İnsanlara hürriyət, millətlərə istiqlal!

Millət vəkili: “Şuşada keçirilən Zirvə görüşü türk dünyasının sarsılmaz güc olduğunu göstərir”  

 

“Dünyada eyni soy kökdən olan çoxlu xalqlar var. Amma onların hamısı mehriban və dostluq şəraitində yaşamırlar. Hətta bir-birinə dili və dini ilə çox yaxın bəzi xalqlar arasında müharibələr, ziddiyyətlər davam edir. Lakin türk soy kökü üstündə olan dövlətlər isə dost və qardaşdırlar. Tarix Türk dövlətlərini çoxlu sınaqlara çəkib və düşmənlər onları bir-birindən ayrı salmaq üçün əlindən gələni etdilər. Amma bütün cəhdlər əbəs oldu və bu gün Türk dünyası bir monolit birlik olaraq dünyada özünə məxsus yeri və rola malik bir gücə çevrilməkdədir. Prezident İlham Əliyevin “Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır. Biz özümüzü çox yaxşı hiss edirik” müdrik kəlamı bu gün birliyimizin şüarına çevrilib. Türk Dövlətləri Təşkilatına daxil dövlətlərin ümumi ərazisi  732 min kvadrat km, əhalisi 163 milyon, ÜDM-i 1,2 trilyon dollardan çox olan böyük bir coğrafiyanı birləşdirir. Türk Dövlətləri həm də böyük ərazi, təbii resurslar,  bazar, siyasi və hərbi gücdür. Bu baxımdan Türk Dövlətləri Təşkilatının gələcək perspektivləri çox böyükdür”.

Bu fikirləri Musavat.com-a açıqlamasında deputat Azər Bdamov deyib.  Türk Dövlətləri Təşkilatının rolunu şərh edən A.Badamov bildirib ki, bu, yeni yaranmış beynəlxalq bir qurum olsa da, dövlətlər arasında dostluq və qardaşlıq böyük tarixi köklərə söykənir:

“Türk  dövlətləri bir-birinə dəstək verməklə bütün dünyaya bir olduğunu nümayiş etdirir. Ankarada Türk Dövlətləri Təşkilatının “Fəlakət - Fövqəladə halların idarə edilməsi və humanitar yardım” mövzusunda Fövqəladə Zirvə görüşünün keçirilməsi, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində Özbəkistan, Qazaxıstan və Qırğızıstan tərəfindən məktəb, incəsənət məktəbi və məscidin hədiyyə olunması, Türkiyənin yenidən qurma və bərpa prosesində ilk gündən yanımızda olması sarsılmaz birliyimizin göstəricidir. Azərbaycan özünün coğrafi imkanlarından istifadə etməklə Türk dövlətlərini birləşdirən tranzit yol-nəqliyyat layihələrini ərsəyə gətirib. Orta dəhlizin yük aşırma gücünün artırılmasına xidmət edən layihələrimiz ölkəmizin Türk dövlətləri üçün əhəmiyyətini artırır. Azərbaycanın Türk Dövlətləri ilə ticarət dövriyyəsi 8,2 milyard dolları keçib. Amma mövcud potensialdan səmərəli istifadə edilməsi sayəsində Türk dövlətləri ilə  iqtisadi əməkdaşlığın imkanlarını  daha da  artırılması mümkündür.  Azərbaycan Türk dövlətləri arasında dostluq və qardaşlığın möhkəmləndirilməsində lokomotiv rolunu oynayır. Prezident İlham Əliyevin Türk dünyasına olan qardaşlıq münasibəti ölkələrimizi və xalqlarımızı daha da birləşdirir. Türk Dövlətləri Təşkilatının Zirvə toplantılarında müzakirə olunan mövzular xalqlarımızın birləşməsinə, ölkələrimizin inkişafına və ümumi gücümüzün artmasına xidmət edir. 

Bu gün isə Şuşada Türk Dövlətləri Təşkilatının ilk qeyri-rəsmi Zirvə görüşü keçirilir. Zirvə toplantısının həsr edildiyi nəqliyyat, əlaqələr, iqlim dəyişikliyi kimi çox vacib mövzular sözügedən sahələr üzrə türk dövlətləri arasında əməkdaşlığın daha da genişlənməsinə xidmət edəcək. Qeyri-rəsmi görüş dövlət başçılarımız arasında daha sərbəst dialoqun qurulmasına, ümumi məsələlərin həllində həmrəyliyin möhkəmləndirlməsinə imkan verir. Həm də Şuşada keçirilən qeyri-rəsmi zirvə görüşünü bütün dünya izləyir və bizim sarsılmaz bir güc olduğumuzu görürlər. Bu da bizim dünyada mövqelərimizi möhkəmləndirir, gücümüzə güc qatır”.

Nigar HƏSƏNLİ,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR