Onlayn ictimai-siyasi qəzet
Şöhrət elə bir mərəzdir ki, ona qarşısıalınmaz istəklə qovuşmaq istəyən adam hər yola, canlı yayında dombalaq aşmaqdan tutmuş ta öz adına söz çıxartdırmağa qədər hər şeyə gedə bilər. Adamın əyləc sistemi saz deyilsə, vaxtında özünü dayandıra bilmirsə, küləyin dığırladığı kətyan kolu kimi yuvarlana-yuvarlana gedəcək.
Bu dığırlanmanın isə axırı yoxdur. Necə ki kətyan kolu axırda qobuya düşür, şöhrət dalınca bərk qaçan adam da əvvəl-axır bir dikdirdən yerə gəlir.
Biz belə şeyləri çox görmüşük. 35-40 il əvvəl adı dillərdə gəzən adamlar vardı, məşhur şair, yazıçı, futbolçu, aktyor idilər, bu gün çıxaq küçəyə, bir az cavan, məsələn 40- yaşlı adamlardan soruşaq, görək onların əski şöhrətindən əsər-əlamət qallbmı. Məlum olacaq ki, onları yalnız öz kəndçiləri, rayonluları tanıyır – o da adını çəkib qürur duymaq üçün
Yəni şöhrət qalıcı bir şey deyil. Ən məşhur adamlar da unudulur – Sezar, Napoleon, Hitler, Stalin, Pele, Maradona kimilər istisnadır. Amma zaman gələcək, onlar da unudulacaq.
Ona görə də şöhrətə, populyarlığa can atmaq tarixi baxımdan əbəs şeydir. Hərçənd populyarlığın dolanışığa, pul-para qazanmağa ciddi dəxli var. Məsələn, əmin ola bilərsiniz ki, Baləli şöhrətsiz vaxtlarında bir ayda qazandığı pulu indi bir gündə qazanır. Çünki sənətkarın adı dillərdə gəzir. Trend ustasıdır. Baboş heç sənətkar da deyil, eləcə, nəyə görəsə fenomendir, ölkə ilə bir şöhrəti var, adama ev, maşın bağışlayırlar, videolarına N qədər like gəlir, baxış sayına görə pul qazanır.
Ona görə də dəb olub, ədəbi yaradıcılığa başlayan cavanlar da bir yolunu tapıb şöhrətlənmək istəyirlər. Paxıllıq pis şey olduğu üçün onlara beş-altı tövsiyə vermək istəyirəm, götürüb yararlansınlar, halal xoşları olsun.
Qısa zamanda ad çıxarmaq istəyən şair ilk növbədə Ramiz Rövşənə sataşmalıdır. Çətin iş deyil, şairin şeirlərindən birini götürürsən, bir-iki misrasını paylaşırsan və şərh yazırsan: “Siz canınız, indi burada poeziyanın P-si varmı? Necə yəni “Göy üzü daş saxlamaz”? Bunu orta məktəbdə keçmişik dəə. Nyutonun başına alma düşüb, o da ümumdünya cazibə qanununu kəşf edib. Bunu nəzmə çəkməyə nə ehtiyac vardı?”
Şair özü cavab verməyəcək, amma onun şeirlərini sevənlər, eləcə də həmyerliləri mütləq bu sözləri yazanı itdən alıb itə vercəklər. Al sana populyarlın ilk P-si.
Yazıçısansa, yazıçı Anarın yaradıcılığını yerlə bir etməklə başlamalısan, sonra 37 il AYB sədri işləməsinə ilişməlisən, arada onun personajlarını - Zaur və Təhminəni də söhbətə qatmalısan. Düzdür, müəllimin qulağı dolub, artıq belə söhbətlərə reaksiya vermir, amma yenə də bu səpkili silsilə yazılar adama populyarlıq qazandıra bilər.
Gənc yazar regionlarla işləməyi, müxtəlif ajiotajlar doğurmağı bacarmalıdır. “Səməd Vurğun elə də böyük şair deyil” deyə qazaxlıları, “Əliağa Kürçaylı nə yazıb e, bir misrasını deyin” deyə salyanlıları, “Əli Kərimin bir-iki şeiri var də, qalanlarını apar, qaytar” deyə göyçaylıları kükrətmək mümkündür. Amma “Bayram Bayramovun elə bir yazıçılığı olmayıb” deməklə ağdamlıları tərpədə bilməzsən, onlara başqa mövzuyla yanaşmalısan.
“Ləvəngini Neftçalada Lənkərandakından yaxşı bişirilər” iddiası ilə Lənkəranda babat şöhrət qazanmaq olar. Qazax-Tovuz zonasında tanınmaq istəyirsənsə, bu iki cümlə yetər: “Xəngəl nə yeməkdir ki, tərifləyirlər? Qaynadılmış xamırdır də”. Ertəsi gün pəstəhaya bax.
“Cəlilabadlı oxuyanların səsi füzulili oxuyanların səsindən daha şirindir” yazaraq iki rayonun camaatı tərəfindən asanca tanınarsan. Burada risk yalnız onunla bağlı ola bilər ki, Manaf Yusif Mustafayevi də götürüb redaksiyaya gələr və deyər, indi o da oxusun, mən də. Di, otur konsertə qulaq as.
Populyarlıq elə-belə əldə olunmur, bunların hamısını yavaş-yavaş, amma ardıcıllıqla etməlisən. Mabədi də var. Arada muğamı “ağlaşma-şivən” adlandırmalısan, saz alətini “sındırmalısan”, meyxananı “vurmalısan”. Belə mətləblərə həssas olan camiə adını isimin bütün hallarında səsləndirəcəklər, əmin ol.
Sonra keçirsən məşhur filmlərə, hamısına ağız büzürsən, məzmunlarını ora-bura yozursan, aktyorları bəyənmirsən, rejissorların işini “primitiv” adlandırırsan, o filmlərə böyümüş insanlar biganə qalmayacaqlar.
Əsas məsələ xalq içində hörməti olan, sevilən sənətkarlara babat ilişməkdir.
Bir də görəcəksən ki, hamı səni tanıyır, sadəcə, sevən var, sevməyən var. Elə ki, şöhrəti yaxaladın, bir-iki qeyrətli, xalqcanlı çıxış da edirsən (məsələn, “uşaqpulu niyə verilmir”, “quru sərhədlər açılmalıdır”-zad), dünənə qədər adını çəkib söyənlər deyirlər, xalqın adamı belə olar. Beləcə, Səməd Vurğunun böyük şair, xəngəlin yaxşı yemək olmadığı, ləvəngini neftçalalıların daha yaxşı bişirdiyi barədə dediyin sözlər yaddan çıxıb gedir.
Toy edəndə də Yusiflə Manafı çağırırsan, ikisi də gəlir, pulsuz oxuyur.
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ