Onlayn ictimai-siyasi qəzet
30 ilə yaxındır Azərbaycanın büdrəməsini həvəslə gözləyən, ancaq həmişə arzuları qursağında qalan sözdə müxalifətçilər indi də yeni mövzu ilə gündəmdə qalmaq, “arxa-dayaqlarının” yanında quyruq bulamağa səbəb tapmaq məqsədi ilə atılıb düşürlər.
Artıq Qarabağla bağlı sifarişli tezisləri bitən bu şəbəkə indi də Zəngəzuru hədəf almağa çalışır. Cənab Prezidentin uğurlu siyasəti və separatizmin başının əzilməsi Əli Kərimli kimi “ideyapərəstləri” çıxılmaz vəziyyətə salıb. Hələ də gücümüzü və uğurumuzu qəbul edə bilməyən bu “azlıqlar” müxtəlif İnternet TV-lərdə yeni tezislərini gündəmə gətirmək istəyirlər.
Zəngə-zurna balabanla cavab verməkdən danışmırıq, Əli Kərimli... Zəngəzura qayıtmaqdan danışırıq...
Yenə də siyasi manipulyasiya ilə məşğulsan. Cəmiyyəti çaşdırmağa cəhd göstərirsən. Amma hələ anlaya bilməmisən ki, cəmiyyət 90-cı illərin əvvəllərinin cəmiyyəti deyil. Azərbaycan o Azərbaycan deyil. Hələ də anlaya bilməmisən ki, artıq bu zurna-balabanlar səs çıxarmır. Dünyada baş verənləri də bilirik, şərtlərin necə dəyişdiyini də... Bir küçəni belə qaytarmaq iqtidarında olmayanların 100 illərlə həsrətində qaldığımız qələbəni, susadığımız qalibiyyəti və onun qürurunu yaşamaq hissini bizə çox görmək istəyənlərin addımları düşündürücüdür... Onlar bizdəndirmi?
Hazırda bu situasiyada xalqı təbrik etməkdən, o qüruru yaşamağımızdan, sevinc duymağımızdan danışmaqdansa, tarixi qələbəyə kölgə salmağa cəhd göstərirlər. Hələ də düşünürlər ki, bununla ətraflarında say artımı edə bilərlər. Yanılırsınız, Əli Kərimli və sizin kimi düşünənlər. Biz bu qələbəni Ali Baş Komandanın rəhbərliyi ilə bir yumruq halda birləşən xalqımızla birgə qazanmışıq. 2020-ci ildə xalqımızın qocası, qarısı, uşağı, böyüyü, gənci hər biri bir əsgər, bir zabit olmuşdu. Hamı yumruq kimi birləşib düşmənin başına zərbə vurdu və nəticədə biz o qələbəni qazandıq. Bütün bu məsələlər isə lidersiz olmur. Lidersizliyi sizin zamanınızda gördük. Bax, bu qələbələrimizin bünövrəsini də Ümummilli liderimiz Heydər Əliyev qoyub. O bünövrəni, o özülləri elə möhkəm yaratdı ki, Ali Baş Komandan da qazanılan uğurların ardını gətirdi.
Beynəlxalq şərtlərdən danışırsız... O beynəlxalq şərtləri öz maraqlarımıza uyğunlaşdırmaq dünyada bəlkə də ən çətin siyasi işdir. Ölkə prezidenti ən çətin işin öhdəsindən gəldi. Düzdür, siz deyə bilmirsiniz, necə oldu ki, Qarabağ probleminin həllində dünyaya təsir göstərən böyük ölkələr və qüvvələr demək olar neytral qaldı. Necə oldu ki, Azərbaycan öz haqq səsini dünyaya duyura bildi və ədaləti bərpa etdi. Necə oldu ki, Azərbaycan Qarabağ problemini həll etdi və Zəngəzur məsələsini gündəmə gətirdi. Bunları kənardan izləmək və çayxanada danışmaq asandır. Di gəl ki, bu şəraiti yaratmaq üçün illərlə vaxt, əziyyət, düzgün siyasi iradə lazımdır. Əlbəttə, sizin heç birinizdə bu bacarıqlar olmadığı üçün uğurları başqalarının adlarına yazmağa çalışırsınız. Sizin kimi zəlil fəaliyyətli insanlar heç vaxt qəbul edə bilmədi ki, bütün bunlar Azərbaycanın öz uğurlarıdır. Siz onsuz da özünüzdən güclülərdən imdad diləməyə, Azərbaycan xalqını küçümsəməyə öyrəşmisiniz.
Bunları deyə bilmirsinizsə, heç olmasa, susun. Bu qələbəni yaşadığımız anlarda ekranda görünməyin, yazı yazmayın. Ən azı susun. Bəlkə belə-belə unudularsız. Çünki hər dəfə danışdıqca, hər dəfə yazdıqca içinizdəki o kini, küdurəti, pisliyi göstərərək ətrafınızda olan 5-6 nəfəri də özünüzdən uzaqlaşdırırsınız. Belə təfəkkürlə hara getmək olar? Nəyi qazanmaq olar? Müxalifətçilik çox vacib institutdur. Bir dövlətin inkişafı üçün əks fikrin, əks ideyanın, səhvləri görərək onun düzəldilməsi üçün olan təkliflərin verilməsi bir dövlətin inkişafında prioritet məsələlərdən biridir. Onu da normal bacarmırsınız. Belə müxalifətçilik olmur. Bizə guya dünya praktikalarını sayırsınız, guya “demokratik” qərbi misal çəkirsiniz. Arada çevrilin öz “demokratiya”nıza da baxın. 30 ildir 5-6 nəfər saxta millətçi, özünüz deyib, özünüz eşidirsiniz. Siz də bir öyrənin görün, əsl müxalifətçilik necə olur? Düşmənçiliklə müxalifətçiliyin fərqi nədədir? Siz şəxsi ambisiyalarınızı həmişə dövlətimizin maraqlarından yüksək tutdunuz. Bunu da əlbəttə, xalqımız heç vaxt sizə bağışlamayacaq.
Vüqar İskəndərov, millət vəkili
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ