İnsanlara hürriyət, millətlərə istiqlal!

Milli istiqlal uğrunda mübarizə aparan lider – Etibar Məmmədovun 70 illik yubileyində nələr yaşandı?

Aprelin 1-də Azərbaycan Milli İstiqlal Partiyasının qurucusu və ilk sədri, sabiq deputat Etibar Məmmədovun 70 illik münasibəti ilə çap olunan "İstiqlal yolu" kitabının təqdimat mərasimi keçirilib.

Musavat.com bildirir ki, tədbirdə millət vəkilləri, siyasi partiya rəhbərləri, tanınmış ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbiri giriş sözü ilə açan "İstiqlal yolu" kitabının müəllifi tarix elmləri doktoru, professor Məhərrəm Zülfüqarlı kitab haqqında ətraflı məlumat verib. O qeyd edib ki, kitab 2 cilddə hazırlanıb. Qanun nəşriyyatında nəşr olunan kitabın I cildi Etibar Məmmədovun həyat yolunun, milli istiqlal mücadiləsinin ötən əsrin 90-cı ilinin əvvəlinə qədərki dövründən, siyasi fəaliyyətindən, II cild isə ötən əsrin 1990-1995-ci illərdəki dövründən, ictimai-siyasi və elmi fəaliyyətindən bəhs edir.

Məhərrəm Zülfüqarlı bildirib ki, kitab geniş oxucu kütləsi, tədqiqatçılar, siyasətçilər və digər sahələrin nümayəndələri üçün nəzərdə tutulub. Müəllif həmçinin kitabın 3-cü cildinin də yaxın vaxtlkarda şap olunacağını açıqlayıb.

Yubliyar Etibar Məmmədov kitabın müəllifi Məhərrəm Zülfüqarlıya öz təşəkkürünü bildirib:

“Məhərrəm Zülfüqarlı ilə biz tələbə yoldaşı olmuşuq. O, həmçinin Milli Hərəkatda iştirak edib. Ona görə də həmin dövrün tarixi, siyasi bioqrafiyanı yazmaq qərarına gəldi. Buna görə ona təşəkkür edirəm. Məhərrəm Zülfüqarlı çox böyük iş görüb. Kitabın davamını yazmaqda ona uğurlar arzylayıram.

O ki qaldı yubileyim ilə bağlı özümə nə arzu etməyimə, insan özünə nə arzu edər? Ətrafdakı insanlar sağlam olsun, yaxşı olsun, biz də onları görəndə sevinək.

Mənim üçün bu 70 ildə ən xoşbəxt gün Azərbaycanın müstəqillik əldə etməsi, ikinci xoşbəxt günüm isə Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin bərpa edildiyi gün oldu”.

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, sabiq deputat, Xalq şairi Sabir Rüstəmxanlı Etibar Məmmədovun Azərbaycan Milli Azadlıq Hərəkatının öncüllərindən biri olduğunu vurğulayıb:

"Azərbaycanın müstəqillik tarixi hələ tam şəkildə, bütün genişliyi və əlaqələri ilə, dünyada doğurduğu əks-səda və təsirlərlə bir yerdə yazılmayıb. 1988-ci ildə başlayan hərəkat SSRİ-nin dağılmasında çox mühüm, güclü rol oynadı. Bu, danılmaz faktdır. O illərdə xidməti olan Azərbaycan Milli Azadlıq Hərəkatının öncüllərindən biri də Etibar Məmmədovdur.

Çox təəssüf ki, həmin dövrdə olan dostlarımızın əksəriyyəti artıq dünyasını dəyişib. Nə yaxşı ki, Etibar Məmmədov 70 yaşında hələ də gümrahdır.

Bu gün ona həsr edilmiş iki cildlik kitabın təqdimatına yığışmışıq. Kitabı vərəqləmişəm, tanış olmuşam. O illərlə bağlı çoxlu sənədlər var.

Ümumiyyətlə, zaman keçdikcə hər bir insanın öz tarixi formalaşır. Məhərrəm Zülfüqarlı da Etibar Məmmədovla bağlı bütün sənədləri səliqə ilə toplayıb və kitab halına gətirib.

Məlumdur ki, Etibar Məmmədov Milli İstiqlal Partiyasının bir növ tarixini yazıb. Milli İstiqlal Partiyası təşkilatlanmış bir partiya idi və bütün təşkilatçılığı ilə nümunəvi bir siyasi qüvvə olmuşdur.

Etibar Məmmədovla şəxsi dostluğumuz bu günə qədər davam edir. Onun Azərbaycanın müstəqillik qazanmasındakı xidmətləri danılmazdır. Bütün bunlar ona haqq verir ki, 70 yaşını alnıaçıq, üzüağ qeyd etsin.

Azərbaycan artıq 34 ildir ki, müstəqildir. Bu müstəqillik, inşallah, əbədidir və bu müstəqilliyin tarixində hökmən Etibar Məmmədovun adı qalacaq."

Millət vəkili Fazil Mustafa da qeyd edib ki, Etibar Məmmədov Azərbaycan Xalq Hərəkatının tanınmış simalarından biridir:

"O, həmişə öz fərqliliyi ilə seçilən şəxsiyyətlərdən biri olub. Azərbaycan Milli Azadlıq Hərəkatının inkişafında və partiya demokratiyasının formalaşmasında önəmli rol oynayıb. Eyni zamanda, Azərbaycanın ərazi bütövlüyünün qorunması prosesində də aktiv iştirak edən siyasətçilərdəndir.

Uzun müddət Azərbaycan parlamentində ana müxalifət partiyasının üzvlərindən biri kimi fraksiya rəhbəri olub və öz mövqelərini açıq şəkildə ifadə edib. Bu gün onun 70 illik yubileyi, kitab təqdimatı və gördüyü işlər eyni zamanda onun siyasi fəaliyyətinin bir növ hesabatıdır.
Onun əsas ideyası Azərbaycanın müstəqilliyi idi və bu müstəqillik də əldə olundu. Bir sözlə, Etibar Məmmədov Azərbaycan siyasətində mühüm rolu olan və fikirləri ilə təsir gücünü saxlayan siyasətçi kimi həmişə xatırlanacaq, xidmətləri müsbət dəyərləndiriləcək."

“Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu yubliyarın yeni çapdan çıxmış kitabı barədə qeyd edərək bildirib:

"Etibar Məmmədovun 70 illik yubileyinə həsr edilmiş kitabla tanış oldum, vərəqlədim, hər şey gözümün önündən gəlib keçdi. Çünki Etibar Məmmədovun 70 ilinin ən azı 37 ili gözümün qarşısında olub. O, ictimai-siyasi fiqur olduğu üçün biz onu daim müşahidə və təftiş altında saxlamışıq. “Yeni Müsavat” qəzeti onun fəaliyyətinə hər zaman tənqidi yanaşıb. Çoxlu sayda müsahibələrimiz, köşə yazılarımız olub.

Həmin kitabın birinci cildinin təxminən 30 faizi “Yeni Müsavat” qəzetinin sitatları, yazıları və məqalələridir. Bu, çox sevindiricidir. Azərbaycan böyük bir dövr yaşadı və bu dövrdə Etibar Məmmədov öz möhürünü vurmuş, adını yazmış, Milli Azadlıq Hərəkatının önəmli liderlərindən biri olmuşdur. Onu təbrik edirəm və məmnuniyyətlə bu tədbirdə iştirak edirəm.

Bu həm də bir yekundur. Zalın atmosferinə maraqla nəzər salıram ki, Etibar Məmmədovun 70 illik yubileyində kimlər və necə iştirak edirlər, kimlər hansı davranışı sərgiləyirlər. Hesab edirəm ki, əgər Etibar Məmmədov indiki situasiyada olsaydı, onu daha az tənqid edərdik, çünki heç də hər şey onun günahı ucbatından baş verməyib.

Eyni zamanda məmnuniyyətlə qeyd etmək istəyirəm ki, rusların zindanında olduğu vaxt Gəncədə onun azadlığa buraxılması üçün aclıq aksiyası təşkil etmiş, kampaniya keçirmiş, imzaların yığılmasında iştirak etmişəm və bu gün də onun 70 illik yubileyindəyəm. Allah ona uzun, sağlam və bərəkətli ömür versin!"

Ana Vətən Partiyasının sədri, sabiq millət vəkili Fəzail Ağamalı qeyd edib ki, Etibar Məmmədov Azərbaycan Milli Azadlıq Hərəkatının görkəmli simalarından biridir və şübhəsiz çağdaş Azərbaycan tarixində öz adını əbədiləşdirə bilib:

“O, ruhən və bütün varlığı ilə Azərbaycanın milli müstəqilliyinə, istiqlalına bağlı bir şəxs idi. Tələbəlik illərində bir divar qəzetinə yazdığı məqaləyə görə Bakı Dövlət Universitetinin Tarix fakültəsindən xaric edilmişdi. Çox böyük çətinliklərə baxmayaraq, universitetə bərpa olundu və ən müxtəlif istiqamətlərdə təzyiqlərə məruz qalsa da, heç vaxt Azərbaycanın müstəqilliyinə və istiqlalına olan bağlılığından geri çəkilmədi.

Etibar Məmmədov düşündüyünü açıq şəkildə dilə gətirən və Milli Azadlıq mübarizəsində heç bir kompromisə yol verməyən cəsarətli insanlardan biri idi. O dövr ağır idi, milli istiqlal uğrunda mübarizə aparan hər kəsi ölüm təhlükəsi gözləyirdi. Lakin o, bütün çıxışlarında demokratiyanı və yenidənqurmanı bir kənara qoyaraq, Azərbaycanın tam istiqlalını qətiyyətlə müdafiə edirdi və milyonlarla mitinq iştirakçısının qarşısında bu fikirləri açıq şəkildə ifadə edirdi.

Etibar Məmmədov xalqımızın həqiqətən fəxr etdiyi bir oğuldur. Çünki o, atdığı addımlarda, söylədiyi sözlərdə, həyata keçirdiyi fəaliyyətlərdə Azərbaycan xalqına, onun istiqlalına və milli dövlətçiliyinə heç vaxt xəyanət etməyib."

AĞ Partiya sədri Tural Abbaslı isə bildirib:

"Əbülfəz Elçibəy, Etibar Məmmədov, Pənah Hüseyn və digərlərinin hərəkatına biz o dövrdə gənclər kimi xalqın içindən baxaraq qiymət vermişik. Ola bilsin ki, onların arasında fikir ayrılıqları və tənqidlər olub, amma bu şəxslərin hər biri həmin dövrün simvolu kimi dəyərləndirilməlidir – səhvləri və doğruları ilə birlikdə.

Etibar Məmmədov da Milli Azadlıq Hərəkatının ən önəmli 3-5 liderindən biridir və bu gün də siyasi camiədə kifayət qədər özünəməxsus nüfuzu var.
Etibar Məmmədovu 70 illik yubileyi münasibətilə təbrik edir, ona uzun ömür, can sağlığı və xoşbəxtlik arzulayıram."

Tədbirin digər iştirakçıları da çıxış edərək Etibar Məmmədovu həm haqqında nəşr olunan "İstiqlal yolu" kitabına, həm də 70 illik yubileyi münasibətilə təbrik edib, ona uğurlar arzuladılar.

Qeyd edək ki, Etibar Məmmədov 1955-ci il aprel ayının 2-də Bakı şəhərində anadan olmuşdur. Hələ çox gənc yaşlarından siyasətə marağı olan Etibar Məmmədov 1973-cü ildə ADU-nun Tarix fakultəsinə daxil olub. Universitetdə təhsil alarkən Cənubi Azərbaycan məsələsi ilə bağlı universitetin divar qəzeti üçün yazdığı məqaləyə gorə universitetdən xaric edilmiş, bir çox çətinliklərdən sonra yenidən universitetə bərpa edilərək 1978-ci ildə bu ali təhsil ocağını bitirmişdir. Bitirdiyi universitetdə müəllim kimi fəaliyyətə başlayan Etibar Məmmədov 1985-ci ildə namizədlik dissertasiyası müdafiə edərək elmlər namizədi elmi dərəcəsi almışdır.

Ötən əsrin 80-ci illərinin sonlarından başlayan Milli Azadlıq Hərəkatının Liderlərindən biri olaraq hərəkata rəhbərlik edib. 1990-cı il 20 yanvar qətliamını Beynəlxalq aləmə çatdırmaq üçün imperiyanın paytaxtı Moskva şəhərinə gedərək burada Azərbaycanın daimi nümayəndəliyində mətbuat konfransı keçirib. Bundan dərhal sonra keçmiş SSRİ DTK-sı tərəfindən həbs olunub və 9 ay məşhur Lefortovo həbsxanasında yatıb. Həmin vaxt Azərbaycanda Etibar Məmmədovun həbsdən azad olunması üçün rekord miqdarda - 1,5 milyon imza yığılmışdı. Həbsdən azad olunduqdan sonra Milli Məclisin deputatı seçilib. Azərbaycanın Müstəqillik Aktının müəlliflərindən biridir. Azərbaycan Respublikasının müstəqilliyinin digər ölkələr tərəfindən tanınması üçün formalaşan Parlament Nümayəndə heyətinin rəhbəri kimi Türkiyə Cümhuriyyətində və Pakistanda olmuş və ilk olaraq bu iki ölkə tərəfindən Azərbaycanın müstəqilliyi tanınmışdır. Etibar Məmmədov 1992-ci ildə Azərbaycan Milli İstiqlal Partiyasının 1-ci qurultayında partiyanın ilk sədri seçilib.

Xalidə Gəray
Fotolar müəllifindir
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Aprel 2025

02 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR