İnsanlara hürriyət, millətlərə istiqlal!

Mikael Ağasandyan: Ermənistan İttifaq Müqaviləsini pozarsa….

Ermənistanın Avropa İttifaqına inteqrasiya istiqamətində atdığı addımlar Avrasiya İqtisadi İttifaqı (Aİİ) qarşısındakı öhdəlikləri ilə ziddiyyət təşkil edə bilər və bu halda Aİİ özünü müdafiə etmək üçün hüquqi mexanizmlərə malikdir.

Musavat.com erməni mediasına istinaədn xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə Birinci Departamentinin direktoru Mikael Ağasandyan danışıb.

“Ermənistan Aİİ-nin mühüm üzvüdür və onun Avropa İttifaqı ilə yaxınlaşması bizi narahat etməyə bilməz. Çünki Avropa İttifaqı açıq şəkildə Rusiyaya qarşı yönəlmiş mövqe tutur”, -deyə Ağasandyan bildirib.

O, Ermənistan parlamentində qəbul olunan Aİ-yə üzvlük barədə qanunun hələlik deklarativ xarakter daşıdığını qeyd etsə də, bu istiqamətdə davam edən proseslərin Aİİ hüququ ilə ziddiyyət təşkil edə biləcəyini vurğulayıb:

“Avropa İttifaqının tələbləri – xüsusilə gömrük, tariflər, texniki tənzimləmə, ticarət siyasəti və sanitar standartlar sahəsində – bir müddətdən sonra Ermənistanın Aİİ-dəki öhdəlikləri ilə toqquşacaq. Bu sahələr Aİİ-nin ümumi bazasının əsasını təşkil edir və Ermənistan iqtisadiyyatının inkişafında mühüm rol oynayır”,-deyə Rusiya rəsmisi qeyd edib.

O, Ermənistanın hazırda Aİİ-dən çıxmaq niyyətində olmadığını da bildirib:

“Aİİ haqqında 2014-cü il müqaviləsinə görə, yalnız yazılı rəsmi bildiriş olduqda çıxış prosesi işə salına bilər. Ermənistan nə rəsmi, nə də qeyri-rəsmi olaraq belə bir niyyət ifadə etməyib. Əksinə, Aİİ çərçivəsində fəal və məhsuldar əməkdaşlıq davam edir.”
Sonda isə Rusiya rəsmisi mümkün risklərə də toxunub:

“Əgər Ermənistan gələcəkdə Aİİ hüququna zidd addımlar atarsa – yəni faktiki olaraq müqavilə pozularsa – bizdə digər üzv ölkələrin maraqlarını qorumaq üçün beynəlxalq-hüquqi müdafiə mexanizmləri mövcuddur.”

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 May 2025

BÜTÜN XƏBƏRLƏR