşılanır.

Rüstəm Mahmudov

Musavat.com xəbər verir ki, bu günlərdə Milli Məclisin Sədri Sahibə Qafarovanın sərəncamı ilə parlament aparatında növbəti kadr islahatları aparılıb. Milli Məclis Sədrinin sərəncamı ilə parlament Aparatının İcra hakimiyyəti orqanları ilə əlaqələr şöbəsinin müdiri, uzun müddət dövlət qulluğunda çalışan Rüstəm Bəhruz oğlu Mahmudov qulluqda irəli çəkilərək parlament Aparatı rəhbərinin müavini vəzifəsinə təyin edilib.

R.Mahmudov 16 ildən çox Milli Məclis aparatında müxtəlif vəzifələrdə çalışıb, II dərəcə dövlət müşaviri ixtisas dərəcəsi, həmçinin "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib.

Şakir Şabanov

Milli Məclisin daha bir təcrübəli əməkdaşı, parlament Aparatının Milli Məclisin, komitələrin və komissiyaların işinin təşkili şöbəsinin müdir müavini, III dərəcə dövlət müşaviri Şakir Himalay oğlu Şabanov isə Aparatın İcra hakimiyyəti orqanları ilə əlaqələr şöbəsinin müdiri vəzifəsinə irəli çəkilib. Ş.Şabanov Milli Məclis aparatında 26 ildir fəaliyyət göstərir.

Şahin Quliyev

Digər sərəncamla, Dövlət qulluğu və kadr məsələləri şöbəsinin sektor müdiri, 25 ilə yaxındır ki, Milli Məclis aparatında çalışan Şahin Xanbaba oğlu Quliyev isə həmin şöbənin müdir müavini vəzifəsinə təyin olunub.

Göründüyü kimi, yuxarıda adları çəkilən əməkdaşların hər biri uzun müddətdir ki, Milli Məclis Aparatında fəaliyyət göstərir və onlar böyük təcrübəyə malikdirlər. Dövlət qulluğunda özünü doğrultmuş, təcrübəli əməkdaşların yüksək vəzifələrə təyin olunması onların fəaliyyətinin Milli Məclis yeni rəhbərliyi tərəfindən ədalətli qiymətləndirilməsi ilə yanaşı, digər əməkdaşlar üçün də təşviqedici bir amildir.

Altıncı çağırış Milli Məclisdə gender bərabərliyi məsələsi də daim diqqət mərkəzindədir. Parlamentdə aparılan ilk kadr islahatlarından biri də məhz bu istiqamətdə olub, qadınlar Milli Məclis Aparatında şöbə müdiri, şöbə müdirinin müavini, sektor müdiri vəzifələrinə təyin olunublar.

Ayan Murtuzova

Son olaraq isə Aparatın Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdir müavini, dövlət qulluğunun baş müşaviri Ayan Zəfər qızı Murtuzova qulluqda irəli çəkilərək, həmin şöbənin müdiri vəzifəsinə təyin olunub. İlk dəfə olaraq parlament Aparatının iki şöbə müdiri zərif cinsin nümayəndələridir. Həmçinin qadınlar parlament aparatında sektor müdiri vəzifəsinə təyin olunmuşlar. Əvvəllər yardımçı vəzifədə çalışan qadınlar isə inzibati vəzifəyə təyin edilmişdir. Bütün bunlar Milli Məclisdə qadınlara göstərilən etimadın və onlar üçün yaradılan imkanın təzahürüdür. Qadınların dövlət qulluğunda irəli çəkilməsi, dövlət idarəçiliyində onlara geniş meydan verilməsi aparılan dövlət siyasətinin tərkib hissəsi kimi dəyərləndirilməlidir.

Musavat. com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR