İnsanlara hürriyət, millətlərə istiqlal!

Mətbuatın Şuşa Zirvəsi 44 günlük savaşdan doğuldu-Azərbaycan və Türkiyənin birgə media toplantısında ilginc çıxışlar

Zahid Oruc: “Mətbuatın Şuşa Zirvəsi 44 günlük savaşdan doğuldu”

Fevralın 19-da Sosial Tədqiqatlar Mərkəzində Azərbaycan və Türkiyə arasında “Media Məkanında Strateji Əməkdaşlıq Memorandumu”nun 5 ili: Birgə Fəaliyyətə Baxış, Gələcək Hədəflər" mövzusunda dəyirmi masa keçirildi.

Sosial Tədqiqatlar Mərkəzi, Türkiyə Cümhuriyyəti başbakanlığı İletişim Başkanlığı Bakı İletişim Müşavirliyi və Azərbaycan Respublikasının Medianın İnkişaf Agentliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri, Milli Məclisin deputatı Zahid Oruc, Medianın İnkişaf Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgün, Mətbuat Şurasının sədri Rəşad Məcid, REAL Təhlil və İnformasiya Mərkəzinin baş direktoru Mirşahin Ağayev, “Teleqraf” Media Qrupunun rəhbəri Aynur Camalqızı, Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Cihangir İşbilir, Türkiyənin “Anadolu” agentliyinin Asiya və Qafqaz bölgəsi üzrə təmsilçi Tolga Özgenc, Milli Məclisin deputatları Sevil Mikayılova, Vüqar Rəhimzadə və çoxsaylı müdia nümayəndələri iştirak edirdi.

Əvvəlcə dəyirmi masa iştirakçıları Türkiyə və Azərbaycan birliyini, qardaşlığını özündə ehtiva edən videorolikə baxdılar. STM-in İdarə Heyətinin sədri Zahid Oruc Prezident köməkçisi Hikmət Hacıyevin tədbir iştirakçılarına salamlarını və təbriklərini çatdırdı. O, Türkiyə-Azərbaycan Media Platformasında önəmli roluna görə H.Hacıyevə təşəkkürünü çatdırdı. Daha sonra Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altunun tədbir kştirakçılarına göndərdiyi müraciət və təbrik dinlənildi. Müraciəti dəyirmi masanın təşkilatçılarından biri, Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Cihangir İşbilir təqdim etdi.

“Prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti cənab İlham Əliyevin nəzarəti ilə imzaladığımız "Türkiyə ilə Azərbaycan arasında Media sahəsində Strateji Əməkdaşlıq haqqında Anlaşma Memorandumu" və Birgə Media Platformasını yaratdıq. Bu, rabitə və media sahəsində əməkdaşlığımız üçün hərtərəfli yol xəritəsidir", - F.Altunun müraciətində bildirilir. Qardaş ölkəmiz Azərbaycanla media və kommunikasiya sahəsində əməkdaşlığımızı gücləndirən bu anlaşma memorandumu ilə 4 məhsuldar ili başa vurduq deyən Fahrettin Altun bildirdi ki, bu müddət ərzində həm Türk Dövlətləri Təşkilatının, həm İslam Əməkdaşlıq Təşkilatının hüdudlarında, həm də ikitərəfli əlaqələr çərçivəsində dəfələrlə görüşüb və əməkdaşlıq daha da gücləndirməyə çalışılıb: “2021-ci ildə Birgə Media Platformamızın ilk iclasını keçirməklə qərara gəldik ki, "ictimai diplomatiya", “beynəlxalq media”, “strateji kommunikasiya”, “təhsil”, “qanunvericilik və tənzimləmə”, “rəqəmsallaşma və beynəlmiləlləşdirmə” komitələri yaradılsın. Bu çərçivədə komitələrin qurulması üçün inventar və layihə işlərimiz tamamlanıb. Qısa müddətdə bu komitələri yaratmaqla ölkələrimizin qarşılıqlı tanıtımı üçün layihələrimizi həyata keçirəcəyik". F.Altun nəzərə çatdırıb ki, davam edən prosesdə institusionallaşmış birgə ictimai diplomatiya mexanizmi işin keyfiyyətini artıracaq. Xüsusilə dezinformasiyaya qarşı mübarizədə əlimizi gücləndirəcək: “Dünya ictimaiyyətinin düzgün məlumatlandırılması böyük əhəmiyyət kəsb edir. Bu çərçivədə Bakı Rabitə Məsləhətçiliyimiz, TRT və Anadolu Agentliyinin birgə səyləri ilə dost və qardaş Azərbaycanla media görüşləri, xəbərlərin paylaşılması, dezinformasiyaya qarşı birgə mübarizə və maarifləndirmə sahələrində əməkdaşlığımız fasiləsiz olaraq davam edir. Dəyərli dostlarımızın töhfələri ilə 4 mart 2025-ci il tarixində Bakıda təşkil edəcəyimiz "Daha ədalətli dünya mümkündür" adlı panel və dəyirmi masa toplantısı ilə dünyaya güclü mesaj verəcəyik".

Tədbirin moderatoru və əsas təşkilatçılarından biri Zahid Oruc çıxışında bildirdi ki, qlobal dəyişikliklər və yeni dünya təhlükəsizliyi arxitekturasının axtarıldığı bir dövrdə Azərbaycan və Türkiyə mediasının bir araya gəlməsi mühüm hadisədir: “Gəlin, əvvəlcə keçdiyimiz yola qısa nəzər salaq. Qürurlu tarixə malik Azərbaycan-Türkiyə sarsılmaz birliyi mürəkkəb formasiya və quruluşlardan keçərək son 5 ildə yeni zirvələrə yüksəlib. 150 yaşlı milli mətbuatımızın yaranması, təşəkkülü və dünya arenasına çıxması da qardaş ölkə ilə harmoniyada baş verib. Türkiyə və Azərbaycanın tanınmış mütəfəkkirləri hər zaman bir-birindən bəhrələniblər, qarşılıqlı güc alıblar. İctimai fikirdə ümumtürk idealları intibah və quruculuğa xidmət edib. Əli bəy Hüseynzadə, Əhməd Ağaoğlu, Ziya Göyalp kimi ziyalılar türk dünyasının ortaq fikir babalarıdır, çünki qaynaqları və kökləri birdir. Bəllidir ki, milli mətbuatımızın banisi Həsən bəy Zərdabi "Əkinçi" qəzetinin şriftlərini, yəni polad əlifbasını İstanbuldan gətirmişdi və ona görə də nəşrə “türk qəzeti” adını vermişdi. Cümhuriyyət və sonrakı 70 illik sovet sistemində də türkçülük ideyaları, vahid tarix, din, milli birlik şüurunun diri-canlı qalmasında hər iki ölkə mətbuatının böyük rolu olmuşdu".

Z.Oruc qeyd etdi ki, 44 günlük müharibənin ilk günündən Əliyev-Ərdoğan birliyi silahlı savaşın ağırlığını çiyinlərində daşıyan qələm ordumuza ruh verdi, mənəvi-siyasi qardaşlığın simvoluna çevrildi: “Türkiyə mətbuatı Xilaskarlıq savaşımızı gündəmdə saxlamaqla bir gün də olsun digər mövzulara öncüllük vermədilər. Obrazlı desək, hər üç məkanda-coğrafi, mavi və kibervətəndə yalnız bir duyğu və nida vardı-Azərbaycan! Ali Baş Komandanın tarixi missiyasını, 8 noyabr Zəfərini qazi Mustafa Kamalın Qurtuluş hərəkatı ilə eyni zirvədə qəbul edən mətbuat hər iki ölkənin informasiya məkanını birləşdirdilər. 2020-ci ilin 10 noyabr tarixinin Qələbə bayramı kimi rəsmiləşməsi qərarı böyük Atatürkün anım gününə düşdüyü üçün Zəfər təqviminə anındaca dəyişiklik edilməsi dövlət başçımızın türk və dünya liderinə rəğbətini, ehtiramını nümayiş etdirdi. Beləliklə, dövləmizlə və Silahlı Qüvvələrimizlə çiyin-çiyinə döyüşən mətbuat özü böyük bir ordu idi”. Z.Oruc qeyd etdi ki, mətbuatın Şuşa Zirvəsi 44 günlük savaşdan doğuldu: “Türkiyədə zəlzələ və meşə yanğınları zamanı dövlətimiz kimi təbii fəlakət səngərinə özünü birinci çatdıran da Azərbaycan mediası idi. Beləliklə, "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında" Anlaşma Memorandumu dövlət rəhbərlərinin iştirakı ilə Prezidentin köməkçisi Hikmət Hacıyev və İlətişim başkanı Fahrettin Altun tərəfindən imzalandı. Sənəd iki ölkənin döyüş meydanlarından qalibiyyətlə çıxan mediamızı vahid platformada birləşdirən məram və əqidə ortaqlığı, gələcək zəfərlərin təməl birliyi idi. Birgə Media Platforması Silahlı Qüvvələrimizin informasiya məkanında xüsusi təyinatlı missiyası, davamı, yaxud eynisidir. Vahid Media İttifaqı hərbi-siyasi müttəfiqliyimizi gücləndirən hadisədir. Ordular arasındakı ittifaq nə qədər önəmlidirsə, informasiya müharibəsini aparmağa qadir olan media güclərinin də bir araya gəlməsi bir o qədər əhəmiyyətlidir. Razılaşmada dezinformasiyaya qarşı birgə mübarizə Türkiyə ilə Azərbaycana qarşı informasiya savaşını aparan qüvvələrin eyni olmasından irəli gəlir. Bəli, bizim informasiya düşmənlərimiz də eynidir. Onlara yalnız birlikdə qalib gəlmək mümkündür". Deputat bildirdi ki, Qələbə Platformasında birləşmək möhtəşəmdir: “Müharibəni işıqlandırmağa gedənlər, özləri işıqlanıb geri döndülər! Mediamızın bayraktları vətənimizi qoruyur! 2020-ci ildən başlayan qalib Yüz İlimiz mübarək olsun!”

Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün bildirdi ki, bizim hər birimiz qarşılıqlı əlaqələrin inkişafı üçün çalışırıq: “Bu yolda mətbuatdan gözlədiyimiz hər iki ölkə barədə xəbərlərin yayılması zamanı son dərəcə diqqətli olmaqdır”. Diplomatın sözlərinə görə, qlobal səviyyədə münasibətlərə örnək olan Türkiyə-Azərbaycan əlaqələri bundan sonra daha da inkişaf edəcək və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dediyi kimi, “bu qardaşlığa heç bir amil xələl gətirə bilməyəcək”. B.Akgün qeyd etdi ki, Türkiyə-Azərbaycan birliyi dəyişən dünya nizamı fonunda son dərəcə vacibdir: “Bu gün demək olar heç kim heç kimə güvənmir. Belə bir kontekstdə Türkiyə-Azərbaycan birliyinin çox böyük önəmi var. Cənab Prezident İlham Əliyevin də dediyi kimi, Türk dünyası bizim böyük ailəmizdir. Bizim ən böyük siyasi qazancımız ölkələrimiz arasındakı birlik və həmrəyliyin daha da genişləndirilməsidir”.

Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov dedi ki, Azərbaycanla Türkiyənin media qurumlarının əməkdaşlığı çərçivəsində bu 5 il ərzində çoxsaylı birgə layihələr həyata keçirilib. Həmçinin Ankarada keçirilən Hərbi “Jurnalistika Təlim Proqramı”, eləcə də “Media Savadlılığı” layihələri çərçivəsində hər iki ölkənin media qurumları arasında faydalı fikir mübadiləsi aparılıb: “Hər il təşkil olunan ənənəvi Şuşa Qlobal Media Forumunda aktual məsələlər ətrafında təcrübə mübadiləsinin təşviqi də əməkdaşlığın önəmli aspektlərindəndir. Ölkəmiz üçün böyük əhəmiyyət daşıyan və Milli Mətbuat Gününə təsadüf edən Şuşa Qlobal Media Forumu bu sahədə əməkdaşlığa ciddi təkan verir. 2023-cü ilin oktyabrında Azərbaycanın 30-dan çox qurumunun media ilə əlaqələrdən məsul şəxslərinin Türkiyəyə səfəri təşkil olunub. Azərbaycan və Türkiyə arasındakı münasibətləri bənzərsiz əməkdaşlıq modeli adlandırmaq mümkündür. Biz bir-birimizi beynəlxalq platformalarda qətiyyətlə dəstəkləyirik. İnanıram ki, növbəti illərdə qardaşlıq əlaqələrimiz daha da möhkəmlənəcək”.

Mətbuat Şurasının sədri Rəşad Məcid bildirdi ki, hazırda informasiya dövrüdür və Azərbaycan mediası bu dövrdə ən ön sıralarda olmalıdır. Qurumun sədri müasir dövrdə süni intellektin dezinformasiya yaymasının təhlükəsindən bəhs etdi: “Hazırda süni intellekt vasitəsilə çoxlu dezinformasiya yayılır. Bununla mübarizə aparmaq üçün mediamız çox sürətli olmalıdır. Bu sahədə Medianın İnkişafı Agentliyinin fəaliyyəti danılmazdır. Onlar bu məsələlərə operativ şəkildə reaksiya verirlər. Bundan başqa, Azərbaycan və Özbəkistan arasında dezinformasiyaya qarşı mübarizə ilə bağlı bir forum da keçirilmişdi. Bunu da çox yüksək dəyərləndirirəm”.

REAL Təhlil və İnformasiya Mərkəzinin baş direktoru Mirşahin Ağayev qeyd etdi ki, dünyanın müxtəlif ölkələri, xüsusən Qərbin bəzi qüvvələri Azərbaycan vətəndaşlarının zəif nöqtələrini tapmaq istəyirlər:

“Belə vaxtda Azərbaycan və Türkiyə mediası birgə çalışmalıdır. Türkiyə və Azərbaycan mediasının üzərinə öhdəlik düşür. 1992-ci ildə biz Türkiyədən iki helikopter ala bilməmişdik. Bu gün eyni “Bayraktar”da uçuruq. Biz “Əkinçi”nin təmsilçiləriyik. Burda eyni zamanda biz “Akınçı”nın təmsilçiləriyik”.

4 saatdan artıq davam edən tədbirdə ötən illərdə görülən işlərə ekskurs edildi, həmçinin iki qardaş ölkənin media qurumları arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi, həmçinin milli maraqlarımızın qorunması naminə təkliflər səsləndirildi. Təşkilatçılar səslənən təkliflərin heç birininin diqqətdən kənarda qalmayacağını və bu kimi faydalı tədbirlərin davamlı olacağını bildirdilər.

 
 

E.PAŞASOY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Fevral 2025

22 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR