Onlayn ictimai-siyasi qəzet
Aristotel bizim eramızdan əvvəl yaşayıb. Qədim yunan filosofu hələ o dövrdən dünyanın mövcud və gələcək dahiləri haqqında belə bir ifadə işlədib: “Bütün dahilər bir az dəlidir...”
Əgər dünyanın tanınmışlarının həyatına nəzər yetirsək şahidi olarıq ki, Aristotel həqiqətən də öz deyimində haqlı olub.
Məşhur ingilis şairi Bayron heyvanlara xüsusi həssaslıqla yanaşıb. Hətta o, özü üçün kiçik bir heyvanxana da yaradıb. Ancaq Bayron özünün bütün sevgisini heyvanlara bəxş etməyib. Qadınlarla əylənməyi sevən və məşuqələrinin sayı-hesabı bilinməyən məşhur qeyri-adi kolleksiyaya malik olub. Bayron əlaqədə olduğu bütün qadınların intim yerlərindən götürülmüş tüklərdən “zəngin” kolleksiya yaradıb və onu “İntim kolleksiyası” adlandırıb.
Dahi alman bəstəkarı Bethovenin ən böyük problemlərindən biri üz qırxmaq olub. O, üz qırxmağı yaradıcılığına mane olan ən ciddi amil sayıb. Bu səbəbdən də onun üçün üz qırxmaq əsl işgəncəyə çevrilib. Məşhur bəstəkar ilhamını coşdurmağın qeyri-adi üsulunu da kəşf edib. Belə ki, o yaradıcılıq işlərinə başlayanda başına bir vedrə buzlu soyuq su töküb. Bethovenin kaprizləri xidmətçiləri bezdirsə də onlar susmağa məcbur olublar. Bəstəkar təkid edib ki, ona qəhvə hazırlanarkən 64 qəhvə dənəsindən istifadə olunmalıdır. Qeyri-adi həyat tərzi sürən Bethovenin ölümünün səbəbi də uzun müddət həkimlərin və ictimaiyyətin müzakirə və mübahisələrinə səbəb olub. Bəziləri onun sifilis xəstəliyindən, digərləri isə alkoqolun təsirindən yaranmış serozdan öldüyünü bildiriblər.
Böyük alman şairi və dramaturqu Fridrix Şillerin ilham mənbəyi çürümüş almalar olub. O, yazı masasının üstündə və ətrafında xarab olmuş və iylənmiş almalar saxlayıb. Şillerin daha bir qeyri-adiliyi ondan ibarət olub ki, o, öz otağının bütün divarlarından qırmızı pərdələr asıb. Məşhur dramaturq əsərlərini yazarkən ayaqlarını buzlu suda saxlayıb.
Məşhur fransız yazıçısı Mopassan da özünəməxsus kaprizləri ilə fərqlənib. Yazıçının ən zəhləsi getdiyi yer Parisin vizit kartı sayılan Eyfel qülləsi olub. Hansısa səbəbdən milyonların ziyarət etdiyi bu qüllə yazıçını qıcıqlandırıb. Amma buna baxmayaraq Mopassan öz istirahətini məhz bu qüllədə yerləşən restoranda keçirib. Bu haqda ondan soruşanda cavabı çox maraqlı olub:
“Eyfel qülləsi yeganə yerdir ki, buradan Eyfel qülləsi görünmür”.
Məşhur ingilis alimi Nyutonun qeyri-adilikləri ilə yanaşı hiyləgərliyi də olub. Alimin evinə qonaq gələnlər hər dəfə giriş qapısının ağır açılmasını və cırıltısını hiss ediblər. Nəhayət, qonaqlardan biri qapının çox cətinliklə açılmasını Nyutona söyləyərək onu dəyişməyi məsləhət görüb. Nyuton isə qapını heç vaxt dəyişməyəcəyini deyib:
“Mən heç vaxt qapımı dəyişməyəcəm. Ona görə ki, hər dəfə qonaqlarım giriş qapısını açanda mənim su çənimə litrlərlə su dolur...
Belə ki, Nyuton quyudan su çəninə vedrəni qaldıran ipi qapının görünməz hissəsinə bağlayıb.
Dahi fizik Eynşteyn də öz qeyri-adi qəribəlikləri ilə ətrafdakılarını təəccübləndirib. Bütün dünyada tanınan bu dahi gənclik illərindən sonra heç vaxt corab geyinməyib. Bunun səbəbini isə qısa və konkret izah edib:
“Mənim ayağımın baş barmağı uzundur. Corab geyinəndə həmin barmaq corabı deşir. Belə olan halda corab geyinməyə dəyərmi?”
Eynşteyn oxumaqdan, eşitməkdən, baxmaqdan daha çox dərindən fikirləşməyə, düşünməyə üstünlük verib. Bu da bir çox hallarda onun həyatında bəzi qeyri-adi hadisələrə səbəb olub. Belə ki, o, öz laboratoriyasından qısa müddətə harasa gedəndə “Eynşteyn 1 saatdan sonra olacaq” yazılmış kağızı qapının üstünə yapışdırıb. Alim bəzən o qədər dərindən düşüncələrə, fikirlərə qərq olub ki, özü də geri qayıdanda qapının üstündəki həmin yazını oxuyub laboratoriyanın qarşısındakı skamyada əyləşib bir saat gözləyib.
Siyasi məşhurlar da bir çox kaprizləri, qəribəlikləri ilə yadda qalıblar.
Dünyanın ən çox öyrənilən 100 şəxsiyyəti siyahısında yer alan Adolf Hitler dünya iddialı siyasətçi olmaqla yanaşı, həm də qeyri-adilikləri ilə də fərqlənib. Fürer fürsət düşdükcə insanların ovuclarına baxmağa can atıb. Hətta Hitler məşhur insanların ovuclarının şəkillərindən ibarət kolleksiyaya da malik olub.
İkinci Dünya müharibəsi zamanı Alman faşizminə qarşı mübarizədə xüsusi fəallığı və çəkisi olan Uinston Çörçill böyük müharibənin hər üzünü görsə də, “kiçik” müharibələrə də böyük maraq göstərib. Belə ki, baş nazir aşırı dərəcədə hərbi oyuncaqların həvəskarı olub. Bəzən o, vaxt məhdudiyyətinə baxmayaraq iş masasının üstündə oyuncaq hərbi texnikalarla, əsgər fiqurları ilə müharibə oyunu oynayıb. Nəhəng siyasətçinin bu hərəkəti kənardan uşaqların “dava-dava” oyununa bənzəyib.
İlham Cəmiloğlu, Musavat.com
03 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ