İnsanlara hürriyət, millətlərə istiqlal!

Metro istifadəçilərinə ŞAD XƏBƏR - Bakıya yaxınlaşır

" "Bənövşəyi" xəttin elektrik deposunun birinci mərhələ üzrə istismara verilməsinə hazırlıq işləri gedir. Eyni zamanda həmin istiqamətdə yerüstü stansiya inşa olunur. İnşaat işləri tamamlanıb, infrastruktur-təchizat məsələləri həllini tapmaqdadır. Buna paralel olaraq, həmin istiqamətdə qatarların hərəkətinin təşkili ilə bağlı işlər görülür".

Bunu Musavat.com-a "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. 

Bextiyar.jpg (170 KB)

Sözçü "Bakı Metropoliteni"ndə gözlənilən yeniliklərdən danışıb:

"Sentyabr ayı ərzində avadanlıqların quraşdırılması və ilkin sınaqları aparılıb. Yaxın 2 gün ərzində onların sazlanması, tənzimlənməsi və test rejimində yoxlanması işləri aparılacaq. Daha sonra həmin istiqamət üzrə qatarların sınaqlardan çıxarılmasına başlanacaq. Bundan əlavə, 1966-cı ildən sonra ilk dəfədir ki, "Bakı Metropoliteni"ndə elektrik deposu istifadəyə veriləcək. Bu günə qədər metronun 1 elektrik deposu var idi.

Digər vacib yenilik qatarlarla bağlıdır. Bu il Rusiyanın "Metrovaqonmaş" müəssisəsi "Bakı Metropoliteni" üçün 4 qatar (20 vaqon) istehsal etməli idi. İstehsal prosesi demək olar ki, tamamlanmaq üzrədir. Artıq 2 qatar tərkibi Bakıya yola salınıb və hazırda Rusiya ərazisində hərəkətdədir. Yaxın bir neçə gün ərzində Bakıya çatdırılması gözlənilir. Daha sonra isə növbəti 2 qatarın Bakıya yola salınmasının prosedurlarına başlanacaq. Hər 4 qatar bu il ərzində sazlanma, sınaq-tənzimlənmə işlərindən sonra xəttə buraxılacaq.

"Bakı Metropoliteni"ndə yay aylarının sonlarında gətirilmiş 6 yeni güclü ventilyatorun quraşdırılması işləri davam edir. 2 ventilyatorun quraşdırılması istiqamətində son tədbirlər həyata keçirilir. Bu il üçün nəzərdə tutulmuş 6 ventilyatorun quraşdırılmasının ən təsirli imkanlarını sərnişinlər gələn ilin yay aylarında hiss edəcəklər. Ventilyatorlar əvvəlki nəsil analoqlarından 2-3 dəfə güclü olduğundan mövcud durumda həm Metropolitenin fövqəladə hallarda yanğın təhlükəsizliyinin qorunmasına, həm də sərnişinlərin daha münasib mikroiqlim şəraitində metrodan istifadə etməsinə imkan yaradacaq. Bu tədbirlər davamlı olaraq gələn il də aparılacaq".

Aytən Novruz
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR